Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Şübhəsiz, Allah göyləri və yeri (varlıq aləminin nizamından) çıxmaması və zavala uğramaması üçün (qoruyub) saxlayır və əgər (onlar) zavala uğrasa və (yolundan) azsa, əsla Ondan (Allahdan) başqa onları heç kəs (qoruyub) saxlaya bilməz. Əlbəttə ki, O, həmişə həlim və bağışlayandır.
(Müşriklər) onlara bir qorxudan (peyğəmbər) gələcəyi təqdirdə (peyğəmbər göndərilmiş ümmətlərdən biri olmaqdan əlavə) ümmətlər içərisində (hamıdan) daha artıq düz yolda olacaqları barədə Allaha çox möhkəm and içmişdilər. (Amma) onlara bir qorxudan (peyğəmbər) gəldikdə (bu onlara haqdan) uzaqlaşmaq və (haqqa) nifrətdən başqa bir şey artırmadı.
(Bu onların) Yer üzündə təkəbbür göstərmələri, məkr və hiylələri ucbatından idi. Pis əməl, məkr (hiylə) yalnız öz əhlini bürüyər. Məgər onlar keçmişdəkilər (barədə ilahi) sünnədən (qanundan) başqa bir şeymi gözləyirlər (ki, qəfil bir əzabla kökləri kəsilsin)? (Ya Peyğəmbər!) Sən Allahın sünnəsində (qoyduğu qayda-qanunda) heç bir dəyişiklik tapmazsan.
Məgər onlar yer üzündə gəzib dolanıb, özlərindən öncəkilərin aqibətinin necə olduğunu görmürlərmi? Halbuki onlar bunlardan daha qüvvətli idilər; Göylərdə və yerdə Allahı aciz qoya biləcək heç bir qüvvə yoxdur. O, hər şeyə qadirdir.
Və əgər Allah insanları etdikləri (günahlara) görə cəzalandırsaydı, yer üzərində heç bir canlını (diri) qoymazdı. Lakin (Allah) (Onun əzəli elmində təyin edilmiş Lövhi-Məhfuzda sabit olan) müəyyən bir müddətədək təxirə salır. Əcəlləri yetişdikdə Allah bəndələrini(n halını) görəndir (və hər kəslə əməlinə uyğun rəftar edəcəkdir.)
Ya, Sin. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirmək qüdrəti yoxdur. Və bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır. Ey, insaniyyətdə yeganə olan kəs,)
Bu hikmətli (batilin ziyanı müqabilində möhkəm olan, hikmətlə danışan, haqla batilin arasında hökm edən və əqli mərifətlər və səmavi şəriətlərə malik olan) Qur’ana and olsun ki,
Şübhəsiz, sən (Allah) peyğəmbərləri (zümrəsi)ndənsən (peyğəmbərliyə seçildiyin vaxtdan insanların nəsilləri kəsilincəyədək onlara göndərilmisən).
(Bu), qüdrətli və mehriban (Allah tərəfindən) nazil edilmiş (bir kitab)dır. (Mehribanlığı Qur’anın nazil olmağına bir səbəb, qüdrəti isə onun icrasına zamindir).
(Bu kitabla) elə bir qövmü qorxudasan ki, ata – babaları (İsanın, yaxud İbrahimin zamanından bəri) qorxudulmamışlar, buna görə də (din həqiqətlərindən) qafildirlər.
Şübhəsiz, onların əksəriyyətinə (Allahın Lövhi – Məhfuzda dərc olan) söz(ü: «Cəhənnəm onların yeridir» sözləri) sabit olmuş və həyata keçmişdir, buna görə də daha iman gətirməzlər.
Həqiqətən, Biz onların boyunlarına çənələrinə kimi çatan zəncirlər keçirmişik, buna görə də başları yuxarı doğru qalmışdır. (buna görə də özlərinə baxa bilmirlər ki, özlərində olan ayələrlə (nişanələrlə) ayılsınlar).
Biz onların önlərindən və arxalarından sədd çəkib onları (hər bir tərəfdən) örtdük (yaxud gözlərini kor etdik). Buna görə də görmürlər (öz ətraflarını görə bilmirlər ki, təbiət aləmində nişanələrlə ayılsınlar).
Sən ancaq nəsihətverici Qur’an(ı qəbul edən və on)a tabe olan, Rəhman (olan zahiri hiss üzvləri ilə dərk olunmayan Allah)dan gizlində qorxan kəsi qorxuda bilərsən; elə isə ona (Allahın) bağışlama(sı) və çox qiymətli bir mükafatla müjdə ver.
Əlbəttə, ölüləri dirildən və onların əvvəlcədən göndərdiklərini (həyatda olarkən etdikləri əməlləri) və izlərini (qoyub getdiklərini) yazan Bizik. Biz hər bir şeyi (insanların əməllərini, dünyada baş verən hadisələri) açıq aşkar nüsxələrdə (Lövhi-Məhfuzda) ətraflı surətdə sayıb hesablamışıq.
(Ya Peyğəmbər!) Sən onlara o şəhərin (Antakiya) əhalisinin dastanını məsəl çək. O zaman Allahın göndərdiyi (peyğəmbərlər) oraya gəlmişdi.
O zaman onlara, iki nəfər (peyğəmbər) göndərmişdik, amma onların ikisini də təkzib etdilər. Biz (həmin peyğəmbərləri) göndərdiyimiz üçüncü (peyğəmbər) ilə qüvvətləndirdik. (Peyğəmbərlər) hamılıqla dedilər: «Biz sizə göndərilmiş (peyğəmbərlər)ik».
(Şəhər camaatı) dedi: «Siz də bizim kimi ancaq adi bir insansınız (peyğəmbər isə mələklərdən olmalıdır). Rəhman heç bir şey nazil etməmişdir, siz yalnız yalan danışırsınız».
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə