Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Allaha itaət edin, Onun peyğəmbərinə tabe olun və (onunla müxalifət etməkdən) çəkinin. Beləliklə, əgər üz döndərsəniz, bilin ki, Bizim peyğəmbərimizin vəzifəsi yalnız (ona tapşırılanı) aydın şəkildə çatdırmaqdır (onun icrası peyğəmbərin vəzifəsi deyildir. İcra imamətin vəzifələrindəndir və həmçinin peyğəmbərin vəzifəsi cəzalandırmaq da deyil, çünki bu, Allahın istək və iradəsindən asılıdır).
İman gətirib yaxşı işlər görən kəslərə (haram olmamışdan qabaq şərabdan, murdardan və qumarla əldə edilən məhsuldan) daddıqlarında (həmin şeylər haram olduqdan sonra isə) təqvalı olaraq (dinin əslinə ümumi şəkildə) iman gətirib yaxşı işlər gördükləri, sonra təqvalı olub (dinin hökmlərinə müfəssəl surətdə) iman gətirdikləri və yenə də təqvalı olub yaxşı iş gördükləri (din hökmlərini kamil və gözəl surətdə yerinə yetirdikləri) təqdirdə bir günah yoxdur. Allah yaxşıları və yaxşı iş görənləri sevir.
Ey iman gətirənlər, Allah gizlində Ondan qorxanları aşkar etmək (əzəli elminin xaricdə gerçəkləşməsi) üçün sizi mütləq əliniz və nizəniz çatan ovdan bir şeylə (ehram halında olan zaman quru heyvanlarını ovlamağı qadağan etməklə) imtahan edəcəkdir (ki, həmin heyvanlar sizdən hürkməsinlər və sizə yaxınlaşsınlar). Beləliklə, bundan sonra kim (müəyyənləşdirilmiş) həddi aşsa, onun üçün ağrılı bir əzab olacaqdır.
Ey iman gətirənlər, ehram halında olarkən ov öldürməyin. Sizdən kim bilərəkdən onu öldürsə, boynuna (əhliləşdirilmiş) dördayaqlılar cinsindən, öldürdüyünün bənzəri olan bir kəffarə düşür (məsələn, dəvəquşunun kəffarəsi dəvə, dağ keçisinin kəffarəsi inək və ceyranın kəffarəsi qoyundur). Sizdən iki nəfər adil (adam) bu bənzərliyə şəhadət versin və o, qurbanlıq kimi Kə’bəyə (Kə’bənin ətrafındakı qurbanlıq yerinə) çatsın. Yaxud kəffarə (o bənzər heyvanın qiyməti qədər) fəqirlərə yemək vermək və ya onun qədər oruc tutmaqdır (onun qiymətinin bərabəri qədər hər fəqirə bir mudd yəni yeddi yüz əlli qram yemək verməlidir, yaxud müdlərin sayı qədər oruc tutmalıdır) ki, öz işinin cəzasını dadsın. Allah keçənlərə göz yumdu (birinci dəfəni kəffarə ilə bağışladı). Kim yenidən qayıtsa (yenidən Hərəmdə ov etsə , daha bunun kəffarəsi yoxdur, lakin) Allah ondan intiqam alacaqdır və Allah yenilməz qüdrət və intiqam sahibidir.
Sizin və müsafirlər üçün bəhrələnmək vasitəsi olsun deyə, sizə (ehram halında olarkən) dənizdən ov ovlamaq və ondan yemək halal edildi. Nə qədər ki, ehramdasınız sizə qurudan ov ovlamaq haramdır. Qorxun o Allahdan ki, Onun hüzuruna toplanılacaqsınız.
Allah Kə’bəni – o möhtərəm və təhlükəsiz evi, haram ayı (Həcc ayını və ya dörd haram ayı), nişanəsiz qurbanlığı və nişanəli qurbanları insanların (din və dünyasının) dayaq və bərqərarlıq vasitəsi etdi. Bu (böyük və hikmətli qanunvericilik) ona görədir ki, siz biləsiniz (ki): Şübhəsiz, Allah göylərdə olanı və yerdə olanı bilir və Allah hər bir şeyi biləndir.
Bizim peyğəmbərimizin vəzifəsi yalnız (dinin hökmlərini) çatdırmaqdır (və həmin hökmlərin cəmiyyətdə əməli surətdə icrası imamətin vəzifələrindən, savab və cəza vermək isə rübubiyyətə aid işlərdəndir). Allah aşkar etdiklərinizi də, gizlətdiklərinizi də bilir.
De: «Murdarların çoxluğu səni təəccübləndirsə də, murdarla pak (istər insanın ruhiyyəsində olsun, istərsə də onun əqidə, əxlaq və əməlində) əsla bir deyildir.» Odur ki, ey ağıl sahibləri, Allahdan qorxun, bəlkə nicat tapdınız.
Ey iman gətirənlər, (ömrün müddəti, dostların ölümü, var-dövlətin əldən çıxması və yaradılış aləminin hikmətinə və kamil quruluşuna uyğun olaraq gizli qalan məsələlər kimi) sizə aşkar olacağı təqdirdə sizi narahat və qəmgin edəcək şeylər barəsində (Peyğəmbərdən) soruşmayın. Əgər Qur’an nazil (və vəhy mələyi hazır) olan zaman onların barəsində soruşsanız, sizin üçün aşkar olar. Allah onlardan (keçmişdə verilmiş yersiz suallardan) keçdi (onları əfv etdi). Allah çox bağışlayan və həlimdir.
