NUR TƏFSİRİ: Taha surəsi / ayə 40
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"O zaman bacın (sandığın ardınca saraya) gedib dedi: «Sizə onu (körpə Musanı) öhdəsinə götürəcək bir şəxs tanıtdırımmı?» (Onlar qəbul etdilər.) Ananın gözünə işıq gəlsin və qəmdən qurtulsun deyə Biz səni (bu sayaq) anana qaytardıq. (Ey Musa,) sən bir şəxsi qətlə yetirdin. Biz səni qəmdən xilas etdik, müxtəlif sınaqlara çəkdik. Bir neçə il Mədyən camaatının yanında qaldın. Sonra təyin olunmuş vaxtda (peyğəmbərliyin qəbulu üçün buraya) gəldin.”
Nöqtələr
Firon sandığı sudan çıxardığı vaxt öncə körpəni öldürmək istədi. Amma zövcəsi onu bu işdən çəkindirdi. Uşağa süd vermək üçün dayələr dəvət olundu. Amma Musa heç bir qadının südünü qəbul etmədi. Firon hökuməti bu uşaq qarşısında aciz qaldı. Musanın məsələdən xəbər tutan bacısı oraya gəlib adi halda dedi: "Mən sizə elə birini tanıtdıraram ki, uşaq onun döşünü qəbul edər.”
Bəli, Musa bu sayaq anasının qoynuna qayıtdı.
Həzrət Musanın həyat və mübarizə yolunda bir neçə qadın mühüm rol oynamışdır. (Musanın anası, Musanın bacısı, Musanın zövcəsi və Fironun zövcəsi.)
Peyğəmbərlərin başına gələn hadisələr bəzən bir-birinə oxşayır. Məsələn, həzrət Musanın əhvalatı həzrət Yusifin əhvalatına bir neçə baxımdan oxşardır:
a) Hər iki peyğəmbər bir müddət sarayda yaşamışdır;
b) Onlardan heç biri saray həyatını özü seçməmişdir;
v) Hər iki peyğəmbərin ata-anası övladdan ayrılıq ağrısını yaşamışlar;
q) Sonda hər iki peyğəmbər valideyninin yanına qayıtmışdır;
e) Hər iki şəxs başqa birinin fitnəsinə düşmüşdür; həzrət Yusif qardaşlarının, Musa isə Fironun fitnəsinə düçar olmuşdur;
ə) hər iki şəxsin həyatında saray qadını rol oynamışdır. Əzizi-Misrin zövcəsi Yusifin həyatında mənfi, Fironun zövcəsi Musanın həyatında müsbət rol ifa etmişdir.
Bildirişlər
1. Zalım quruluşda istər qadın, istər kişi, hər bir haqq tərəfdarı mübarizə vəzifəsini yetərincə icra etməlidir.
2. İlahi lütflər əldə etmək üçün hərəkət lazımdır.
3. Öz haqq və məntiqi təkliflərimizi mülayimliklə bəyan edək.
4. Sirləri faş etməyək.
5. Övlada süd vermək bəs etmir, onu tam himayə etmək lazımdır.
6. Allah Öz vədlərinə vəfalıdır. (İmam Baqir (ə) buyurur: "Övlad öz anasından 3 gün ayrı düşdü.”)
7. Övladın normal inkişafı üçün ən zəruri şərt ananın himayəsidir.
8. Ananın razılığı Allah hüzurunda xüsusi dəyərə malikdir.
9. Görülən işlərin doğuracağı reaksiyadan nigarançılıq xalislik və ismətə zərbə vurmur. (Musa bilmədən bir qibtini öldürmüşdü. Bu, günah olmasa da Musa nigaran və qəmgin idi.)
10. İlahi insanların qarşısında çətin sınaqlar olur. Peyğəmbərlər də çətin hadisələrin acısını dadmalıdırlar. Buna görə də illər uzunu saray həyatından sonra biyabanda çobanlığa başlayır.
11. Çətin mərhələləri adladıqdan sonra ilahi və mənəvi məqama çatmaq üçün müqəddimə gəlir.
12. Məsuliyyətlərin, ilahi yardımların və lütflərin öz vaxtı və hesabı var.