"İl" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "İl" üzrə 3852 ayə tapıldı.
Ey iman gətirənlər, sizdən birinin ölümü çatan zaman, vəsiyyət vaxtı aranızdakı şahid, sizin özünüzdən (möminlərdən) iki adil kişi olsun. Yaxud əgər ölüm müsibəti sizə səfərdə olduğunuz zaman yetişsə (və möminlərdən şahid tapmasanız), özünüzdən olmayan iki nəfər (şahid) olsun. Əgər (şəhadət verdikləri zaman onların düz danışmalarına) şəkk etsəniz, hər ikisini namazdan sonra saxlayırsınız və onlar da Allaha and içirlər ki: biz (şahidlik etdiyimiz məsələ) qohumlarımız(la əlaqədar) olsa belə öz şəhadətimiz vasitəsilə azacıq (da olsa) bir qazanc əldə etmir və ilahi şəhadəti gizlətmirik, yoxsa mütləq günahkarlardan olarıq.
Bu (üsul, yəni şəkk yaranan kimi şahidlərə and içdirilməsi və onun yalançı olması fərz olunduqda iddiaçının and içməsi) onların şəhadəti düzgün yerinə yetirmələrinə və ya onların andlarından sonra başqa andların (iddiaçılara) qaytarılmasından (və nəticədə rüsvay olmaqdan) qorxmalarına daha yaxındır. Allahdan qorxun və (Onun əmrlərini) eşidin. Allah itaətsiz camaatı hidayət etmir.
(Yada sal) o gün(ü) ki, Allah bütün peyğəmbərləri bir yerə toplayaraq deyəcək: «(Dəvətiniz müqabilində) sizə nə cavab verildi?» Deyəcəklər: «Bizim heç bir elmimiz yoxdur (Sənin elmin müqabilində bizim elmimiz heçdir; yaxud onların işlərinin batinini bilmirik və ya bizdən sonra etdiklərindən xəbərimiz yoxdur). Həqiqətən gizlinləri kamil surətdə bilən Sənsən».
(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey Məryəm oğlu İsa, Mənim sənə və anana olan nemətimi xatırla, o zaman ki, səni Ruhul-Qudusla qüvvətləndirdim və sən camaatla beşikdə ikən (möcüzə yolu ilə) və orta yaşlarında (vəhy yolu ilə) danışırdın; o zaman ki, sənə kitab (öz kitabını və səmavi kitabları), şəriət hökmlərini, əqli elmləri, Tövratı və İncili öyrətdim; o zaman ki, Mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, Mənim iznim və iradəmlə quş olurdu; Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin; o zaman ki, Mənim iznimlə ölüləri (qəbirdən diri) çıxarırdın; o zaman ki, İsrail övladları üçün (peyğəmbərliyə dair) aydın dəlillər gətirdiyin vaxt, onların (şərrinin sənə dəyməsinin) qarşısını aldım, beləliklə, onlardan kafir olanlar dedilər: «Bu (möcüzələr), aşkar cadudan başqa bir şey deyildir!»
Həvarilərə (İsanın vəzirlərinə və xas səhabələrinə) «Mənə və Mənim peyğəmbərimə iman gətirin» deyə vəhy göndərən zaman onlar «iman gətirdik, şahid ol ki, biz Sənin əmrinə təslim olanlarıq» dedilər.
(Və yada sal) o zaman(ı) ki, həvarilər dedilər: «Ey Məryəm oğlu İsa, sənin Rəbbin bizə göydən «maidə» (tabaq, yaxud yeməklə dolu bir süfrə) göndərə bilərmi (zamanın məsləhəti bunu tələb edirmi)?» Dedi: «Əgər möminsinizsə, Allahdan qorxun». (Olmaya mənim peyğəmbərliyimdə şəkkiniz var və bu səbəbdən möcüzə istəyirsiniz?!)
Dedilər: «İstəyirik ki, ondan yeyək və qəlblərimiz rahatlıq və sakitlik tapsın və (gözlə görüb yəqinlik əldə edərək) bilək ki, sən bizə doğru demisən və biz də buna şahidlərdən olaq».
Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir «maidə» (süfrə) nazil et ki, o bizim üçün - həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan».
