Əsas məzmuna keç

Yusif surəsi - 23-cü Ayə

Surə 12
Ayə 23

Azərbaycan dilində tərcümə

Evində olduğu qadın mülayimlik və hiylə ilə ondan kam almaq istədi və (bu niyyətlə) qapıları möhkəm bağlayaraq dedi: «Tez ol, mən sənin üçün hazıram!» Yusuf dedi: «Allaha pənah! O (sənin ərin) mənim tərbiyəçimdir ki, yerimi yaxşı edib. [Və ya: O (Allah) mənim Rəbbimdir ki, məqamımı gözəl edib.] Şübhəsiz zalımlar heç vaxt nicat tapmazlar.»
Yusif surəsi , 23-cü ayə
Yusif surəsi 23-cü ayə
Tam Surə

Yusif surəsi 23-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yusif surəsi / ayə 23

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

"Evində olduğu qadın yaxınlıq etməklə Yusifdən kam almaq istədi. Qapıları möhkəm bağladı və dedi: "Hazıram sənin üçün.” Yusif dedi: "Pənah aparıram məni yaratmış və məqamımı möhtərəm tutmuş Allaha. Şübhəsiz, zalımlar nicat tapmaz.”

Nöqtələr
"Pənah aparıram məni yaratmış və məqamımı möhtərəm etmiş Allaha” cümləsi iki cür təfsir olunur:
a) Allah mənim Rəbbimdir və məqamımı möhtərəm tutmuşdur, mən Ona pənah aparıram.
b) Əzizi-Misr mənim malikimdir, mən onun süfrəsində oturmuşam, mənim haqqımda "ona ehtiram göstər” dedi və mən ona xəyanət etmərəm.
Hər bir baxışın öz tərəfdarı var və hər qrup öz baxışına dəlillər gətirir. Amma elə düşünürük ki, birinci ehtimal daha üstündür. Çünki Yusifi günahdan çəkindirən Əzizi-Misrə sədaqətli qalmaq hissi yox, ilahi təqva idi. Təqva Əzizi-Misrə sədaqətli qalmaqdan üstündür. Bəli, bu surədə bir neçə məqamda "Rəbbukə” dedikdə Əzizi-Misr nəzərdə tutulmuşdur. Amma "Rəbbi” sözü surənin bütün yerlərində Allaha işarədir.
Əzizi-Misri Rəbb adlandırmaq Yusifin şənində deyil, o belə bir müraciətlə özünü alçaltmazdı.
Allahın övliyaları Allaha sığınıb nəticə əldə edirlər: Musa Fironun fitnələri şərindən Allaha pənah apardı. Məryəmin anası Məryəm və onun nəslini Allahın pənahında qərar verir. Bu ayədə isə Yusif Allaha pənah aparır. Allah-təala İslam Peyğəmbərinə (s) Ona sığınmağı göstəriş verir.
Yusif "sığınıram” əvəzinə "Allaha pənah” deməklə özünü kiçik sayır.
Bildirişlər
1. Böyük günahlar mülayimliklə başlayır.
2. Kişinin pak olması bəs etmir. Çünki bəzən qadın kişinin sorağına gəlir.
3. Şəhvət o qədər güclüdür ki, padşahın zövcəsi öz quluna əsir olur.
4. Çalışaq ki, günahkarın adını çəkməyək, sadəcə işarə edək.
5. Naməhrəm qadın olan yerdə gənc oğlanların hüzurundan çəkinək. Həmin şəraitdə mehr salma ehtimalı var.
6. Eşq adətən, tədricən peyda olur. Yusifin həmin evdə olması qadının qəlbində tədricən eşq yaratdı.
7. Cinsi fəsadlar haqqında üstüörtülü, ədəbli şəkildə danışın.
8. Naməhrəm kişi ilə qadının qapalı bir mühitdə olması günah üçün şərait yaradır.
9. Tarix boyu zina çirkin iş kimi qəbul olunmuşdur. Bu səbəbdən də Züleyxa bütün qapıları möhkəm bağladı.
10. Bütün qapılar bağlı olsa da, Allaha sığınma qapısı açıqdır.
11. İlahi sınaq fərqli məqamlar üçün nəzərdə tutulur. İnsan bəzən quyuda, bəzən sarayda sınağa çəkilir.
12. İnsanın təqva və iradəsi günah zəmininə qalib gələ bilər.
13. Allaha diqqət insanı günahdan çəkindirir.
14. Rəis və başçı əgər bizə günah göstərişi verərsə, ona itaət etməməliyik. (Xalqa itaət etmək xatirinə Allaha itaətsizliyə yol vermək olmaz.)
15. Sınaq təhlükəsi olduqda Allaha pənah aparmaq lazımdır.
16. Sarayda da pak, iffətli, sədaqətli qalmaq olar.
17. Cinsi ehtiras o qədər güclüdür ki, bu təhlükədən qurtarmaq üçün Allah yardım etməlidir.
18. Nəfsinə itaət edən insan zahiri rüsvayçılıqdan qorxur. (Züleyxa qapıların açıqlığından, Yusif isə Allahdan qorxurdu.)
19. Günah (zina) insanlıq kəraməti ilə bir araya sığmır.
20. Allah zikrinin xasiyyətə çevrilməsi günahdan uzaqlaşmaq üçün çox təsirlidir.
21. Günaha qarşı ilk addım Allahın zikri, Ona pənah aparmaqdır.
22. Ən üstün təqva odur ki, insan qorxu və rüsvayçılıqdan yox, Allahın lütf və məhəbbətinə çatmaq üçün günahdan çəkinsin.
23. Allahın lütfünün xatırlanması günahdan uzaqlıq amillərindəndir.
24. Günahın aqibətini düşünmək insanı bu yoldan çəkindirir.
25. Günaha təşviq və ya günah üçün zəmin yaratmaq insanın özünə, zövcəsinə və cəmiyyətə zülmüdür.
26. Bir anlıq günah insanı əbədi qurtuluşdan uzaq sala bilər.
27. Günaha yol vermək Allahın nemətlərinə qarşı naşükürlükdür.
28. Bütün işlərdə işin sonunu düşünmək lazımdır.
29. Yusif Züleyxa ilə çarpışarkən qurtuluş fikrində idi.
30. Dəyərini bilən insan özünü ucuz satmır.
31. Zülm bir qapıdan girəndə, qurtuluş o biri qapıdan çıxır.