"k" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "k" üzrə 5500 ayə tapıldı.
Allahın hökmü içərisində olan Tövrat onların yanlarında ola-ola səni necə hakim təyin edir, sonra onun (sənin çıxardığın hökmün) ardınca (çıxarılmış hökmün kitabları ilə üst-üstə düşməsinə baxmayaraq) üz döndərirlər?! Onların (öz kitablarına da) imanları yoxdur.
Həqiqətən Biz onda hidayət və nur olan Tövratı nazil etdik. (Musanın zamanından İsanın zamanına qədər Musanın dininə) təslim olan peyğəmbərlər onun əsasında yəhudilər üçün hökm çıxarırdılar. Həmçinin rəbbani (Allahpərəst) alimlər və (Tövratşünas) bilik sahibləri onlardan Allahın kitabının qorunması istənildiyi və onlar onun (qalması və toxunulmazlığına) şahid olduqları üçün (onun əsasında hökm çıxarırdılar). Odur ki, (ey yəhudi alimləri,) insanlardan qorxmayın, Məndən qorxun və Mənim ayələrim(i təhrif etmək) vasitəsilə az bir qazanc əldə etməyin! Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır kafirlər!
Biz o kitabda onlar üçün (belə) qərara aldıq ki, canın müqabilində can, gözün müqabilində göz, burunun müqabilində burun, qulağın müqabilində qulaq və dişin müqabilində dişdir (və bunların hər birinin qisası alınır). Yaraların da qisası vardır. Kim qisas alınmasına boyun qoysa bu, (onun həmin günahı üçün) bir kəffarədir. Kim qisas almaqdan keçsə, bu, (onun günahları üçün) bir kəffarədir. Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır zalımlar!
Onların (qabaqkı peyğəmbərlərin) ardınca Məryəm oğlu İsanı göndərdik ki, o, özündən əvvəlki Tövratı təsdiqləyirdi. Və ona içində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən və pəhrizkarlar üçün hidayət və nəsihət olan İncil verdik.
Gərək İncil əhli Allahın onda nazil etdiyinin əsasında hökm etsin. Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır fasiqlər!
Biz bu kitabı sənə haqq və doğru olaraq özündən əvvəlki (səmavi) kitabları təsdiq edən və onlara hakim, nəzarətçi, qoruyan və şahid kimi nazil etdik. Buna görə də onların arasında Allahın (sənə) nazil etdiyinin əsasında hökm et və heç vaxt sənə gəlmiş haqdan dönərək onların (nəfsi) istəklərinə tabe olma. Siz (ümmətlər)in hər biriniz üçün aydın bir şəriət və yol qoyduq. Əgər Allah (Öz qəti iradəsi ilə) istəsəydi, şübhəsiz, sizin hamınızı (bütün ümmətləri) bir ümmət edərdi (tarix boyu bütün bəşəriyyətə eyni durğun zehni istedad verər və hamını bir şəriətə möhtac edərdi). Lakin sizi, sizə verdiyi şeylə imtahan etmək istədi (buna görə də insanlara kamilləşməsi mümkün olan müxtəlif istedadlar verdi və onun təkamülünə uyğun olaraq şəriətlər nazil etdi). Buna görə də xeyir işlərə doğru bir-birinizi qabaqlayın. Hamınızın qayıdışı Allaha tərəfdir. O sizi, barəsində ixtilafda olduğunuz şeydən xəbərdar edəcəkdir.
(Sənə vəhy etdik ki,) onların arasında Allahın nazil etdiyinin əsasında hökm et, onların nəfsi istəklərinə tabe olma və onlardan çəkin ki, məbadə səni Allahın sənə nazil etdiyinin bəzisindən döndərələr. Beləliklə əgər onlar (sənin hökm etməyindən) üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarının cəzası olaraq müsibətə düçar etmək istəyib. Əlbəttə insanların çoxu fasiq və Allahın itaətindən çıxandırlar.
