"Kin" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Kin" üzrə 525 ayə tapıldı.
Əgər Allah bizə sizin dininizdən nicat verdikdən sonra, biz ona daxil olsaq (Allahın şərikinin olmasını desək), şübhəsiz, Allaha qarşı yalan uydurmuş olarıq. Bizə, Rəbbimizin istəməsi istisna olmaqla (ki, əlbəttə Rəbbimiz də heç vaxt istəməyəcəkdir,) sizin dininizə daxil olmaq yaraşmaz. Bizim Rəbbimiz elm və agahlıq baxımından hər şeyi əhatə etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz, bizimlə qövmümüz arasında haqq əsasında hökm çıxar və (ixtilafı) həll et ki, sən hakim və həll edənlərin ən yaxşısısan».
Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq.
Bu, (insan) cəmiyyətlər(i)dir ki, onların xəbərlərini sənə söyləyirik. Doğrudan da peyğəmbərləri onlara aydın dəlillər gətirdilər, lakin onlar qabaqcadan təkzib etdikləri şeyə iman gətirən deyildilər! Allah kafirlərin qəlblərinə beləcə (sərtlik və anlamazlıq) möhür(ü) vurur.
Musa öz qövmünə dedi: «Allahdan kömək diləyin və səbr edin. Şübhəsiz yer üzü Allaha məxsusdur (onun yaradılışı, qorunması və sakinlərinin idarə olunması Onun istək və iradəsi ilə həyata keçir), istədiyini onun varisi edir. (Gözəl) aqibət pərhizkarlarındır».
Onlara yaxşılıq və bolluq gələndə, «bu, bizim özümüz(ün ləyaqətimiz)dəndir deyirdilər və elə ki, onlara bir pislik və bəla gəlirdi (bunu) Musanın və yanındakıların (ayaqlarının) uğursuzluqları ilə əlaqələndirirdilər. Əsla! Onların uğursuzluqlarının (və onlara gələn hər bir şər və bəlanın) səbəbi (onların) Allahın yanında (qeyd olunmuş günahları)dır və lakin onların çoxu (bunu) bilmirdilər.
Elə ki, Musa Bizim vədələşdiyimiz yerə gəldi və Rəbbi onunla (vasitəsiz) danışdı, (Allaha) «ey Rəbbim, (Özünü) mənə göstər, Sənə baxım (dünyaya və axirətə xas bütün cəlal və camal təzahürlərini müşahidə etdikdən sonra əldə edilən məxsus bir batini baxışla Səni görüm)» dedi. (Rəbbi ona) «(dünyada) Məni (belə bir baxışla) əsla görməyəcəksən, lakin bu dağa tərəf bax, əgər o, öz yerində sabit qalsa, sən də Məni görəcəksən (sənin vücudunun qüdrəti Mənim nurumun saçması müqabilində bu dağdan azdır)» dedi. Beləliklə, onun Rəbbi(nin nuru) dağa saçdıqda onu parçalayıb toz halına saldı və Musa özündən gedib yıxıldı. Özünə gəldikdə dedi: «Sən (gözlə görünməkdən) pak (və uzaq)san! Sənə tərəf qayıtdım (tövbə etdim) və mən ilk iman gətirənəm».
Və Musa qəzəbli və təəssüflə öz qövmünün yanına qayıdanda, dedi: «Məndən sonra mənim üçün pis canişinlik etdiniz; məgər Rəbbinizin işində (görüşündə) tələsdiniz?» Və (Tövratın) lövhələri(ni) atdı və qardaşının başından tutub özünə tərəf çəkməyə başladı. O dedi: «Anam oğlu! Həqiqətən bu qövm məni (onları həmin işdən çəkindirməkdə) aciz qoydu və az qalmışdı məni öldürsünlər. Odur ki, düşmənləri məni məzəmmət etməyə qaldırma və məni zalım dəstə ilə bir tutma».
O kəslər ki, dərs oxumayıb yazı yazmamış bu elçi və Peyğəmbərə – (adını və peyğəmbərlik nişanələrini) əllərindəki Tövrat və İncildə yazılmış gördükləri şəxsə tabe olurlar. (Həmin o Peyğəmbərə ki,) onları hər bir yaxşı işə əmr edir və hər bir pis işdən çəkindirir, onlara (maddi və mənəvi) pakları halal və (maddi və mənəvi) çirkin və murdarları haram edir və boyunlarında olan ağır yükü və zəncirləri (cahiliyyət adətləri və keçmiş şəriətlərin çətin hökmlərini) onların çiynindən götürür. Beləliklə ona iman gətirən, ehtiram göstərən, kömək edən və onunla nazil olan nura (onun kitabına) tabe olanlar həmin nicat tapanlardır!
