NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 117
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həqiqətən, Allah Peyğəmbərə, mühacirlərə və çətin anda ona itaət göstərən ənsara Öz lütfünü yağdırdı. Bundan öncə bəzilərinin qəlbi çaşmaq üzrəydi. Sonra Allah onlara Öz lütfünü qaytardı. Həqiqətən, (Allah) onlara rəfətli (mərhəmətli) və mehribandır.”
Nöqtələr
Təbuk döyüşünün bir sıra çətinlikləri vardı: yolun uzunluğu, havanın istiliyi, məhsul yığımı dövrü olması, düşmənin qüdrəti. Bəziləri münafiq olmasalar da, sərin evi, soyuq suyu, həyat yoldaşlarını bu səfərdən üstün tuturdular. Bu zümrədən olan Əbu-Xüzəymə məzəmmət edildikdən sonra özünü Peyğəmbər (s) və müsəlmanlara çatdırdı.
Təbuk döyüşündə münafiqlər üç dəstə idi: bəziləri rum qızlarının gözəlliyinə məftun olacaqlarını bəhanə gətirirdilər; bəziləri xalqı həvəsdən salırdılar; bəziləri havanın istiliyini səbəb göstərib icazə istəyirdilər.
Bununla belə bir çoxları həvəslə Peyğəmbərə (s) qoşulmaq istəyir, səfər üçün imkanları olmadığından qəmlənirdilər. Əbuzər Ğəffarinin geri qalıb, nəhayət özünü Peyğəmbərə (s) çatdırması bu qəbildən olan məsələdir.
Təbuk döyüşündə iş o qədər çətinləşmişdi ki, bəzən bir xurmadan bir neçə nəfər istifadə edirdi.
Bu və bundan sonrakı ayədə tövbə məsələsindən danışıldığı üçün surə "Bəraət”, "Tövbə” adlandırıla bilər.
Bildirişlər
1. Allah təhlükəli səhnələrdə Peyğəmbərə (s) və döyüşçülərə Öz lütfünü nazil edir.
2. Bütün insanlar, hətta peyğəmbərlər də ilahi lütfə ehtiyaclıdırlar.
3. İlahi tövbə peyğəmbərə və möminlərə xüsusi lütf mənasındadır və bəzən günahkarlara əfv formasında təzahür edir.
4. Çətin şəraitdə rəhbərə itaət gerçək iman nişanəsidir.
5. Həyat çətinlikləri bir anlıqdır və ötüb keçir.
6. İnsan üçün daim büdrəmə təhlükəsi var. Bu səbəbdən də Allaha üz tutmaq zəruridir.
7. Yeganə qurtuluş yolu Allahın lütfüdür.