NUR TƏFSİRİ: Taha surəsi / ayə 131
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Heç vaxt onlardan bir dəstəsinə verdiyimiz dünya malına göz dikmə. (Dünya malı) dünya həyatının bir cilvəsidir və bununla onları sınamaq istəyirik. Rəbbinin ruzisi isə daha üstün və daha davamlıdır.”
Nöqtələr
Nəql olunur ki, İmam Sadiq (ə) buyurmuşdur: "Gözü xalqın əlində olan kəsin qəm-qüssəsi uzanar, qeyzi yerində qalar.”("Təfsire-kəbire-Fəxr Razi”; "Təfsire-dürrül-mənsur”; "Təfsire-Məcməül-bəyan”.)
Qurani-kərim dünya malını xeyir, fəzl, zinət saysa da("Təfsire-Əl-mizan”. ) ona əsir olmağı məzəmmət edir. Çünki dünya həyatının ömrü çiçək tək qısadır və bir küləklə sona çatır.
Bildirişlər
1. Yalnız dünyanın bər-bəzəyinə uymayan insan Allahın razılıq məqamına çata bilər. (Bəli, maddiyyata vurğun insan daim əskiklik hiss edir və Allahdan razı qalmır.)
2. İnsan təbii şəkildə maddiyyata meyl göstərir. Amma bu meyl cilovlanmalıdır.
3. Əsarət və bağlılığın müqəddiməsi baxışdır.
Gözün də, qəlbin də, əlindən aman,
Könül bəndə düşür göz görən zaman.
4. Ümmətin rəhbərinin başqalarının malında gözü olmamalı, diqqəti maddiyyata, başqalarının dəbdəbəli həyatına yönəlməməlidir.
5. Maddi görüntülər hətta peyğəmbərlər üçün təhlükə yarada bilər.
6. Hər dünya malı və hər ləzzət vasitəsi ilahi nemət sayılmır.
7. Kafirlər arasında dünyadan ləzzət almayanlar da var.
8. Dünya görüntüləri heç zaman açmayan qönçə kimidir.
9. Dünya həyatının görüntüləri insan üçün sınaq vasitəsidir.
10. Başqalarının əlində olan yox, öz əlimizdə olanlar haqqında düşünək.
11. Ruzi vermək Allahın rübubiyyət şənindəndir.
12. İnsan öz ixtiyarında olanların hamısından faydalana bilmir. Bəzilərinin bütün imkanları olsa da, çox az şeylərdən istifadə edirlər.
13. İstənilən bir şeyi dəyərləndirmək üçün iki meyar var: Xeyirlilik və davamlılıq.