NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 23
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşlarınızın qızları, bacılarınızın qızları, sizə süd vermiş analarınız, süd bacılarınız, arvadlarınızın anaları, arvadlarınızın öz ağuşunuzda tərbiyə etdiyiniz qızları ilə (evlənmək) sizə haram olmuşdur. Anaları ilə yaxınlıq etdiyiniz qızlarla yox, anaları ilə yaxınlıq etmədiyiniz qızlarla evlənməyinizin eybi yoxdur. Nəslinizdən olan oğlanlarınızın arvadları və eyni vaxtda iki bacı ilə evlənmək də haram edildi. Əvvəllərdə baş verənlər istisnadır. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
Nöqtələr
Bu ayədə insana məhrəm olan və izdivac haram sayılan qadınların adları sadalanmışdır. Məhrəmlik və izdivacın haramlığı üç yolla hasil olur: doğum (nəsil əlaqəsi); izdivac (səbəb rabitəsi); süd əmmə (süd rabitəsi).
Əvvəlki dinlərdə də məhrəmlərlə izdivac haram olmuşdur.(Tövrat, "Sifre-Laviyan,” b. 18, a 6-23. )
Məhrəm olmayanlarla izdivac ailə rabitələrini genişləndirir.
İki bacı ilə eyni vaxtda evlənmək, adətən, onlar arasında şəxsi və cinsi həsəd və rəqabət yaradır. Eləcə də, bacılar arasında ədavət güclənir. Belə bir izdivac zikr olunmuş səbəbə görə haram buyurula bilər.
Bildirişlər
1. Bir şeyin haram-halal buyurulmasının ixtiyarı yalnız Allahındır.
2. Ana südü anadan doğulma kimi məhrəmlik səbəbidir. Dayə seçərkən diqqətli olaq.
3. Arvadlarınızın əvvəlki ərlərindən olan qızlarına öz qızınız kimi baxın və onları tərbiyə edin.
4. Qanun verildiyi vaxtdan qüvvəyə minir. Qanuna qədər iki bacı ilə evlənənlər günahkar sayılmasa da, bu qanun verildikdən sonra bacılardan biri boşanmalıdır.