Quran Kərim Axtarış Sistemi

Quranda Axtarış Edin

Haqqa tərəf və həqiqi dəvət (insanları ibadət və itaətə çağırmaq) yalnız Ona məxsusdur [və həmçinin haqq və həqiqi çağırışa və hacət istəməyə yalnız O layiqdir]. Müşriklərin Onun yerinə çağırdıqları kəslər, onlar üçün (ehtiyaclarından) heç bir şeyi rəva etməzlər. Onlar suyun, ağzına çatması üçün (uzaqdan) iki ovucunu suya tərəf uzadan [və ya suyun ağzına yetişməsi üçün iki əlini açaraq suya sal(ıb çölə çıxar)an,] lakin suyun onun ağzına əsla yetişməyəcəyi kəs kimidirlər (bütlərin müşriklərin istəklərini yerinə yetirmələri, susuz bir şəxsin susuzluğunun yatırılmasında uzaqdan suya əl uzatmağın təsiri kimidir). Kafirlərin duası azğınlıq və puçluqdan başqa bir şey deyildir.
Göylərdə və yerdə olan hər bir kəs və hər bir şey istər-istəməz (ağıl və iman sahibləri ixtiyari itaətkarlıqla, başqaları isə qeyri-ixtiyari itaətkarlıqla) Allaha səcdə edir və həmçinin onların kölgələri (göylərdə günəşin və ya hər hansı bir başqa nurun müqabilində qərar tutan və gecə-gündüzləri olan kölgəli cisimlərin kölgəsi) səhərlər və axşamlar (Allah qarşısında səcdə edirlər).
(Müşriklərə) de: «Göylərin və yerin Rəbbi kimdir?» (Sonra özün) de: «Allah!» (Çünki bundan başqa bir cavab yoxdur və onlar inadkarlıq üzündən susurlar. Və onların etiqadlarını inkar etmək və bunun ağıl baxımından qeyri-mümkün olduğunu çatdırmaq məqsədilə) de: «Belə isə, hətta özləri üçün (heç) bir xeyir və ziyan qüdrətinə malik olmayan, Ondan qeyrisini yardımçı və başçı götürmüsünüz?! De: «Məgər korla görən birdir? Yaxud zülmətlərlə nur bərabərdir?» Yoxsa Allaha Onun yaratdıqları kimi (bəzi şeylər) yaradan şəriklər qoşublar və (nəticədə bu) iki cür yaradılış, ya yaradılmışlar, ya yaradanlar (arasındakı oxşarlıq) onları çaş-baş salıb (və buna görə də şərikləri də ibadətə layiq biliblər)? De: «(Şübhəsiz) hər bir şeyin yaradanı Allahdır və Odur tək, (varlıq aləminin bütün hissəciklərinə) qalib və mütləq hakim!
(Allah) göydən (yağış, qar və dolu şəklində) su nazil etdi. Beləliklə çaylar(ın hər biri) öz tutumu miqdarında (su götürərək) axdı və sel öz üzərində köpük apardı. Həmçinin (ocaqlarda) zinət və bəzək əşyaları və ya yaşayış vasitələri əldə etmək məqsədilə üzərində od yandırılan şeydə də (mədənlərin qarışıq torpağında da) selin köpüyü kimi köpük vardır. Allah haqq ilə batili belə misal çəkir (həqiqətlər su və filizlər, batillər isə onların köpükləridir). Amma o köpük bir kənara gedərək məhv olur, (sular və ərimiş filizlər kimi) insanlara fayda verən şey isə yerdə qalır. Allah misalları belə çəkir.
Özlərinin Rəbbinə (Onun çağırışına müsbət) cavab verənlər üçün gözəl aqibət və gözəl mükafat vardır. Ona (Onun çağırışına müsbət) cavab verməyən kəslər (isə), əgər (axirət günü) yer üzündə olan şeylərin hamısı və həmçinin onun (digər bir) misli onların olsa, hamısını özlərinin nicat tapmaları üçün fəda etməyə razı olarlar. Hesabatları pis olacaq kəslər onlardır (onların heç bir xeyir əməlləri qəbul deyil və heç bir günahları da bağışlanmayacaqdır). Onların yerləri Cəhənnəmdir və ora çox pis bir qalacaq yeridir!
Beləliklə məgər Rəbbin tərəfindən sənə nazil edilənin haqq olduğunu bilən kəs, (batini gözü) kor olan kəs kimidir? Əslində yalnız ağıl sahibləri ibrət götürərlər.
Həmin o kəslər ki, Allahın əhdinə vəfa edir və (Onun tovhidinin əqli və nəqli) peymanı(nı) sındırmırlar.
Və o kəslər ki, Allahın, birləşilməsinə əmr etdiyi şeyə (Allaha, peyğəmbərlərə, qohumlara, əmr sahiblərinə və cəmiyyətə) birləşir, özlərinin Rəbbindən çəkinir və (Qiyamətdəki) hesabın çətinliyindən qorxurlar.