Allah heç bir heyvanı(n istifadəsini) «bəhirə», «saibə», «vəsilə» və «ham» (adı ilə haram və qadağan) etməmişdir. (Bəhirə beş dəfə doğmuş dəvə, saibə xəstə üçün nəzr deyildiyinə görə azad olunmuş dəvə, vəsilə balası onların və bütlərin arasında müştərək olan qoyun və ham on dəfə doğmuş dəvədir ki, cahiliyyət dövründə bunlardan istifadəni haram sayırdılar.) Lakin kafirlər Allaha qarşı yalan uydururlar və onların çoxu düşünmürlər.
Onlara «Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin» deyiləndə, «atalarımızın getdiyi yol (onların əqidə və əməlləri) bizə bəsdir!» deyərlər. Görəsən ataları hətta bir şey bilməmiş və (düz yola) hidayət olunmamış olsalar belə (bunlar yenə də kor-koranə surətdə onları təqlid edəcəklər)?
Ey iman gətirənlər, özünüzü gözləyin! Əgər siz özünüz doğru yolda olsanız, yolunu azmış kəs(in zəlaləti) sizə heç bir zərər yetirə bilməz (hərçənd ki, onu da doğru yola dəvət etməlisiniz). Hamınızın qayıdışı Allaha tərəfdir. Beləliklə O, sizi etdiklərinizdən xəbərdar edəcəkdir.
Ey iman gətirənlər, sizdən birinin ölümü çatan zaman, vəsiyyət vaxtı aranızdakı şahid, sizin özünüzdən (möminlərdən) iki adil kişi olsun. Yaxud əgər ölüm müsibəti sizə səfərdə olduğunuz zaman yetişsə (və möminlərdən şahid tapmasanız), özünüzdən olmayan iki nəfər (şahid) olsun. Əgər (şəhadət verdikləri zaman onların düz danışmalarına) şəkk etsəniz, hər ikisini namazdan sonra saxlayırsınız və onlar da Allaha and içirlər ki: biz (şahidlik etdiyimiz məsələ) qohumlarımız(la əlaqədar) olsa belə öz şəhadətimiz vasitəsilə azacıq (da olsa) bir qazanc əldə etmir və ilahi şəhadəti gizlətmirik, yoxsa mütləq günahkarlardan olarıq.
Beləliklə, əgər (yalan danışmaqla) o ikisinin (həmin iki şahidin) günaha batmaları məlum olsa, zülm və xəyanətə məruz qalan kəslərdən və ölənə yaxın olanlardan (yəni iddiaçı olmalarına baxmayaraq ölənin varislərindən olan) digər iki şahid onların yerinə keçir və Allaha and içirlər ki: bizim şahidliyimiz o ikisinin şahidliyindən daha düzgündür və biz (haqq barəsində) həddi aşmamışıq, əks halda zalımlardan olarıq.
Bu (üsul, yəni şəkk yaranan kimi şahidlərə and içdirilməsi və onun yalançı olması fərz olunduqda iddiaçının and içməsi) onların şəhadəti düzgün yerinə yetirmələrinə və ya onların andlarından sonra başqa andların (iddiaçılara) qaytarılmasından (və nəticədə rüsvay olmaqdan) qorxmalarına daha yaxındır. Allahdan qorxun və (Onun əmrlərini) eşidin. Allah itaətsiz camaatı hidayət etmir.
(Yada sal) o gün(ü) ki, Allah bütün peyğəmbərləri bir yerə toplayaraq deyəcək: «(Dəvətiniz müqabilində) sizə nə cavab verildi?» Deyəcəklər: «Bizim heç bir elmimiz yoxdur (Sənin elmin müqabilində bizim elmimiz heçdir; yaxud onların işlərinin batinini bilmirik və ya bizdən sonra etdiklərindən xəbərimiz yoxdur). Həqiqətən gizlinləri kamil surətdə bilən Sənsən».
(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey Məryəm oğlu İsa, Mənim sənə və anana olan nemətimi xatırla, o zaman ki, səni Ruhul-Qudusla qüvvətləndirdim və sən camaatla beşikdə ikən (möcüzə yolu ilə) və orta yaşlarında (vəhy yolu ilə) danışırdın; o zaman ki, sənə kitab (öz kitabını və səmavi kitabları), şəriət hökmlərini, əqli elmləri, Tövratı və İncili öyrətdim; o zaman ki, Mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, Mənim iznim və iradəmlə quş olurdu; Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin; o zaman ki, Mənim iznimlə ölüləri (qəbirdən diri) çıxarırdın; o zaman ki, İsrail övladları üçün (peyğəmbərliyə dair) aydın dəlillər gətirdiyin vaxt, onların (şərrinin sənə dəyməsinin) qarşısını aldım, beləliklə, onlardan kafir olanlar dedilər: «Bu (möcüzələr), aşkar cadudan başqa bir şey deyildir!»
Həvarilərə (İsanın vəzirlərinə və xas səhabələrinə) «Mənə və Mənim peyğəmbərimə iman gətirin» deyə vəhy göndərən zaman onlar «iman gətirdik, şahid ol ki, biz Sənin əmrinə təslim olanlarıq» dedilər.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə