Əsas məzmuna keç

Yunus surəsi - 94-cü Ayə

Surə 10
Ayə 94

Azərbaycan dilində tərcümə

Beləliklə, (məsələn) əgər (dini maarifdən) sənə nazil etdiyimizdən şəkk və tərəddüddəsənsə, onda səndən öncə (səmavi) kitab oxuyanlardan soruş. Şübhəsiz, haqq sənə Rəbbin tərəfindən gəlmişdir. Buna görə də əsla şübhə edənlərdən olma!
Yunus surəsi , 94-cü ayə
Yunus surəsi 94-cü ayə
Tam Surə

Yunus surəsi 94-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 94

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər sənə nazil etdiyimizə şəkkin varsa, səndən öncəki səmavi kitabları oxuyanlardan soruş. Şübhəsiz, Rəbbin tərəfindən haqq sənə gəlmişdir, şəkk edənlərdən olma.”
Nöqtələr
Rəvayətlərdən birində İmam Hadinin (ə) belə buyurduğu nəql edilir: "Cahil insanlar soruşurdular ki, nə üçün peyğəmbər olaraq mələk nazil olmayıb? Allah bu ayəni nazil etməklə, bütün peyğəmbərlərin adi xalq kimi yaşamasını nəzərə çatdırmaqla onların cavabını verdi.” 
Sual: Səmavi kitablar təhrif edilmişdirsə, nə üçün kitab əhlinin alimləri bu ayədə hakim götürülür?
Cavab: Öncəki səmavi kitabların bir hissəsi təhrif olunsa da, kitab əhli alimləri arasında istinad ediləsi şəxslər tapılır. 
Sual: Quranda buyurulur ki, ey peyğəmbər, Quranın haqq olmasına şəkkin varsa, kitab əhlindən soruş. Axı Peyğəmbər (s) heç vaxt şəkk etməmişdir və ağıl onun vəhyə şəkk etməsini qəbul etmir?
Cavab: 1. Ayədəki "in”, yəni "əgər” hissəsi fərz nişanəsidir. Məsələn, "Məryəm” surəsinin 91-ci ayəsində "əgər Allahın övladı olsaydı” təbiri işlədilmişdir. Bir sözlə, bu sayaq təbirlərdə qəti bəyan yoxdur.
2. Hazırkı surənin 104-cü ayəsində Peyğəmbərin (s) dilindən xalqa belə xitab olunur: "Əgər mənim dinimə şəkk edirsinizsə.” Demək, Həzrət şəkk etməmişdir. Əgər şəkk etsəydi, xalqa bu sayaq müraciət etməzdi. Bundan əlavə, "Bəqərə” surəsinin 285-ci ayəsində buyurulur ki, Peyğəmbər (s) ona vəhy edilənə iman gətirmişdi.
3. Bəzən Quran başqalarını nəzərdə tutub Peyğəmbərə (s) müraciət edir. Məsələn "İsra” surəsinin 23-cü ayəsində buyurulur: "Əgər ata-ana sənin yanında qoca yaşa çatsalar...” Halbuki həzrət Məhəmməd (s) dünyaya gəlməmiş onun atası, uşaq yaşında ikən anası dünyadan getmişdi. Ayə nazil olan vaxt Peyğəmbərin (s) ata-anası yox idi. Ayədə bir növ "qızım sənə deyirəm, gəlinim sən eşit” prinsipi əsas götürülmüşdür. Tərbiyəvi məsələlərin bəyanında da bəzən başqalarına işarə ilə böyüklərə xitab olunur.
4. Bəzən ayələrdə müsəlmanlara ünvanlanmış söz Peyğəmbərə (s) müraciətlə bəyan olunur. Məsələn, Peyğəmbər (s) heç vaxt qadına talaq vermədiyi halda ona talaq barədə müraciət olunur. 
5. "Əgər şəkkin varsa” təbirini Peyğəmbərin (s) şəkk etməsinə dəlil saysaq, digər ayələri də eyni şəkildə qəbul etməliyik. Bu isə mümkünsüzdür!
6. Kitab əhlinin bəzi sualları olsa da onlar soruşmaqdan çəkinirdilər. Allah bu bəyanı ilə onların müraciətinə yol açdı.
7. Məqsəd mübahisə aparılan tərəflərlə dəlil-höccət gətirilməsi də ola bilər. Məsələn, həzrət İbrahim ulduzpərəstlərə dedi: "Bu, (ulduz) mənim Rəbbimdir.” 
8. Həzrət Peyğəmbər (s) bu ayəni eşitdiyi vaxt buyurdu: "Mən şəkk etmirəm.” İmam Sadiq (ə) da öz növbəsində buyurmuşdur: "Vallah, peyğəmbərin şəkki yox idi.” 
Bildirişlər
1. Əqidə məsələlərində şəkki aradan qaldırmaq zəruridir.
2. Şəkk etdiyiniz vaxt alimlərə müraciət edin. (Demək, alimin sözü höccətdir.)
3. Səmavi kitablar bir-birlərini təsdiqləyir.
4. Kitab əhlinin bir qismi haqqı deyir.
5. Rəhbər qətiyyətli olmalı və tərəddüdə yol verməməlidir.
6. Fəzl odur ki, düşmənlər də ona şəhadət versin. Düşmənlərin də etiraf etdiyi həqiqətə şübhə edirsinizmi?!