Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Camaatdan gizlədirlər, Allahdan isə gizlətmirlər (həmin işin Allahdan gizli olmamasından qorxmurlar), halbuki Allah Onun razı olmadığı söz barəsində gecə araşdırma aparıb çarə fikirləşdikləri zaman (Peyğəmbərə(s) müsəlmanın xeyrinə hökm etməsini deməyi planlaşdırarkən) onlarla birgə idi. Allah həmişə onların etdiklərini (elm və qüdrət baxımından) əhatə etmişdir.
(Oğrunun qəbiləsinə xitabən:) Bir baxın, (tutaq ki,) dünya həyatında onları (xainləri) siz müdafiə etdiniz, amma (bəs) onları Qiyamət günü Allahın qarşısında kim müdafiə edəcək, yaxud kim onların işinə yarayacaq?!
Hər kim pis bir iş görsə, yaxud özünə zülm etsə (özünə və ya başqasına zülm etsə, yaxud etiqad və ya əməldə günah etsə), sonra Allahdan bağışlanmaq diləsə, Allahın bağışlayan və mehriban olduğunu görər.
Kim bir günah qazansa, əslində (hətta maddi fayda və ləzzətləri olmuş olsa belə) öz ziyanına qazanır. Allah həmişə bilən və hikmətlidir.
Kim (səhvən və ya bilərəkdən, yaxud fərdi və ya ictimai) bir günah etsə, sonra onu günahsız bir şəxsə nisbət versə, şübhəsiz, boynuna (başqalarına töhmət vurmaqda) böhtan və aşkar bir günah götürmüşdür.
Əgər Allahın lütf və mərhəməti sənin halına şamil olmasaydı, həqiqətən onlardan bir dəstə səni (hökm çıxarmaqda) azdırmaq qərarına gəlmişdi. Halbuki onlar özlərindən başqasını azdırmaz və sənə heç bir zərər-ziyan vura bilməzlər. Allah (səma) kitab(ını) və hikməti (şəriət elmləri və əqli maarifi) sənə nazil etdi və bilmədiklərini sənə öyrətdi. Allahın sənə lütf və mərhəməti həmişə böyükdür.
Onların gizli söhbətləri və (bir-birlərinin qulaqlarına) pıçıldadıqlarının çoxunda - sədəqəyə, ya xeyir bir işə və yaxud insanların arasını düzəltməyə əmr edən kəslər(in gizli söhbətləri) istisna olmaqla - bir xeyir yoxdur. Kim Allahın razılığını qazanmaq üçün belə etsə, tezliklə ona böyük bir mükafat verəcəyik.
Kim hidayət yolu ona aydın olduqdan sonra Bizim göndərdiyimiz peyğəmbərlə müxalifət və düşmənçilik etsə və möminlərin yolundan başqa bir yola tabe olsa, onu elə üz tutduğu tərəfə yönəldər, Cəhənnəmə daxil edər və onun hərarətini ona daddırarıq. Ora pis bir dönüş yeridir.
Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı, tövbəsiz) bağışlamaz və ondan başqasını (ondan başqa və ya aşağı günahları) istədiyi şəxs üçün (bəzi şərtlərlə, hətta tövbəsiz belə,) bağışlayar. Allaha şərik qoşan kəs, həqiqətən uzun-uzadı bir azğınlığa düşmüşdür.
Onlar Allahdan başqa yalnız qızları (qəbilələrin ögey qızları hesab edilən bütləri) çağırır və (əslində) yalnız azğın və itaətsiz Şeytanı səsləyirlər.
Allah ona lənət etdi və onu Öz rəhmətindən uzaqlaşdırdı. O dedi: «And olsun ki, mən Sənin bəndələrindən (özüm üçün) müəyyən bir pay götürəcəyəm». (Dünyada bütün kafir və fasiqlər, axirətdə isə müqəssir kafirlər və şəfaətin şamil olmadığı fasiqlər onundur.)
«Və şübhəsiz onları azdıracaq və (uzun-uzadı) arzulara düçar edəcəyəm; onlara əmr edəcəyəm ki, dördayaqlıların qulaqlarını (xurafat və bidət üzündən) deşsinlər (Maidə surəsi, 103-cü ayə); Allahın (ruh və cismdəki) xilqətini dəyişdirmələrini (fitri dini küfrə, yaxşı sifətləri rəzilətlərə, ibadətləri itaətsizliyə və təbii cismi başqa bir şəklə salmalarını) əmr edəcəyəm. Kim Allahın yerinə Şeytanı özünə başçı və yardımçı götürsə, doğrudan da aşkar bir ziyana düşmüşdür.
Şeytan onlara vədə verir və arzulara daldırır. Şeytan onlara aldadıcı vəddən başqa bir şey vermir.
İman gətirib yaxşı işlər görənləri tezliklə (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəyik (və onlar) orada əbədi qalacaqlar. (Bu,) Allahın verdiyi haqq bir vəddir. Allahdan daha doğru danışan kimdir?!
(Axirətdə mükafat və cəzanın verilməsi) nə (sonuncu peyğəmbərin ümməti olduğunuza görə) sizin arzunuzladır və nə də (ki, özlərini Allahın dostu və övladları hesab edən) kitab əhlinin arzusuyla. Kim pis bir iş görsə, cəzalandırılacaqdır və özü üçün Allahdan başqa bir dost və kömək edən tapmayacaqdır.
kişi və ya qadınlardan mömin olaraq yaxşı işlərdən (bir şey) yerinə yetirən kəslər, cənnətə daxil olacaqlar və onlar hətta xurma çərdəyinin arxasındakı nöqtə qədər zülmə məruz qalmayacaq və haqlarından kəsilməyəcəkdir.
Kimin dini yaxşı əməl sahibi olub (şəriət baxımından) haqpərəst İbrahimin dininə tabe halda bütün vücudunu Allaha təslim edən şəxs(in dinin)dən daha gözəldir? Allah İbrahimi (Özünə) dost tutmuşdur.
(Hər bir şeyin yaradılışı, qorunması, idarə olunması və nəzərdə tutulan zamanda yox edilməsi Allahın iradə və istəyi ilə olduğu üçün) göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. Allah həmişə (vücud, qüdrət və elm baxımından) hər şeyi əhatə etmişdir.
Səndən qadınlar (onlarla evlənmək və onların irsi) barəsində hökm istəyirlər, de: «Onlar barəsində sizə (surənin əvvəlində gördüyünüz kimi) Allah hökm verir. Həmçinin bu kitabda sizə oxunan şeylər – qərara alınmış haqlarını vermədiyiniz və evlənməyə rəğbət göstərmədiyiniz yetim qızlar barəsində, eləcə də (mallarını yediyiniz) zəif və aciz uşaqlar barəsində (hökm verir). Və (Allah sizə) yetimlərlə ədalətli və insafla davranmağınızı (tövsiyə edir).» Şübhəsiz Allah gördüyünüz hər bir xeyir işi bilir.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə