Əsas məzmuna keç

Ən-Nisa surəsi - 35-ci Ayə

Surə 4
Ayə 35

Azərbaycan dilində tərcümə

(siz, ey şəriət hakimləri, yaxud ey qövmün ağıllıları ) əgər o ikisinin (ər ilə arvadın) arasındakı çəkişmə və ziddiyyətdən qorxsanız, onda bir hakim kişinin ailəsindən və bir hakim qadının ailəsindən göndərin ki, əgər (aranı) düzəltmək qəsdləri olsa, Allah o ikisinin arasında uyğunluq yaradar. Həqiqətən Allah bilən və xəbərdardır.
Ən-Nisa surəsi , 35-ci ayə
Ən-Nisa surəsi 35-ci ayə
Tam Surə

Ən-Nisa surəsi 35-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 35

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər onların (ərlə arvadın) ikisi arasında ayrılıqdan qorxsanız, ər ailəsindən bir, arvad ailəsindən bir hakim seçin (bu yolla ixtilaf öz həllini tapsın). Həmin iki nəfər islah fikrində olsalar, Allah o iki nəfər arasında razılıq yaradar. Çünki Allah (hamının niyyətindən) xəbərdar və agahdır.”
Nöqtələr
Bu ayə ərlə arvad arasındakı ixtilafı aradan qaldırmaq, boşanmanın qarşısını almaq üçün aşağıdakı imtiyazlara malik olan ailə məhkəməsi təyin edir:
1. Hakimlər hər iki ailədən olmalıdır ki, bu işə daha çox can yandırıb, xeyirxahlıq göstərsinlər.
2. Bu məhkəmənin büdcəyə ehtiyacı yoxdur.
3. Bu məhkəmədə ixtilafların həlli sürətlə, heç bir sənəd hazırlanmadan, idarə süründürməçiliyi olmadan həll olunur.
4. Bu məhkəmədəki söhbətlər biganələrə çatmır. Əxlaqi məsələlər tərəflərin öz arasında qalır.
5. Hakimlər qohumlar olduğundan onlara etimad göstərilir.
İstənilən bir problemin həlli üçün hakim seçmək olar. İmam Baqir (ə) Həzrət Əlinin (ə) Siffeyndə həkəmiyyəti qəbul etməsinə qarşı çıxanlara bu ayəni tilavət etmişdir.("Təfsire-Nurus-səqəleyn”; "Ehticace-Təbərsi”, c. 2, səh. 58)
İmam Sadiqdən (ə) "hakimlər seçin” ifadəsi haqqında soruşulduqda həzrət buyurdu: "Bu hakimlər qarşı tərəflərdən icazə almamış boşanma hökmü verə bilməzlər.”("Kafi”, c. 6, səh. 146. )
Bildirişlər
1. İş baş verməmiş çarə görmək lazımdır. Hakimlər seçiminə başlamaq üçün ayrılıqla bağlı nigaranlıq kifayətdir.
2. Nə qədər ki, ayrılıq qorxusu yoxdur, başqalarının ailə həyatına müdaxilə etməyək.
3. Boşanmaya xatir qorxmağa və nigarançılığa dəyər.
4. Ərlə arvad iki bədəndə bir ruhdur. Ayədəki "şiqaq” sözü bir həqiqət ikiyə parçalandıqda işlədilir.
5. Ərlə arvadın münasibətlərini islah etmək üçün dərhal addım atmaq lazımdır. "Fəbəsu” ("seçin”) sözünün əvvəlindəki "fa” hərfi sürət əlamətidir.
6. Cəmiyyət ailə ixtilaflarına görə məsuliyyət daşıyır.
7. Ailə ixtilaflarının həllində yaxınların daha çox məsuliyyəti var.
8. Hakim seçimində qadın və kişi eyni haqqa malikdir.
9. Cəmiyyətdə kiməsə etimad göstərib onların hakimliyini qəbul etməliyik.
10. Xalqın problemlərini xalqın köməyi ilə həll edək.
11. Küsənləri barışdırmaqda ümidsiz və biganə olmayaq.
12. Nə qədər ki, nigaranlıq yoxdur, hay-küy qaldırmayaq. Hərə üçün bir hakim kifayətdir.
13. İslam şura və ağsaqqallıq kimi məsələlərə diqqətlidir.
14. Hər məsələdən ötrü qaziyə müraciət etməyin, özünüz öz aranızda həll yolu tapmağa çalışın.
15. Harada haqq və hüquqdan söhbət gedirsə, qarşı tərəflər orada olmalıdırlar.
16. Ərlə arvad seçilmiş adamların hakimliyini qəbul etməlidir. Hakimə itaət onun seçim şərtidir.
17. Hakim seçərkən onların agahlığına, sirr saxlamasına, islahçıllığına diqqət yetirmək lazımdır.
18. Xoş niyyət və islah arzusu olan yerdə ilahi tövfiq köməyə gəlir.
19. Qəlblər Allahın əlindədir.
20. Öz ağıl və tədbirinizlə qürrələnməyin. Allahdan tövfiq istəyin.
21. Ailə islahında Quranın göstərişləri ilahi elm və hikmətə əsaslanır.
22. Xoş niyyətdə olmaq lazımdır. Çünki Allah bütün niyyətlərdən xəbərdardır.