NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 85
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Onların var-dövləti və övladları səni heyrətə gətirməsin. Həqiqətən, Allah bu vasitə ilə onlara dünyada əzab vermək, canlarının küfr halında çıxmasını istəyir.”
Nöqtələr
İlkin İslam dövründə münafiqlərin çoxlu var-dövləti, övladları və imkanları vardı. Müsəlmanlar isə bu baxımdan zəif idilər. Müsəlmanların ehtiyac səbəbindən münafiqlərə yaxınlaşma təhlükəsi olduğundan uyğun ayə vasitəsi ilə onlara xəbərdarlıq olundu. Bu surənin 55-ci ayəsində də eyni məsələyə toxunulur.
"Zəhuq” dedikdə çətinlik, təəssüb və həsrətlə xaric olmaq mənası başa düşülür.
Bildirişlər
1. Başqalarının imkanlı olmasına görə özümüzü əskik saymayaq.
2. Var-dövlət və övlad bəzən xoşbəxtliyə yox, əzaba aparır.
3.Allah bəzən dünyəvi təzahürlərlə cəzalandırır.
4. Ölüm yoxluq yox, ruhun bədəndən çıxmasıdır.
5. Bir ömür küfr və naşükürlük insanın dünyadan kafir getməsinə səbəb olur.
6. Dəyər ölçüsü bir neçə günlük rifah yox, xeyir aqibət və imanlı ölümdür.