Bəs onlar cahiliyyət dövrünün hökmünü istəyirlər?! (Yaradılışın başlanğıc və sonuna) yəqinliyi olanlar üçün kimin hakimliyi Allahın hakimliyindən daha yaxşıdır?!
Ey iman gətirənlər, yəhudi və xaçpərəstləri özünüzə dost və köməkçi tutmayın, onlar bir-birlərinin dostu və köməkçiləridir. Sizdən kim onları özünə dost və köməkçi tutsa, onlardan olacaqdır (və zalımdır və) şübhəsiz, Allah zalım dəstəni hidayət etməz.
Beləliklə qəlblərində xəstəlik (nifaq və ikiüzlülük xəstəliyi) olan kəslərin onlar(la dostluğ)a tələsmələrini, «bizə pis bir hadisənin üz verməsindən (İslam dövlətinin süquta uğramasından və onların bizə hakim olmalarından) qorxuruq» demələrini görürsən. Ümid var ki, Allah (müsəlmanlar üçün) bir qələbə, yaxud Öz tərəfindən bir iş qarşıya çıxarsın (kafirləri başqa yolla həlak etsin) və onlar qəlblərində gizlətdikləri şeyə görə peşman olsunlar.
İman gətirənlər (münafiqlərin nifaqı üzə çıxan zaman bir-birlərinə) deyərlər: «Sizinlə birlikdə olmalarına dair Allaha möhkəm and içənlər bunlar idilər?!» (Doğrudan da) onların (münafiqlərin) əməlləri batil və puç oldu və onlar ziyana uğradılar.
Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu (iman, məhəbbət və şücaət) Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir.
Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi Əli əleyhis-salam və onun rüku halında üzük bağışlamasıdır).
Kim Allahı, Onun peyğəmbərini və iman gətirənləri (öz) sahib və başçı(sı) kimi qəbul etsə (Allahın firqəsindəndir və) şübhəsiz, Allah firqəsi qalibdir.
Ey iman gətirənlər, sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən və (digər) kafirlərdən sizin dininizi lağa qoyan və ələ salanları özünüzə dost və köməkçi tutmayın və əgər möminsinizsə Allahdan qorxun.
(İnsanları azan vasitəsilə) namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ələ salarlar. Bu ona görədir ki, onlar düşünməyən bir tayfadırlar.
De: «Ey kitab əhli, məgər bizdən yalnız Allaha, (Onun tərəfindən) bizə nazil olana və bizdən öncə (keçmiş peyğəmbərlərə) nazil olana iman gətirməyimizi, sizin çoxunuzun isə itaətsiz olmağınızı eyb tut(m)ursunuz?!» (Bu ayə bu sözə oxşayır ki: «Mənə mənim yalnız varlı, sənin isə yoxsul olmağını, yaxud mənim alim, sənin isə nadan olmağını eyb tutursan.»)
De: «Sizə Allah yanında cəzaları (sizin irad tutduğunuz bu möminlərinkindən) daha pis olan kəslərdən xəbər verimmi? Onlar (sizin keçənlərinizdən) Allahın lənət etdiyi, qəzəbləndiyi,bəzisini meymunlar və donuzlar surətinə saldığı və Tağuta pərəstiş etmiş kəslərdir. Onlardır yerləri daha pis olan və düz yoldan daha çox azanlar!»
Onlar sizin yanınıza gələndə «iman gətirdik» deyərlər, halbuki, şübhəsiz (sizin hüzurunuza) küfr əqidəsi ilə gəlib və (elə) həmin əqidə ilə də xaric olublar! Allah onların həmişə gizlətdiklərini daha yaxşı bilir.
Onların çoxunun günah etmək, (başqalarının hüququna) təcavüzkarlıq və haram yeməkdə tələsdiklərini görürsən. Onların həmişə etdikləri çox pisdir!
5500 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
275 Səhifə