NUR TƏFSİRİ: Taha surəsi / ayə 70
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"(Musanın möcüzəsini, bütün qurğularının necə udulduğunu gördükdə) sehrbazlar səcdəyə düşdülər və dedilər: "Biz Harunun və Musanın Rəbbinə iman gətirdik.”
Nöqtələr
Musanın gördüyü işin sehr-cadu olmadığını anlayan sehrbazlar ixtiyarsız olaraq səcdəyə düşdülər. Sübh vaxtı kafirlər cərgəsində olan sehrbazlar qürub vaxtı şəhidlər toplumuna qatıldılar. Onlar Harun və Musanın Rəbbinə iman gətirdiklərini bildirməklə yanlış yolda olduqlarını etiraf etdilər. Firon özünü xalqın rəbbi sayırdı. Sehrbazlar "Harunun və Musanın Rəbbi” deməklə başqa bir sui-istifadənin də qarşısını aldılar. Əgər onlar "Musanın Rəbbi” desəydilər, Firon iddia edərdi ki, Musanı mən tərbiyə etmişəm. Bu səbəbdən də sehrbazlar öncə Harunun, sonra Musanın adını çəkdilər("Lisanul-ərəb”.)
Allah Öz peyğəmbərlərinə heç bir şərt qoymadan üstünlük vəd edir. Möminlərə isə yalnız imana vəfa şərti ilə üstünlük vəd olunur.("Kafi”, c. 8, s. 328.)Peyğəmbərlər daim vəfalı olduğu halda, möminlər yolunu aza da bilər. Bu səbəbdən də Allah möminləri imana vəfa şərti ilə üstün sayır.
Bildirişlər
1. Nigarançılıq çox olan yerdə daha çox təkidə ehtiyac duyulur.
2. Təlqin ruhiyyəni gücləndirən amildir.
3. Höcətkeşə onun sözlərinə uyğun şəkildə, öz dilində cavab vermək lazımdır.
4. Haqq batili puça çıxarır.
5. Təkcə həzrət Musa dövrünün sehrbazları yox, bütün sehrbazlar bədbəxt olmuşlar.
6. Sağlam və qeyri-inadkar fərdlər həqiqət aydınlaşan kimi onu qəbul edirlər. (Sehrbazlar sanki daxilən səcdəyə məcbur edildilər.)
7. İnsan bir anda qərarını dəyişib, yeni əqidə seçə bilən mövcuddur.
8. Tövbə yolu hamının üzünə açıqdır. Şirkin tövbəsi Allaha iman gətirməkdir. Hər çaşqın insanı pis saymayaq, həmin şəxs tövbə edə bilər.
9. İnsanlar əqidə seçimində azad buraxılıb və mühitə tabe deyil.
10. Səcdə əminlik nişanəsidir. Səcdəsiz iman olmur.
11. Sehrbazlar bir cümlə ilə tövhid və nübüvvətə imanlarını izhar etdilər.