Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Biz, gecə ilə gündüzü (Öz tovhid, qüdrət və hikmətimizin) iki nişanə(si) etdik. Beləliklə gecə olan nişanəni qaranlıq, gündüz olan nişanəni isə işıqlı etdik ki, siz (aydınlıqda) Rəbbinizdən lütf və mərhəmət istəyəsiniz (işləmək və qazanc əldə etməklə məşğul olasınız) və həmçinin (gecə ilə gündüzün birləşməsindən ay, ayların birləşməsindən il düzəldəsiniz və onun vasitəsi ilə) illərin sayını və hesabı (işlərin, müqavilələrin, ömürlərin, hadisələrin hesabını) biləsiniz. Biz hər bir şeyi ona münasib təfsilatı ilə izah etmişik.
Hər bir insanın (əməlinin qeybdən onun üçün qərara alınaraq tərəfinə uçmuş gözəl və ya uğursuz) taleyini (boyunduruq kimi) onun boynunda zəruri və sabit etdik. Qiyamət günü onun üçün, açıq şəkildə görəcəyi bir yazı çıxararıq.
(Ona deyilər:) «Öz (qəlb və bədəninin əməl) kitabını oxu, bu gün sən özün özünün (əməllərinin) hesabını aparmaq üçün kifayətsən.»
Kim doğru yola gəlsə ancaq öz xeyrinə doğru yola gəlib və kim yolunu azsa, öz ziyanına azmışdır. Heç bir günahkar başqasının günahını daşıyan deyildir. Biz (dünyada heç bir millətə, onları oyatmaq üçün) bir peyğəmbər göndərməyincə (köklərini kəsəcək) əzab verməmişik.
. Biz hər hansı bir cəmiyyəti (azğınlıqlarına görə) həlak etmək istəyəndə, onların böyüklərinə və əyyaşlarına (Qiyamətdə bəhanə gətirmələrinə yer qoymamaq üçün bir daha Allaha itaət etmələrini) əmr edərik (yaxud onların dünyadakı imkanlarını artırarıq). Belə olduqda onlar həmin mühitdə Allaha qarşı itaətsizlik edərlər (və digər təbəqələr də onlara tabe olarlar, yaxud onların günahlarına razı olarlar). Beləliklə Bizim (azğınları məhv etməkdən ibarət) qəti və əzəli hökmümüz onların barəsində gerçəkləşər və onları şiddətlə həlak edərik.
Nuhdan sonra (Ad, Səmud və Lut qövmü kimi bir-birlərinə yaxın əsrlərdə olmuş) neçə-neçə cəmiyyətləri həlak etdik. Sənin Rəbbinin Öz bəndələrinin günahlarını (onlara uyğun cəza verməsi üçün) bilməsi və görməsi kifayətdir.
Kim yalnız bu ötəri nəqdi (dünyanı) istəsə, Biz dünyada istədiyimiz şeyi istədiyimiz şəxsə verməkdə tələsər, sonra onun üçün Cəhənnəmi müəyyənləşdirərik ki, orada məzəmmət olunmuş və qovulmuş halda yanar.
Və kim axirəti istəsə və mömin olan halda axirət üçün ona layiq tərzdə çalışsa, onda belə şəxslərin səyləri qəbul ediləcək və mükafatlandırılacaqdır.
Bunların və onların (axirət və dünya istəyənlərin) hər birinə Rəbbinin əta etdiyindən kömək yetirərik. Və sənin Rəbbinin ətası əsla (bir kəsə) qadağan olunmamışdır (dünyada bütün mənəvi və maddi nemətlər mömin və ya kafir olmasından asılı olmayaraq bütün insanların ixtiyarında qoyulmuşdur).
Bax gör (maddi və mənəvi nemətlər baxımından) onların bəzisini bəzisindən necə üstün etmişik və əlbəttə, axirət dərəcələr və üstünlüklər baxımından daha böyükdür.
Allahla birlikdə əsla başqa bir məbud götürmə ki, (mələklərin və saleh insanların yanında) qınanmış və (Allahın yanında) məzəmmət olunmuş, xar və köməksiz düşüb qalarsan.
Və Rəbbin Ondan başqasına ibadət etməməyinizi və ata-anaya (öz valideyinlərinizə) yaxşılıq etməyinizi qəti hökm etdi. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağlarına yetişsələr (onların zəhmət yaxud sərt davranışları müqabilində narahatlığını büruzə vermə, hətta) onlara «uf» demə, üstlərinə qışqırma, kobud söz demə və onlara xoş söz de.»
Və mehribanlıq üzündən onların qarşısında təvazökarlıq və kiçiklik qanadı sal (təvazökarlıq göstər) və «ey Rəbbim, körpəlikdə məni (rəhmət üzündən) tərbiyə etmələrinin müqabilində onların hər ikisinə rəhm et» de!
Rəbbiniz sizin ürəklərinizdə olanı (əgər qəlbinizdə ata-ananızdan bezarsınızsa və ya onlara zülm etmisinizsə, bunları) daha yaxşı bilir. Əgər özünüzü islah etsəniz (və etdiyiniz səhvdən Allaha tərəf qayıtsanız) Allah qayıdanları mütləq bağışlayandır.
Və qohumların haqqını (öz qohumlarının və Peyğəmbərinin (s) qohumlarının haqqını) və yoxsulun və yolda (möhtac) qalmışın haqqını ver və heç bir şəkildə israf və artıq xərc etmə (malı haram yolda xərcləmə və halal yolda xərcləməkdə həddini aşma).
Həqiqətən, mallarını (haram və batil yolda) dağıdanlar, şeytanların qardaşları (dostları və tərəfdaşları)dır və Şeytan həmişə öz Rəbbinin qarşısında çox kafir və nankor olub.
Əgər (əlin boş olduğuna görə və) Rəbbin tərəfindən axtardığın rəhmət (sənə gəlməsi və sənin də onlara verərək ehtiyaclarını aradan qaldırmaq) ümidi ilə onlardan üz çevirməli olsan da, onlara yumşaq bir söz de.
Və əlini bağlayıb boynuna qoyma (vacibləri verməkdə xəsislik etmə) və onu tamamilə də açma (özün möhtac olacağın həddə qədər vermə) ki, qınanmış və aciz halda düşüb qalarsan.
Həqiqətən sənin Rəbbin istədiyi şəxs üçün ruzini genişləndirər və (istədiyi şəxs üçün də) daraldar. Əlbəttə, O həmişə Öz bəndələrindən xəbərdar və (onları) görəndir (onların fərdi və ictimai hallarını bilir).
Öz övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Onlara və sizə ruzi verən Bizik. Həqiqətən onları öldürmək böyük günahdır.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə