NUR TƏFSİRİ: Taha surəsi / ayə 129
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Əgər Rəbbinin sünnə və təqdiri, müəyyənləşdirilmiş bir vaxt olmasaydı, hər halda ilahi əzab qaçılmaz olardı.”
Nöqtələr
"Nuhyə” sözünün cəm forması olan "Nuha” sözü insana çirkin işləri qadağan edən şey mənasını bildirir. Bu səbəbdən də ağıl "nuhyə” adlandırılmışdır. Çünki ağıl insanı azğın istəklərdən qoruyur. Demək, həqiqi ağıl düşüncədən əlavə təhlükə və pisliklərdən uzaqlıq səbəbidir.
"Qərn” dedikdə eyni bir dövrdə yaşamış qövm, xalq nəzərdə tutulur. Bəzən zamanın özü də "qərn” adlandırılır. "Lizam” sözü zəruri və qəti iş mənasını bildirir.
"Kəlimətun-səbəqət” dedikdə Allahın həzrət Adəmə "yerə enin” buyruğu nəzərdə tutulur.("Təfsire-Əl-mizan)
Məkkə əhli səfərə çıxarkən Ad və Səmud qövmünün yaşadığı yerlərdən keçər, onlardan qalan xarabalıqları görərdilər. Allah bu ayələrdə onlara xəbərdarlıq edir ki, həmin qövmlərin acı taleyini unutmasınlar, bu nişanələri düşünüb ibrət götürsünlər.("Bəqərə”, 180; "Cumuə”, 10; "Kəhf”, 46.)
Bildirişlər
1. Tarix ən yaxşı müəllim və ən doğruçu vaizdir. Tarixdən ibrət götürməyən kəs məzəmmətə layiqdir.
2. Allahın xəbərdarlıqlarına ciddi yanaşaq.
3. Tarixi dəyişikliklər Allahın əlindədir.
4. Elm təklikdə bəs etmir, ibrət də lazımdır. Onlar baş verənləri görsələr də qəflətdədirlər.
5. Qəzəbə gəlib xaraba qalmış hər bir məntəqə düşüncə sahibləri üçün ibrətdir.
6. Tarixi abidələri təkcə əyləncə xatirinə seyr etməyək. Yalnız düşüncəsiz insanlar bu qalıqlardan ibrət götürmür.
7. Hər insan ibrət gözü ilə baxa bilmir. Yalnız nəfsini bulaşıqlıqlardan qoruyan insanlar ibrət götürürlər.
8. Tarixin fəlsəfəsi var və səbəb-nəticə qanununa əsaslanır. Bəli, keçmiş qövmlər müəyyən əsaslarla məhv edilmişlər. Əgər bu gün də uyğun əməllər təkrarlansa, eyni fəlakətlərlə üzləşərik.
9. Bütün işlərin nizamlanması, möhlət verilməsi ilahi bir sünnədir. Əks-təqdirdə, günahkarlar dərhal məhv edilərdi. (Hər ümmət üçün müəyyənləşdirilmiş bir vaxt var.)
10. Əzabın təxirə düşməsi imansız zalımları arxayınlaşdırmasın.
11. Allah yalnız höccəti tamamladıqdan sonra günahkarları əzaba düçar edir.
12. İnsanlar proqram və vaxt bölgüsü əsasında ömür sürürlər.