Əsas məzmuna keç

Məryəm surəsi - 35-ci Ayə

Surə 19
Ayə 35

Azərbaycan dilində tərcümə

Allaha övlad götürmək yaraşmaz (bu, ağıl baxımından qeyri-mümkün, şəriət baxımından qəbul edilməzdir). O, (qadın və övlada möhtac olmaqdan) pakdır. (Çünki) bir işin olmasını qəti istəyəndə ona «ol!» deyən kimi olur.
Məryəm surəsi , 35-ci ayə
Məryəm surəsi 35-ci ayə
Tam Surə

Məryəm surəsi 35-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 35

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Allahın özünə övlad götürməsi Ona layiq deyil. O, pak-pakizədir. Bir iş görmək istədikdə elə ki, «ol» deyər, dərhal olar.”

Nöqtələr
Ötən bir neçə ayədə İsa yeddi üstün sifət və iki proqramla tanıtdırıldı. Həmin sifətləri nəzərdən keçirək: Allaha bəndə olması, səmavi kitab gətirməsi, peyğəmbərliyi, mübarəkliyi, anaya yaxşılığı, qəddar olmaması, təvazökarlığı (haqşünaslığı və səadət əhli olması).
Həzrət İsanın iki proqramından biri namaz, digəri zəkat idi. Ayədə buyuruldu ki, İsa haqqındakı doğru söz hazırda deyilənlərdir.
Allah-təala Quranda məsihilərin öz yollarını azdığını və Həzrət İsa haqqında düzgün düşünmədiklərini dəfələrlə bəyan etmişdir. "Maidə” surəsinin 73-cü, "Tövbə” surəsinin 30-cu ayələrində uyğun nöqtələr tənqid olunur. Hazırda isə həzrət İsanın həqiqi siması bəyan edilir, doğru yol göstərilir.
Allahın istəyinin gerçəkləşməsi üçün heç "ol” sözünə də ehtiyac yoxdur. Amma Allah bizə anlatmaq üçün bu şəkildə bəyan edir.
Allah mütləq qüdrət sahibidir və yaradarkən heç bir vasitəyə ehtiyac duymur. Onun sonsuz qüdrəti aciz olmamasının və övlad götürməməsinin dəlilidir.


QURAN VƏ MƏSIH
Məkkə kafirlərinin İslam peyğəmbərinə qarşı ciddi təzyiqlərindən sonra bir qrup müsəlman Cəfər ibn Əbi-Taliblə birlikdə Həbəşəyə hicrət etdi. Qüreyş katibləri dedilər: "Əgər müsəlmanlar orada mövqelərini möhkəmləndirsələr və hökumət qursalar, bizim bütpərəstliyi məhv edəcəklər.” Onlar Əmr Asla birlikdə bir dəstəni Nəcaşinin vəzirləri üçün qiymətli hədiyyələrlə Həbəşəyə göndərdilər. Onlar hədiyyələr vasitəsi ilə Nəcaşini mühacir müsəlmanlara qarşı qaldırmaq istəyirdilər. Onları dinləyən Nəcaşi qərara gəldi ki, özü şəxsən müsəlmanları hüzuruna gətirib onların sözünü dinləsin.
Həbəşə padşahının hüzurunda Cəfər müsəlmanların adından çıxış etdi. O, bütpərəstlik bəlasından, xurafatdan, cahiliyyət təcavüzkarlığından, İslamın gəlişindən, Məhəmməd (s) dininin nurundan elə danışdı ki, Nəcaşi ağladı. O, kafirlərin hədiyyələrini qaytarıb dedi: "Mənə qüdrət verən Allah məndən rüşvət almadı. Nə üçün mən sizdən rüşvət almalıyam?!”
Bu məclis müsəlmanların xeyrinə, kafirlərin zərərinə başa çatdı. Əmr As bu məğlubiyyətdən sonra çox götür-qoy edib, səhəri gün yeni bir təklif verdi. O, Nəcaşinin dini hislərini qızışdırmaq üçün dedi: "Müsəlmanların əqidəsi sizin əqidənizə ziddir.”
Nəcaşi növbəti dəfə müsəlmanları hüzuruna gətirib, onların həzrət Məsih haqqındakı əqidələrini soruşdu. Cəfəri-Təyyar onun cavabında Qurani-kərimin "Məryəm” surəsinin ayələrini tilavət etdi. Quranın nurani ayələrini eşidən Nəcaşi göz yaşı axıdıb dedi: "Deyilənlər həqiqətdir.”
Əmr As növbəti rüsvayçılıqdan sonra yeni bir təklif vermək istədikdə Nəcaşi ona möhkəm bir sillə vurdu.("Ər-rəhman”, 26, 17;)

Bildirişlər
1. Azğınlar və çaşqın əqidələr qarşısında doğru yolu göstərmək lazımdır.
2. Övlad sahibi olmaq Allahın şəninə uyğun deyil. (Çünki övlad istəyini doğuran ya ömrümüzün məhdudluğu, ya insan qüvvəsinə ehtiyacımız, ya da ruhumuzun tələbidir. Allah isə bütün bu sifətlərdən pak-pakizədir.
3. Allahın heç bir övladı yoxdur. (Bəzilərinin düşündüyü kimi mələklər Allahın qızı, İsa Allahın oğlu deyil.)
4. Övlad atanın növündən olmalıdır. Allahınsa uşağı yoxdur.
5. Başqalarının xoşagəlməz sözlərini nəql etdikdə dərhal zehnimizi təmizləyək.
6. Təkcə İsa atasız və ya Adəm ata-anasız yaranmayıb, hər bir şey Allahın iradəsi ilə vücuda gəlir.
7. Allahın istəyi ilə bir şeyin gerçəkləşməsi arasında vaxt ötmür.
8. Mövcudların Allahla rabitəsi ata-övlad rabitəsi yox, xaliq-məxluq rabitəsidir.