Əsas məzmuna keç

Ən-Nisa surəsi - 82-ci Ayə

Surə 4
Ayə 82

Azərbaycan dilində tərcümə

Bəs məgər onlar bu Qur’anın (maarifi) barəsində düşünmürlər?! Əgər o, Allahdan qeyrisi tərəfindən olmuş olsaydı, şübhəsiz, onda çoxlu ziddiyyət tapardılar.
Ən-Nisa surəsi , 82-ci ayə
Ən-Nisa surəsi 82-ci ayə
Tam Surə

Ən-Nisa surəsi 82-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 82

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

"Nə üçün Quranın mənaları haqqında düşünmürlər? Əgər bu Quran Allahdan qeyrisi tərəfindən gəlmiş olsaydı, şübhəsiz, onda bir çox ixtilaflar tapardılar.”

 

Nöqtələr
Peyğəmbərə ünvanlanan böhtanlardan biri də bu idi ki, guya Quranı həzrət Məhəmmədə (s) bir başqası öyrətmişdir.(Bax: "Nəhl”, 103. )
Adətən, bəşər övladının sözlərində və yazılarında zaman keçdikcə dəyişikliklər olur, islahlar aparılır, təzadlar üzə çıxır. Amma iyirmi üç il ərzində döyüş və sülh, qüdrət və zəiflik, qürbət və şöhrət kimi müxtəlif şəraitlərdə nazil olmuş Quranda heç bir ixtilaf və ziddiyyət mövcud deyil. Bəli, Quran dərs oxumamış bir şəxsin dilindən nəql olunmuşdur. Bütün bunlar Quranın bəşər yox, Allah kitabı olduğunu sübuta yetirir.
Allah-təala əmr edir ki, hamı bütün əsrlərdə Quranın mənaları haqqında düşünsün. Bu, müxtəlif dövrlərdəki alimlərin Qurandan müəyyən nöqtələri anlayacağına işarədir. Həzrət Əli (ə) Quran mənalarının nəhayətsizliyi haqqında buyurur: "Quran, zənginliyi dərk olunmayan bir dəryadır.”("Nəhcül-bəlağə”, xütbə. 198. )
Bildirişlər
1. Quranın mənaları haqqında düşünməmək Allahın məzəmmətinə səbəb olur.
2. Quranın mənaları haqqında düşüncə nifaqın, qarşıdurmanın şəfalı məlhəmidir.
3. İslamda Qurana qovuşma yolu təqlidçilik yox, düşüncədir.
4. Quran hamını düşüncəyə səsləyir. İnsan dərrakəsi ilahi maarifi dərk etmək gücündədir.
5. Quranda ziddiyyət və ixtilaf olmasını güman etmək səthi baxış və diqqətsizlik nəticəsidir.
6. Quran peyğəmbər risalətinin haqlı olması dəlilidir.
7. Quran ayələrinin ziddiyyətsiz olması bu ilahi kitabın dəyişməz bir vücud tərəfindən göndərilməsi nişanəsidir.
8. Allah tərəfindən olan hər bir şey haqq, sabit, ziddiyyətsiz və nöqsansızdır.
9. Qeyri-ilahi qanunlarda daim ziddiyyət və nöqsan müşahidə olunur.
10. İxtilaf, dəyişmə və islah bəşərə aid nəzəriyyələrin şərtidir.
11. Hər bir ideologiyanı puça çıxarmaq üçün onda ziddiyyət və nöqsanlar tapılması kifayətdir.