NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 42
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"O (İbrahim), atasına dedi: «Ey ata! Nə üçün eşidib görməyən və sənin heç bir ehtiyacını ödəməyən bir şeyə pərəstiş edirsən?»”
Nöqtələr
Həzrət İbrahimin ana-atası dünyasını dəyişmişdi. Quranda İbrahimin atası kimi tanıtdırılan şəxs onu himayəsinə götürmüş əmisi Azər və ya anasının əri idi.("Tövbə”, 114)
Əhli-beyt rəvayətlərində də bildirilir ki, həzrət İbrahimin atası tək Allaha inanırdı və ayədə "əb” dedikdə onun əmisi nəzərdə tutulmuşdur.
Ərəb dilində "əb” sözünün geniş mənası var. Bu söz müəllim, tərbiyəçi, hətta qayınataya da aid edilə bilər. Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə buyurulur: "Mən və Əli bu ümmətin atalarıyıq.”("Bəqərə”, 256. )
Bildirişlər
1. İbrahimin öz əmisi ilə söhbətləri xatırlanası və dəyərləndiriləsi söhbətlərdir.
2. Pisliyə qadağa qoyarkən öz yaxınlarımızdan başlayaq.
3. Nəhy əz münkərdə yaş məhdudiyyəti yoxdur. (Oğul ehtiramı gözləməklə ailə başçısını pislikdən çəkindirə bilər.)
4. İnsanların kamilliyi onların yaşından asılı deyil. Bəzən övlad evdəki böyüklərdən daha anlaqlı olur.
5. Təlim-tərbiyə ümumi olmaya da bilər. Bəzən fərdin özünə nə isə demək lazım gəlir.
6. Nəhy əz münkər zamanı, pisliyə qadağa qoyarkən suallar ünvanlamaqla insanların vicdanını mühakiməyə çəkək.
7. Nəhy əz münkərə etiqadi məsələlərdən başlayaq. (Təəssüf ki, biz, adətən, əxlaqi və ictimai büdrəmələrə daha çox vaxt ayırırıq).
8. Haqq yolu hisslərə fəda etməyə, qohumluq bağlılığı nəhy əz münkərə mane olmamalıdır.
9. Bütpərəstlik mələkpərəstlikdən, insanpərəstlikdən, inəkpərəstlikdən də pisdir. Çünki bütlər görüb eşitmir, heç bir şüura malik deyil.