NUR TƏFSİRİ: Taha surəsi / ayə 114
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"(Bil ki,) haqqı buyuran Allah uca mərtəbəlidir. (Ey peyğəmbər,) vəhy başa çatmamış Quranı oxumağa tələsmə. De ki, Pərvərdigara, mənim elmimi artır.”
Nöqtələr
Peyğəmbəri (s) Quranın tələsik bəyanından çəkindirən təbirlərdən aydın olur ki, Quran həqiqətdə Peyğəmbərə (s) iki dəfə nazil olmuşdur: Birdəfəyə və tədricən. Quran tədricən nazil olan vaxt vəhy başa çatmamış Peyğəmbərin (s) onu söyləməsi bütövlüklə Qurandan xəbərdar olmasının nişanəsidir.("Bəqərə”, 31; "Ər-rəhman”, 1, 3)
Tələskənliklə önə keçmə təbirləri arasında fərqlər mövcuddur. Hər şey tənzimləndiyi bir vaxt fürsəti əldən buraxmayıb önə keçmək yaxşı səciyyədir. Tələskənlik dedikdə isə yetərincə araşdırma aparmamış, vaxtından əvvəl qabağa qaçmaq nəzərdə tutulur.
Tələskənliyin səbəbi həm səbirsizlik kimi mənfi işlər, həm də istəyə çatmaqla bağlı eşq və məhəbbət ola bilər. Səbirsizlik ucbatından tələsmək məzəmmət olunur. Eşq səbəbindən, bir şeyi qorumaq üçün tələsmək müsbət yönümə malikdir. Peyğəmbərin (s) vəhyə münasibətdə tələsməsi vəhyin hifzinə yönəlmiş aşiqanə bir tələskənlik idi.
Allah-təala həzrət Musanı məlumatlandırmaq məqsədi ilə həzrət Xızra yoldaş etdi. Musa belə bir yoldaşlıq üçün Xızrdan icazə istədi.("Təfsire-nurus-səqəleyn”.) İslam Peyğəmbərinin (s) təlimini isə Allah Öz öhdəsinə götürdü və ona buyurdu: "De ki, Pərvərdigara, mənim elmimi artır.”
Bəşəriyyətin ilk müəllimi alim Allahdır. Elmi Ondan istəyək.("Təfsire-kəbire-Fəxr Razi”.)
Hədisdə nəql olunur ki, əziz Peyğəmbər (s) buyurmuşdur: "Əgər bir günüm elmimi artırmadan keçsə, həmin gün mənim üçün bərəkətli deyil.”("Kafi”, c. 1, s. 412)
Bildirişlər
1. Yaranış məqsədsiz, insan özbaşına deyil. Əbəslik və məqsədsizlik Allahın şənində deyil.
2. Allahın müqəddəs zatını istənilən bir düşüncədən üstün, Onun fellərini istənilən batil işdən pak-pakizə bilək.
3. Hökmlü, həqiqi, mütləq, təkbaşına hakimiyyət yalnız Allaha məxsusdur.
4. Peyğəmbər (s) vəhyi dinləməyə və qəbul etməyə vurğun idi.
5. Hər bir şey müəyyən qaydalar əsasında əldə olunur.
6. Quranın Peyğəmbərlə (s) bağlı qadağaları onun sədaqətini göstərir. Əks-təqdirdə, kimsə qadağaya boyun qoymur.
7. İlahi qanunları bəyan edərkən dövrün şəraitini nəzərə almaq lazımdır.
8. Elmi həqiqi alimdən tələb edək.
9. Elm və bilik üçün son hədd yoxdur. Təhsili başa vurmaq mümkünsüzdür.
10. Yalnız Qurani-məcid həqiqi elmdir.
11. Bir şəxsə müəyyən şeyi qadağan etdikdə ona doğru yolu göstərək.
12. Kamilliyə can atmaq müsbət səciyyədir.
13. Elm insanın inkişaf vasitəsidir.
14. Elm o vaxt səmərə verir ki, insan elmə yiyələndikcə onun tutumu da artsın.
15. Allah duasız da lütf edə bilər. Amma Öz peyğəmbərini duaya çağırır.
16. Dua zamanı "Rəbb” və "Allahın rübubiyyəti” təbirlərindən faydalanaq.
17. Allahdan savay hamının, hətta Peyğəmbərin (s) də elmi məhduddur.