Allah buyurdu: «Həqiqətən, Mən onu sizə nazil edəcəyəm. Beləliklə, əgər bundan sonra kimsə kafir olsa, şübhəsiz, Mən ona aləmdə hələ heç kimə vermədiyim bir əzab verəcəyəm».
Və (yada sal Qiyamət gününü) o zaman(ı) ki, Allah buyuracaq: «Ey Məryəm oğlu İsa, insanlara sən demisən ki, «məni və mənim anamı Allah yerinə iki tanrı kimi qəbul edin?» Dedi: «(Ey Rəbbim,) Sən (hər bir eyb və nöqsandan) paksan, mənə haqqım olmayan şeyi demək yaraşmaz, əgər demiş olsaydım şübhəsiz, Sən onu bilərdin, Sən mənim nəfsimdə olanı bilirsən, (amma) mən Sənin zatında olanı bilmirəm, həqiqətən Sənsən gizlinləri kamil bilən!»
Mən onlara yalnız Sənin mənə əmr etdiyini – «mənim Rəbbim və sizin Rəbbiniz olan Allaha ibadət edin» demişəm. Nə qədər ki, onların arasında idim, onlara şahid idim. Elə ki, məni (Özünə tərəf) qaldırdın, Sən Özün onlara nəzarətçi idin. Sən hər bir şeydən xəbərdar və (hər bir şeyi) bilənsən».
«Əgər onlara əzab versən, onlar Sənin bəndələrindir (və Sənin əzabın eynilə ədalətdir) və əgər onları bağışlasan (bu qüdrət və hikmət əsasındadır və) həqiqətən, Sən Özün yenilməz qüdrət və hikmət sahibisən».
Göylərin, yerin və onlarda olanların həqiqi malik və hakimi Allahdır (çünki, onların yaradılışı, qorunması, işlərinin nizama salınması və sonra nəzərdə tutulan vaxtda yox edilməsi Allahın kamil istək və iradəsindən asılıdır) və O hər şeyə qadirdir.
Göylərdə və yerdə olan tək Allah Odur. O, sizin gizlininizi də, aşkarınızı da bilir və (yaxşı və pisdən) əldə etdiklərinizdən də xəbərdardır.
Həqiqətən onlar haqq (Qur’an və möcüzələr) onlara gələn zaman onu təkzib etdilər. Odur ki, tezliklə, istehza etdikləri şeyin xəbərləri (bu barədə vəd edilmiş cəzalar) onlara yetişəcəkdir.
Məgər onlardan qabaq necə çox insan cəmiyyətlərini həlak etdiyimizi görmədilər? Onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Buludları yağan halda onların üzərinə göndərmiş və çayları onların (ayaqları) altından axıtmışdıq. (Lakin onlar nankorluq etdilər.) Buna görə də Biz günahlarının cəzası olaraq onları həlak etdik və onlardan sonra digər bir toplum vücuda gətirdik.
Əgər sənə kağız səhifə üzərində bir yazı nazil etsək və onlar öz əlləri ilə ona toxunsalar belə, kafirlər yenə də «bu, aşkar sehrdən başqa bir şey deyildir» deyəcəklər.
Onlar «nə üçün ona bir mələk nazil olmur (ki, onun peyğəmbərliyinə şəhadət verərək, onunla birgə insanları qorxutsun)?» dedilər. Əgər mələk nazil etsək (və onlar inkar etsələr, Bizim ənənəvi qanunlarımıza uyğun olaraq) iş (onların həlak olmaları) mütləq sona çatar və onlara daha heç bir möhlət verilməz.
Əgər onu mələk etsəydik (Peyğəmbəri mələklərdən seçib göndərməli olsaydıq, mələklə insanın cövhərinin müxtəlifliyinə görə və onların qarşılıqlı anlaşma və münasibət qurmaları qeyri-mümkün olduğu üçün) onu mütləq kişi şəklinə salar və onlar (haqqı batilə) oxşar hala saldıqları kimi (Biz də mütləq bu işi) onlara örtülü və anlaşılmaz edərdik (və onlar «bu da bizim kimi bir insandır» deyərdilər).
Şübhəsiz, səndən əvvəlki peyğəmbərlər də istehza və məsxərə olundular. Beləliklə onları məsxərə edən kəslərə məsxərə etdikləri şey (ildırım, zəlzələ və sairə) nazil oldu və onları bürüdü.
3852 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
193 Səhifə