Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Güman etmə ki, (səmavi kitabın ayələrini gizlətmək və camaatı İslamdan uzaqlaşdırmaq kimi) əməllərinə sevinən və etmədikləri şeylərə görə mədh olunmağı sevən kəslər, bəli güman etmə ki, onlar əzabdan qurtulacaqlar. Onlar üçün ağrılı bir əzab vardır.
Göylərin və yerin həqiqi mülkiyyəti və tam hakimiyyəti Allaha məxsusdur (çünki yaratmaq, qorumaq, idarə etmək və yox etmək, bunların hamısı Onun istək və iradəsinə tabedir). Allah hər şeyə qadirdir.
Həqiqətən göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və fikir sahibləri üçün (Allahın qüdrət, elm və hikmətini göstərən) nişanələr vardır.
O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: «Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru».
«Ey Rəbbimiz! Şübhəsiz, Sən (Cəhənnəm) od(un)a daxil etdiyin hər bir kəsi, mütləq xar və rüsvay etmisən. Zalımların əsla köməkçiləri olmayacaqdır».
«Ey Rəbbimiz! Həqiqətən biz «Rəbbinizə iman gətirin!» deyə imana dəvət edən bir çağırışçını(n dəvətini) eşitdik və iman gətirdik. Ey Rəbbimiz, buna görə də günahlarımızı bizə bağışla, pisliklərimizi bizdən təmizlə və bizi yaxşı əməl sahiblərinin sırasında öldür!»
«Ey Rəbbimiz! Peyğəmbərlərinin dili ilə bizə vəd etdiklərini bizə əta et və bizi Qiyamət günü xar və rüsvay etmə ki, həqiqətən Sən heç vaxt Öz vədinə xilaf çıxmırsan».
Beləliklə, Rəbbi onların dualarını qəbul etdi ki: «Həqiqətən Mən sizlərdən heç bir əməl sahibinin - istər kişi olsun ya qadın ki, hamınız bir-birinizdənsiniz və bir-birinizlə bağlısınız - əməlini zay etməyəcəyəm. Odur ki, hicrət edən, öz evlərindən qovulan, Mənim yolumda əzab-əziyyət görən, döyüşən və öldürülən kəslərin pisliklərini mütləq təmizləyəcək və onları (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. (Bu,) Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat yalnız Allahın yanındadır.»
Küfr edənlərin şəhərlərdə (imkanla, mənfəəttələbcəsinə və qalib halda) hərəkət və get-gəlləri səni aldatmasın!
(Bu, dünyadan) azacıq bir bəhrələnməkdir, sonra isə onların yerləri Cəhənnəm olacaqdır. Ora pis bir qalacaq yeridir.
Lakin öz Rəbbindən qorxan kəslər üçün (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlər vardır. Allah tərəfindən ilk ziyafət olaraq onlar orada əbədidirlər. Yaxşı əməl sahibləri üçün Allah yanında olan şey (Allahın razılığı və əbədi nemətlər) daha yaxşıdır.
Əlbəttə, kitab əhlindən Allah qarşısında təvazökarlıqla Allahın ayələri(ni təhrif etmək) ilə azacıq bir qazanc əldə etmədən Allaha, sizə nazil olana (Qur’ana) və onlara nazil olana (keçmiş səma kitablarına) iman gətirən kəslər vardır. Onların öz Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır. Şübhəsiz, Allah tez hesab çəkəndir (hesab baxımından heç kəsin mükafatını gecikdirmir).
Ey iman gətirənlər, səbrli olun və başqalarını da səbrə sövq edin, düşmən qarşısında müqavimət göstərin, sərhəddin keşiyində durun və Allahdan qorxun, bəlkə nicat tapdınız.
Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən (onların birinci nəslində ilkin şəriət qanunlarına müvafiq olaraq və ya naçarlıqdan bacı ilə qardaşın evlənməsi və ya qızlar üçün Cənnət oğlanları, oğlanlar üçün isə Cənnət qızları nazil etmək yolu ilə) çoxlu kişi və qadın (törədib) yaydı. Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan və qohumlar(la əlaqəni kəsməkdən və bağlılıq tellərini qırmaq)dan qorxun. Həqiqətən, Allah daim sizə nəzarət edir.
Və yetimlərin mallarını (onlar həddi-büluğa çatdıqdan sonra) özlərinə qaytarın. Murdar və haram (mal)ı (qiymət fərqinə görə) pak və halal (mal) ilə dəyişdirməyin (özünüzün pis malınızı onların qiymətli malları ilə dəyişdirməyin). Həmçinin onların mallarını öz mallarınıza qatıb yeməyin ki, həqiqətən bu, böyük günahdır.
Əgər yetim qızlar barəsində (həmin dövrün adət-ənənəsinə uyğun evlənəcəyiniz təqdirdə) ədalətə riayət etməyəcəyinizdən qorxsanız, onda meyliniz olan (başqa) qadınlardan ikisi, ya üçü və ya dördü ilə evlənin. Və əgər birdən ədalətlə rəftar etməyəcəyinizdən qorxsanız, onda, yalnız bir qadınla, ya aldığınız bir kənizlə kifayətlənin. Bu iş sizin yolunuzu azmamağınıza və zülm etməməyinizə daha yaxındır.
Və qadınların mehriyyələrini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi verin (hərçənd ki, bu, sizin boynunuzda bir vacib, onlar üçün isə ilahi bir bəxşişdir). Əgər onlar könül xoşluğu ilə ondan sizə bir şey bağışlasalar, onu nuş və ləzzətlə xərcləyin.
Allahın sizin (yaşayışınız) üçün dayaq etdiyi mallarınızı (və yetimlərin mallarını), səfehlərə (və az yaşlı yetimlərin özlərinə) verməyin. Onlara həmin malın gəlirindən ruzi verin, onları geyindirin və onlarla bəyənilən bir tərzdə danışın.
Yetimləri evlənmək həddinə (hər bir insanın və heyvanın ruhi və cismi təkamülünün ilk mərhələsi olan cinsi yetkinlik həddinə) çatana qədər sınayın. Beləliklə, əgər onlarda (fikir və ağıl baxımından) bir inkişaf görsəniz, onların mallarını özlərinə qaytarın. Onu (onların mallarını) böyüyəcəklərinə (və mallarını sizdən geri almalarından qorxduğunuza) görə israfla və tələm-tələsik yeməyin. (Yetimlərin qəyyumlarından) ehtiyacı olmayan kəs (yetimin malına əl vurmaqdan) çəkinsin. Yoxsul olan isə (yetimin malından) ürfi (və ədalətli zəhmət haqqı) miqdar(ın)da yesin. Beləliklə, onların mallarını özlərinə qaytarmaq istəyən zaman, onlar üçün şahid tutun (ki, sonradan bir mübahisə, dava-dalaş düşməsin). Allah yetərli hesab çəkəndir.
Kişilərin ata, ana və yaxın qohumlarının qoyub getdiklərində payları vardır. Qadınların da ata, ana və yaxın qohumlarının qoyub getdiklərində payları vardır. (Mal istər) az olsun, ya çox, müəyyən və vacib bir pay(dır). (Belə bir hökmün olması ağıl baxımından lazım və gərəklidir, onun miqdarı və necəliyi isə hər bir şəriətə uyğun surətdə vacibdir)
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə