NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 51
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Bu kitabda Musanı yad et. Çünki o, xalis bir bəndə və göndərilmiş peyğəmbər idi.”
Nöqtələr
"Müxlis” dedikdə yalnız Allahın razılığı üçün iş görən şəxs nəzərdə tutulur. Amma belə bir şəxsə şeytanın təsir göstərib onu şirkə çəkməsi mümkündür. Bir çoxları əzab və təhlükə zamanı müxlis olsa da, təhlükə sovuşduqdan sonra şirkə meyl edirlər. "Muxləs” dedikdə isə şeytanın nüfuz edə bilmədiyi seçilmiş insanlar nəzərdə tutulur.("Taha”, 41.)"Təfsiri-kəşşaf”da bildirilir ki, "müxlis” Allah üçün çalışan, "müxləs” isə Allahın Özü üçün xalis edib seçdiyi kəsdir. Belələrinə Allahdan başqa kimsə təsir edə bilmir.
Musanın seçilməsi gerçəkliyi ilə başqa ayələrdə də rastlaşırıq: "Mən səni seçdim.”("Təfsire-Əl-mizan”; "Təfsire-nurus-səqəleyn”. ); "Mən səni özüm üçün seçdim.”(Sad”, 45)
Həzrət Musa həm rəsul, həm də nəbi idi. "Nəbiyy” dedikdə mələyin səsini eşidib, özünü görməyən kəs nəzərdə tutulur. "Rəsul” isə səs eşitməklə yanaşı mələyi müşahidə edir.("Təfsire-Əl-mizan”. )
Bildirişlər
1. Böyük şəxsiyyətləri xatırlamağın tərbiyəvi və nümunəvi təsirləri var.
Peyğəmbərlərin tarixi, onların apardıqları mübarizə yolu, ilahi sünnələr və qeybi yardımlarla tanışlıq təcrübə və ibrət üçün zəmindir, eləcə də təsəlli amilidir. (Xüsusi ilə də həzrət Musanın yüzlərlə ayəni əhatə etmiş macəralı tarixi.)
2. Mənəvi dəyərlər xatirə meyarıdır.
3. Xalislik (ixlas) mənəvi məqamlara çatmaq zəminidir.
4. Peyğəmbərlər məsumdur və şeytan onlara nüfuz edə bilmir.
5. Allah risalətin tamamlanması, peyğəmbərlik missiyasının başa çatdırılması üçün bir qrup insanı xalis (müxləs) etmişdir.("Nisa”, 164.)