Və o kəslər ki, özlərinin Rəbbinin razılığını cəlb etmək üçün (çətinliklərdə və öz vəzifələrini yerinə yetirməkdə) səbr etdilər, namaz qıldılar, onlara ruzi olaraq verdiklərimizdən (mal-dövlətdən) gizlində və aşkarda Allah yolunda xərclədilər və özlərinin yaxşı əməlləri ilə günahları (ya öz yaxşı davranışları ilə başqalarının pis rəftarını) uzaqlaşdırırlar. Bu dünyanın (gözəl) sonu (onun sona çatması ilə Cənnətə daxil olmaq) onlar üçündür.
(Həmin o) əbədi Cənnətlər ki, onların özləri və atalarından, zövcələrindən və övladlarından (əqidə baxımından) layiq olanlar (əməlləri naqis olsa da, onlara görə) ora daxil olarlar. Və mələklər hər bir qapıdan onların yanına daxil olarlar.
(Və deyərlər:) «Səbr və dözümlülüyünüzün müqabilində salam olsun sizə! O dünyanın sonu (olaraq bura) nə gözəldir!»
Allahın (tovhid və dinin qəbul edilməsi barəsindəki) əhd-peymanını (möcüzələr və dəlillərlə) möhkəmləndirdikdən sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır.
İstədiyi kəs üçün (maddi və mənəvi) ruzini çoxaldan və ya azaldan Allahdır! Onlar (kafirlər) dünya həyatına sevinirlər, halbuki, dünya həyatı axirət müqabilində (cüzi) bir paydan başqa bir şey deyildir.
Və küfr edən kəslər (məsxərə məqsədilə) «nə üçün ona Rəbbi tərəfindən (bizim ürəyimiz istəyən, yaxud Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi) bir nişanə və möcüzə nazil olmamışdır?» deyirlər. De: «Şübhəsiz, Allah (möcüzəni hikmət və məsləhət əsasında göndərir, buna görə də haqqı qəbul etməyənlərdən) istədiyi şəxsi azğınlıqda boşlayır və Ona tərəf qayıtmış şəxsi hidayət edir».
O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır.»
Şadlıq və sevinc, pak həyat, uca Cənnət və Tuba ağacı iman gətirən və yaxşı işlər görən kəslərə məxsusdur və onların gözəl bir dönüşləri vardır.
(Öz cari qanunlarımıza əsasən keçmişdəkilərə peyğəmbərlər göndərdiyimiz kimi,) səni (də) özlərindən qabaq ümmətlər gəlib-keçmiş bir ümmətin içərisinə göndərdik ki, sənə vəhy etdiyimizi onlara oxuyasan, halbuki onlar Rəhman olan Allaha küfr edirlər (Onun vəhdətini və rəhmətinin şamilliyini qəbul etmirlər). De: «O mənim Rəbbimdir, Ondan başqa heç bir məbud yoxdur, yalnız Ona təvəkkül etdim və dönüşüm yalnız Ona tərəfdir.»
Və əgər vasitəsilə dağların hərəkətə gətirildiyi, ya yerin yarılıb parça-parça olduğu, yaxud vasitəsilə ölülərlə danışılan bir Qur’an olsaydı (bunun onların imanına yenə də heç bir təsiri olmazdı). (Çünki iman və hidayət,) hətta işlər və əmrlər bütünlüklə Allaha məxsusdur. Buna görə də məgər iman gətirən kəslər (hələ də bunların imanından) ümidlərini üzüb başa düşməyiblərmi ki, əgər Allah istəsəydi insanların hamısını (məcburi surətdə) hidayət edərdi?! (Lakin Allahın qanunu imana məcbur etmək deyildir.) Və küfr edən kəslərə daim etdiklərinin cəzası olaraq əzici bir müsibət yetişər, yaxud onların evlərinin yaxınlığında nazil olar ki, Allahın (son) vədəsi yetişsin. Həqiqətən Allah vədə xilaf çıxmaz.
Həqiqətən, səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdi, beləliklə, küfr (və istehza) edən kəslərə (bir müddət) möhlət verdim, sonra onları (suda boğulma, zəlzələ, səmavi bağırtı və daş yağışı kimi əzablarla) yaxaladım. Buna görə də (bax gör) Mənim əzabım necə olmuşdur?!
Belə isə, məgər hər bir cana hakim olan və onun əməlinə nəzarət edən kəs (cansız bütlər kimidir? Bununla belə) onlar Allaha şəriklər qoşublar. De: «Onları (sifətləri ilə) adlandırın (deyin ki, onlar diri, yaradan, eşidən və görəndirlər)! «Doğrudanmı Allaha yer üzündə (səlahiyyətini) tanımadığı bir şeydən xəbər verirsiniz? Yoxsa quru və boş söz deyirsiniz? (Xeyir, şübhəsiz, Allahın heç bir şəriki yoxdur,) əksinə, küfr edən kəslər üçün onların məkr və hiylələri zinətləndirilib və onlar (haqq) yoldan saxlanılaraq məhrum ediliblər. Allahın azğınlıqda boşladığı kəsə əsla yol göstərən olmayacaqdır.
6236 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
312 Səhifə