Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Əgər (təqib edilən) müşriklərdən biri səndən aman istəsə, Allahın kəlamını eşitmək üçün ona aman ver. Sonra onu təhlükəsiz olduğu yerə çatdır. Çünki onlar bilməyən bir dəstədirlər.
Məscidül-Həramın yanında əhd-peyman bağladığınız kəslərdən başqa, müşriklərin Allahın yanında və Onun Peyğəmbərinin yanında necə əhd-peymanları ola bilər?! Buna görə də, nə qədər ki, onlar (Məscidül-Həramın yanında əhd-peyman bağladığınız müşriklər) sizinlə (olan əhdlərində) möhkəm durublar, siz də onlarla (olan əhdlərinizdə) möhkəm durun ki, həqiqətən, Allah pəhrizkarları sevir.
(Bəli, onların əhdlərinə) necə (etimad bəslənə bilər)? Halbuki, əgər sizə qalib gəlsələr, sizin haqqınızda nə bir qohumluğu nəzərə alarlar, nə də bir əhdnaməyə riayət edərlər. Sizi öz sözləri ilə razı salırlar, halbuki, ürəkləri imtina edir. Onların çoxu (Allaha və vicdanlarına qarşı) itaətsizdirlər.
Onlar Allahın ayələrini vermək müqabilində az bir qazanc əldə etdilər (Peyğəmbəri və onun kitabını inkar etməklə məqam və dünya əldə etdilər), beləliklə (insanları) Onun yolundan saxladılar. Doğrudan da onların əməlləri pisdir.
Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr, onlar sizin din qardaşlarınız olacaqlar. Biz öz ayə və nişanələrimizi bilən dəstə üçün ətraflı surətdə izah edirik.
Əgər yerinə yetirəcəklərini öhdələrinə götürdükdən sonra əhdlərini pozsalar və sizin dininizə tənə vurub irad tutsalar, onda bəlkə əl çəkələr deyə (bu) küfr başçıları ilə vuruşun ki, onların heç bir öhdəçilikləri yoxdur.
Yoxsa siz öz andlarını pozmuş, Allahın Peyğəmbərini (Məkkədən) çıxarmaq qərarına gəlmiş və sizinlə (müharibəyə) ilk dəfə başlayan da onlar olan bir dəstə ilə vuruşmayacaqsınız? Yoxsa onlardan qorxursunuz? Əgər imanınız varsa, Allah qorxulmağa daha layiqdir.
Onlarla vuruşun ki, Allah onlara sizin əlinizlə əzab versin, onları xar etsin, sizi onlara qalib etsin və möminlərdən (müşriklərdən yaralı) olan dəstənin ürəklərinə şəfa versin.
Həmçinin onların qəlblərinin qəzəbini aradan aparsın. Allah nəzərini istədiyi şəxsə yönəldərək tövbəsini qəbul edər. Allah bilən və hikmətlidir.
Yoxsa Allahın sizlərdən cihad edənləri və Allahdan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə sirdaş etməyənləri hələ aydınlaşdırıb üzə çıxarmadığı halda (onlar haqqında olan əzəli elmi gerçəkləşməmiş öz başınıza) buraxılacağınızı zənn edirsiniz? Allah əməllərinizdən xəbərdardır.
Müşriklərə öz küfrlərinə şahid olduqları halda (küfrlə şirk tovhidlə bağlı əməllərə zidd olduğu üçün) Allahın məscidlərini abadlaşdırmaq (tikməkdən tutmuş digər bəzək işlərinə kimi) yaraşmaz, haqları yoxdur, şəriət və ağıl baxımından da düzgün deyildir. Onların bütün (xeyir) əməlləri hədərə gedib puç olmuşdur və onlar odda əbədi qalacaqlar.
Həqiqətən Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və (dini vəzifələrin yerinə yetirilməsində) Allahdan başqa heç kəsdən qorxmayan şəxslər (maddi və mənəvi cəhətdən) abad edərlər. Buna görə də onların hidayət olunmuşlardan olmalarına ümid vardır.
Yoxsa siz hacılara su verməyi və Məscidül-Həramı abadlaşdırmağı Allaha və axirət gününə iman gətirən və Allah yolunda cihad edən şəxs(in iman və əməli) ilə bir tutursunuz? Allah yanında (bu ikisi əsla) bir deyildir. Allah zalım dəstəni hidayət etməz.
İman gətirən, hicrət edən və Allah yolunda malları və canları ilə cihad edənlərin Allah yanında məqam və dərəcələri çox böyükdür və onlar həmin nicat tapanlardır.
Rəbbi onları Öz tərəfindən bir rəhmət və razılıqla və içərisində onlar üçün sürəkli və daimi nemət olan Cənnətlərlə müjdələyir.
Ey iman gətirənlər, əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tutsalar, onları özünüzə dost və köməkçi götürməyin. Sizdən kim onları dost və köməkçi götürsə, (dostluğu öz lazımi yerində sərf etmədikləri üçün) onlar həmin zalımlardır.
De: «Əgər atalarınız, oğullarınız, qardaşlarınız, arvadlarınız, (insan cəmiyyətinin əsasını təşkil edən) qohumlarınız, topladığınız mallar, kasadlaşmasından qorxduğunuz ticarət və (cəmiyyətin maddi cəhətdən möhkəmlənməsinin əsasını təşkil edən) razı olduğunuz yaşayış yerləri sizin üçün Allahdan, Onun Peyğəmbərindən və Onun yolunda cihad etməkdən daha sevimlidirsə, onda Allahın Öz əmrini (sizə əzab etmək əmrini) verməsini gözləyin. Allah itaətsizlərin dəstəsini hidayət etməz».
Həqiqətən, Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn günü - sayınızın çoxluğunun sizi məğrur etdiyi, amma sizdən (hadisə və əzabdan) heç bir şeyi dəf etmədiyi və yer üzü bütün genişliyi ilə sizə dar olduğu, sonra isə düşmənə arxa çevirərək qaçmağa üz qoyduğunuz zaman kömək etdi.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə