NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 52
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Ey Peyğəmbər! Münafiqlərə) de ki, bizim üçün iki yaxşıdan (qələbə və ya şəhadət) özgə bir şeymi gözləyirsiniz? Amma biz gözləyirik ki, Allahın əzabı ya Onun Özü tərəfindən, ya da bizim əlimizlə sizə yetişsin. Belə isə, siz intizarda olun, biz də sizinlə intizardayıq.”
Nöqtələr
Bu ayə Allahı möminlərin mövlası bilən, Onun yalnız xeyir yazdığını bəyan edən, hətta şəhidliyin də xeyir olduğunu bildirən ötən ayəni izah edir.
İmam Baqir (ə) "İhdəl-husnəyəyni” təbiri haqqında buyurmuşdur: "Məqsəd ya Allah yolunda şəhadət, ya da əsrin imamının (ə) zühurunun dərkidir.”
Bildirişlər
1.”İki yaxşılıqdan biri” baxışını dost-düşmənə aydınlaşdırıb, təbliğ etmək lazımdır.
2. Möminlərin və münafiqlərin dəyərləndirmə ölçüsü fərqlidir. İman əhlinin nəzərində həyat və ölümün fərqi yoxdur. Əsas məsələ doğru yolda olmaqdır. Bu səbəbdən də həm qələbə, həm də şəhadət möminlər üçün qələbə sayılır.
3. İslamla döyüş və çəkişmədə öldürülən münafiqlər cəhənnəm əhlidirlər. Onlar döyüş meydanından kənarda ölsələr də, cəhənnəmə düşəsidirlər. Demək, ya möminlərin əli ilə, ya da Allah tərəfindən əzaba düçar olurlar.
4. Möminlər öz işlərinin məqsəd və nəticəsinə əmindirlər.