NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 80
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Münafiqlərin bağışlanmasını istəsən də, istəməsən də (fərqi yoxdur). Yetmiş dəfə də onlara bağışlanma diləsən, Allah onları bağışlamayacaq. Çünki onlar Allaha və onun rəsuluna qarşı küfr etdilər. Allah azğın qövmü hidayət etməz.”
Nöqtələr
Yetmiş rəqəmi konkret say yox, çoxluq bildirir. Yetmiş rəqəmi ilə işarə olunur ki, münafiqlər heç vəchlə bağışlanmayacaq . Rəvayətlərdə həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: "Əgər yetmiş dəfədən çox bağışlanmalarını istəməyimin onlara nicat verəcəyini bilsəydim, bunu istəyərdim.”
İnsan elə bir həddə süqut edə bilər ki, onu heç nə xilas edə bilməz. Necə ki, ruhu bədənindən ayrılmış xəstəyə həkimlərin səyi səmərə vermir.
Bildirişlər
1. Dini məsxərə etmək o qədər günahdır ki, Peyğəmbər (s) də bu günahı bağışlatdıra bilmir.
2. Nə qədər ki, insan peşman olmayıb, onun daxilində qiyam baş qaldırmayıb, Peyğəmbərin (s) də duaları səmərəsizdir.
3. İnadkar münafiqə can yandırmaq faydasızdır.
4. Allah Öz mərhəmətini əsirgəmir. Sadəcə münafiqlərin bağışlanma qabiliyyəti yoxdur.
5. Küfr bağışlanmaya, azğınlıq hidayətə mane olur.