NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 8
MÖHSÜN QƏRAƏTİ
27.03.2026
"(Zəkəriyya) dedi: «Pərvərdigara! Zövcəm sonsuz, mən isə qoca və zəif ikən oğlum necə ola bilər?»”
Nöqtələr
Quran ayələrində irs dedikdə bəzən elm, bəzən hökumət nəzərdə tutulur.("Təfsire-nurus-səqəleyn”.) Amma xüsusi bir dəlil olmadıqda irs sözü mal-mülk kimi başa düşülməlidir. Hazırkı ayələrdə "yərisuni” dedikdə atadan irs ötürən övlad nəzərdə tutulur.("Təfsire-kəbire-Fəxr Razi”)
Peyğəmbər (s) buyurmuşdur: "Allahın mömin bəndələrinin mirası atanın ölümündən sonra Allaha ibadət edəsi saleh övladdır.” Sonra həzrət bu ayəni tilavət buyurdu.("Təfsire-Məcməül-bəyan”. "Bihar”, c. 14, s. 176)
"Rəziyy” sözü həm Allahın, həm də xalqın sevimlisi olmaq mənasını bildirir. Allahın insandan və insanın Allahdan razılığı məqamların ən üstünü və ən əzəmətlisidir.
"Min qəblu səmiyya” cümləsi iki cür anlaşıla bilər: Həmin vaxtadək kimsəyə Yəhya adı qoyulmamışdır və ya bu sayaq xüsusiyyətlərə malik şəxsiyyət olmamışdır.
"İtiyya” dedikdə həddi keçmək başa düşülür və qocalıq səbəbindən qəddi qurumuş şəxs belə adlandırılır.
Zəkəriyya soruşur ki, onlar cavanlaşacaqlar, yoxsa elə pir yaşında övlad sahibi olacaqlar?(Təfsire-Əl-mizan”. ) Bəli, peyğəmbərlərin də biliyi məhduddur. Nəyəsə təəccüb etmələri onların peyğəmbərlik məqamına zidd deyil.
İmam Baqir (ə) buyurur: "Övlad müjdəsindən Yəhyanın dünyaya gəlişinədək beş il vaxt ötdü.(Təfsire-Əl-mizan”. )
Bildirişlər
1. Peyğəmbərlərin müqəddəsliyi ilə övlad istəyi kimi fitri meyllər arasında ziddiyyət yoxdur.
2. Peyğəmbər yolunu izləmək mənəvi bir dəyərdir.
3. Peyğəmbərlər də adi insanlar kimi irs qoyur.
4. İlahi insanlar hətta maddi ehtiyaclarına münasibətdə mənəvi dəyərlərə diqqət yetirirlər.
5. Allahın razılığına səbəb olmuş övlad rəhmətdir.
6. Övladın salehliyi və yaxşılığı üçün o, nütfə halına düşməmiş dua etmək lazımdır.
7. Allahdan saleh övlad istəyək.
8. Ad qoyulması sadə bir məsələ deyil. Bəzi adlar Allah tərəfindən nazil olmuşdur. (Ad əqidə və mədəniyyət, əlaqə və bağlılıq, məqsəd və amil, baxışların nişanəsidir.)
9. Sonsuz kişilər və qadınlar Allahın lütfündən məyus olmasınlar.
10. Övladın oğlan və ya qız olması Allahın əlindədir.