Və onları (Yəqubun) hər biri bir ümmət olan nəvələr(in)dən ibarət on iki qəbiləyə böldük və qövmü Musadan su istəyən zaman ona vəhy etdik ki, öz əsanı (Tur dağından gətirdiyin kub şəkilli) o daşa vur. Beləliklə, ondan on iki çeşmə (dörd tərəfin hər birindən üç çeşmə) qaynadı (axmağa başladı). Hər bir ümmət özünün su içəcəyi yeri tanıdı. Ağ və üst-üstə yığılmış buludu onların başları üzərində kölgəlik etdik və onlara «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin nazil etdik «sizə verdiyimiz pak ruzilərdən yeyin» (dedik). Onlar (öz itaətsizlikləri ilə) Bizə zülm etmədilər və lakin özlərinə zülm edirdilər. (Bəqərə surəsinin 57-ci ayəsinə müraciət edin).
Və o zaman onlardan bir dəstə (digərlərini çəkindirən dəstəyə) dedi: «Nə üçün Allahın mütləq həlak edəcəyi və ya şiddətli əzab verəcəyi bir qövmə öyüd-nəsihət verirsiniz?» Dedilər: «Rəbbinizin dərgahında üzrümüzün olması üçün və bəlkə onlar çəkindilər deyə!». (Deməli Musanın qövmü üç dəstədən - günahkarlar, onları çəkindirənlər və sükut edənlərdən ibarət idi.)
Beləliklə, elə ki, onlara verilən öyüd-nəsihəti unutdular, Biz pis işdən çəkindirənləri xilas etdik, zülm edənləri isə itaətsizliklərinə görə ağır bir əzaba düçar etdik.
Beləliklə, elə ki, çəkindirildikləri şeydən boyun qaçırdılar, onlara «meymunlar və qovulmuşlar olun!» dedik (qəti iradə ilə surətlərinin meymun şəklində, ruhlarının isə xar və rəhmətdən uzaq olmasını istədik və elə də oldular).
Və onlara ayələrimizi (səmavi kitabın maarifini, yaxud duanın qəbul olunması məqamını) verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində) onlardan xaric olan, beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin (Musanın zamanında yaşamış alim Bəl’əm Bauranın) hekayətini oxu.
Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onu(n məqamını) mütləq (məcburi şəkildə) ucaldardıq. Lakin o(nu bəşəriyyətin yol seçməkdə ixtiyar sahibi olması ənənəsinə uyğun olaraq azad qoyduq və o) alçaqlığa meyl edərək yerə ürək bağladı və öz nəfsi istəklərinə tabe oldu. Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin birdir). Bu, Bizim ayələrimizi təkzib etmiş dəstənin məsəlidir. Odur ki, bu hekayəti nəql et, bəlkə düşündülər.
Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər.
Səndən Qiyamət barəsində - onun nə vaxt baş verəcəyini soruşurlar? De: «Həqiqətən onun elmi yalnız Rəbbimin yanındadır. Onu vaxtı (çata)nda yalnız O zahir edəcəkdir. (Bu hadisə) göylərdə və yerdə (onların sakinləri üçün) ağırdır. O, sizə yalnız qəfildən gələcəkdir. Səndən, sanki sən ondan tam xəbərdarsanmış kimi soruşurlar! De: «Həqiqətən, onun elmi yalnız Allahın yanındadır, lakin insanların çoxu bilmirlər».
Əgər onları doğru yola dəvət etsəniz eşitməzlər. (Ey Peyğəmbər,) onları (müşrikləri) sənə baxan görürsən, lakin onlar (əslində) görmürlər.
Ey iman gətirənlər, (dinin hökmlərinə qarşı çıxmaqla) Allaha və Onun Peyğəmbərinə xəyanət etməyin. Həmçinin (xəyanətin şəriət və vicdan baxımından çirkin bir iş olmasını) bilə-bilə öz əmanətlərinizə (xalqın və yaradanın əmanətlərinə) xəyanət etməyin.
Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir. (İstiğfar, müşriklər barəsindəki ayələrin içərisində olan bu ayənin kitab əhlinə aid olmasına dəlalət edir).
Məscidül-Həramın başçısı olmaya-olmaya insanları ora (daxil olmaq)dan saxladıqları (camaatın ora daxil olmalarına mane olduqları) halda Allah onlara nə üçün əzab verməməlidir? Oranın başçısı yalnız pərhizkarlardırlar, lakin çoxları bilmirlər.
525 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
27 Səhifə