Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Halbuki onlardan birinə Rəhman olan Allaha nisbət verdiyi şey ilə (Allahın övladı hesab etdiyi qızın dünyaya gəlməsi ilə) müjdə verilən zaman içi qüssə və hüzn ilə dolu halda (kədərinin çoxluğundan) üzü qaralar.
Bər-bəzək içində bəslənən, mübahisə və dava-dalaş zamanı bəyanı aydın olmayan kəsi (Allahın övladı adlandırırsınız)?!
Rəhman Allahın bəndələri olan mələkləri qızlar sandılar. Məgər onların yaradılışında iştirak edib (onların qız olmalarını) görüblər? Tezliklə onların (mələklər barəsindəki) şahidlikləri yazılacaq və sorğu-sual ediləcəklər.
Onlar (bütlər barəsində) dedilər: «Əgər Rəhman Allah (bizim bütlərə ibadət etməməyimizi) istəsəydi (əsla) onlara ibadət etməzdik!» Onların bu iddialarına (dair) bilikləri yoxdur, əksinə, yalnız güman edir və yalan deyirlər. (Çünki Allahın, şərik qoşmamağı məcburi etmək istəməməsi Onun həmin əmələ razı olmasına və bu işdən ixtiyari şəkildə çəkindirməməsinə dəlalət etmir. Əksinə, Allahın ayələri ixtiyari qadağanın olmasını sübut edir.)
Əksinə, onlar dedilər: «Həqiqətən biz atalarımızı bir dində görmüşük və biz də onlara tabe olmaq nəticəsində mütləq doğru yoldayıq.»
Və beləcə Biz səndən əvvəl hansı cəmiyyətə bir qorxudan (peyğəmbər) göndərdiksə, onların naz-nemət içində olanları dedilər: «Biz atalarımızı bir dində görmüşük və biz onların arxasınca gedirik.»
(Onların peyğəmbərləri) dedi: «Hətta əgər sizin üçün öz atalarınızı üzərində gördüyünüz dindən daha artıq hidayət edən bir din gətirmiş olsam belə (yenə onların arxasınca gedəcəksiniz)?» Dedilər: «Şübhəsiz, biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik.»
Beləliklə Biz onlardan (məhv etmək və köklərini kəsməklə) intiqam aldıq. Bax gör təkzib edənlərin aqibəti necə oldu!
Və (yada sal) o zaman(ı) ki, İbrahim atasına (qayınatasına və yaxud əmisinə) və öz qövmünə dedi: «Şübhəsiz, mən sizin ibadət etdiklərinizdən tamamilə bezaram,
məni yaratmış (yoxluqdan varlığa gətirmiş) kəs istisna olmaqla ki, əlbəttə O, tezliklə məni (dünyada müxtəlif insani kamilliklərə və axirətdə Cənnətə) hidayət edəcəkdir.»
Və (Allah) onu (bütlərdən bezarlığı və yaradılışın başlanğıcına üz tutulmasını) onun nəslinin arasında əbədi (qalan) kəlmə etdi ki, bəlkə (nəsli və qövmü ona tərəf) qayıtdılar.
Əksinə, haqq, eləcə də aşkar və aydınlıq gətirən elçi (Qur’an və Muhəmməd (s) ) yanlarına gələnə kimi bunları (Məkkə kafirlərini) və (İbrahimin tovhidini qəbul etməyən) atalarını (dünya nemətlərindən) bəhrələndirdik.
Həmçinin dedilər: «Nə üçün bu Qur’an bu iki şəhərin birindən (mal-dövlət və məqam sahibi olan) böyük bir kişiyə (Məkkədən Vəlid ibn Muğeyrəyə və Taifdən Urvə ibn Məsuda) nazil edilməyib?!»
Məgər sənin Rəbbinin (peyğəmbərlik, hidayət və cəmiyyətin tərbiyəsi kimi) mərhəmətini onlar bölüşdürürlər (ki, istədiklərinə versinlər)?! Dünya həyatında onların məişət vasitələrini aralarında Biz bölüşdürmüşük və (maddi və mənəvi kamilliklər baxımından) onların bəzilərini bəzilərindən bir neçə dərəcə üstün etmişik ki, bəziləri digər bəzilərini xidmətə götürsünlər (və nəticədə bəşər cəmiyyətinin daha kamil və layiqli idarə sistemi formalaşsın). Sənin Rəbbinin mərhəməti (peyğəmbərlik, ümumi vilayət və din) onların topladıqlarından daha yaxşıdır.
Əgər insanların hamısının bir ümmət olmaları (hamısının küfr və şirk ətrafında birləşmələri) ehtimalı olmasaydı, həqiqətən Rəhman Allaha kafir olan kəslərin evləri üçün gümüşdən tavanlar və yuxarı çıxmaları üçün (gümüşdən) nərdivanlar düzəldərdik.
Həmçinin (evləri üçün) qızıl zinət və bəzəklər (verərdik). Lakin bunların hamısı (fani) dünya həyatından (azacıq) bəhrələnməkdən başqa bir şey deyildir. Və Rəbbinin yanında olan axirət təqvalılara məxsusdur.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə