NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 83
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Onlara (münafiqlərə) aman və ya qorxu haqqında bir xəbər gəldikdə onu faş edib yayırlar. Halbuki onu (yaymazdan qabaq) peyğəmbər və öz iş başçılarına bildirsəydilər, şübhəsiz, onlar düşüncə və dəlil əhli olduqlarından həqiqəti anlayardılar. Əgər Allahın fəzl və rəhməti sizə olmasaydı, bir qisminiz istisna olmaqla, şeytana itaət edərdiniz.”
Nöqtələr
Gizli xəbər və şayiələrin yayılması daimi müsəlmanlara zərbə vurmuşdu. Sadəlövhlük, intiqam, zərbə vurmaq, vasitə olmaq, maddi tamah, özünü göstərmək, məlumatları faş etmək adətən sirlərin açıqlanmasına səbəb olur. İslam hərtərəfli bir din olduğundan bu məsələyə yer ayırıb uyğun ayədə hərbi sirlərin açıqlanmasını məzəmmət edir. Qələbə və ya məğlubiyyət xəbəri rəhbərə verilməmiş yayılırsa, bu, yersiz qürur və əsassız qorxu amilidir. Əgər ilahi xəbərdarlıqlar və diqqət olmasaydı, müsəlmanlar bu yolda şeytanın hədəfinə daha çox tuş gələrdilər.
İmam Sadiq (ə) buyurmuşdur: "Bizim sirrimizi faş edən kəs üstümüzə qılınc çəkmiş kəs kimidir.”("Vəsail”, c. 28, səh. 197. )
İmam Baqir (ə) buyurmuşdur: "Ayədə dəlil əhli deyilərkən məsum imamlar nəzərdə tutulur.”("Vəsail”, c. 27, səh. 200. )
Bildirişlər
1. Əmniyyətlə bağlı məlumatların sirr saxlanılması və qorunması müsəlmanların vəzifəsidir. Bu sayaq sirləri faş etmək haramdır.
2. Şayiələr yaymaq münafiqlərin üsuludur. (Əvvəlki ayələrə görə.)
3. Cəbhə xəbəri və hərbi sirr əvvəlcə rəhbərliyə çatdırılmalı, götür-qoydan sonra məsləhət olarsa yayılmalıdır.
4. Avam və sadə xalq sübut əhlinə müraciət etməlidir.
5. Əmr sahibləri ("ulul-əmr”) möminlərin öz arasından olmalıdır.(ərəbcə)
6. Müsəlmanların hökuməti, təşkilatı və rəhbəri olmalıdır. Əmr sahibi dövlət, hökumət və qüdrət sahibidir.
7. Hərbi, siyasi və təhlükəsizliklə bağlı məsələlər ictihad və düşüncə sahibi olan müdiriyyətin nəzarəti altında olmalıdır.
8. Təhlükəsizlik xəbərlərinin və ictimai sirlərin nəzarət altında saxlanılması, taleyüklü xəbərlərin toplanılması üçün təşkilatın təsisi, zəruri məlumatların xalqa çatdırılması rəhbərlik vəzifələrindəndir.
9. Vilayət və fəqihlik arasında sıx rabitə var. Əmr sahibi düşüncə əhli olmalıdır.
10. Mahiyyətin dərki (istinbat) təkcə fiqhi hökmlərə aid deyil.
11. Xəbərlərin cərəyanı və onların araşdırılmasında səlahiyyətli mərcənin qərar verilməsi yolu ilə fitnənin aradan qaldırılması ilahi fəzl və rəhmət nümunələrindəndir.
12. Allahın rəsulu və əmr sahiblərinin xalqın müraciət yeri kimi təyini və xalqın şeytana itaətdən xilas edilməsi Allahın ən böyük fəzl və rəhmətidir.
13. Düzgün mərkəzləşmə çaşqınlığa mane olur. Rəhbərsiz cəmiyyət şeytanın tilovuna düşür.
14. Hərbi xəbərlərin yayılması və ilahi rəhbərlərə müraciət edilməməsi şeytana itaətdir.
15. Xalqın əksəriyyəti şayiələrə uyur.