Ər-Rəd surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ər-Rəd surəsi" üzrə 43 ayə tapıldı.
Əlif, Lam, Mim, Ra. (Mən bilən və görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir.) Bu (surədə olan) ayələr (cəmlənmiş) bu kitabın (və Qur’anın) ayələridir. [Və ya: (Aləmdə olan) bu (ayələr), bu (yaradılış) kitabın(ın və yaradılış aləminin) ayələridir.] Və Rəbbin tərəfindən sənə nazil olan haqdır, lakin insanların çoxu (bu ayələri eşitmələrinə və o ayələri görmələrinə baxmayaraq) iman gətirmirlər.
Allah göyləri sizin görə bilmədiyiniz sütunlarla ucaldan, sonra isə (aləmin hökmranlıq) taxt(ın)a hakim olan və günəşi və ayı (Özünə) ram edəndir. Onların hər biri (özünün düz və dairəvi hərəkət yolunda) müəyyən bir müddətədək hərəkətdədir. (Allah varlıq aləminin) işi(ni) idarə edir, (Qur’anda, aləmlərdə və nəfslərdə olan) nişanələri müfəssəl bəyan edir ki, bəlkə siz (bu aləmdən sonra) Rəbbinizlə görüşəcəyinizə yəqinlik tapasınız.
Və bu yeri döşəyən, orada sabit və möhkəm dağlar və çaylar yaradan və orada bütün meyvələrdən (və heyvanlardan, bitkilərin toxumlarından) cüt-cüt və erkək və dişi yaradan Odur! Gecəni (tədriclə, gecələrin uzanan vaxtlarında) gündüzün üzərinə örtür. Şübhəsiz, bunda (atmosfer dəyişkənliyində) Onun zat və sifətlərinin birliyinə dair) düşünən dəstə üçün nişanələr vardır.
Və yer üzündə bir-birinin kənarında olan qitələr, üzüm bağları, əkinlər və bir kökdən və müxtəlif köklərdən olan xurma ağacları vardır ki, hamısı bir su ilə suvarılırlar və bununla belə, məhsul baxımından onların bəzisini bəzisindən üstün edirik. Həqiqətən bunda (yaradılışın bu müxtəlifliyində) ağıllarını işlədən dəstə üçün nişanələr vardır.
Əgər (bir şeyə) təəccüblənirsənsə, onda təəccüblü onların (dedikləri) «məgər (öləndən sonra) torpaq olan zaman biz doğrudanmı yeni bir yaradılışda olacağıq?» sözləridir. Onlar özlərinin Rəbbinə küfr etmiş kəslərdir və onların boyunlarında (dünyada zəlalət, axirətdə isə od) zəncirlər(i) vardır. Onlar od əhlidirlər ki, orada əbədi qalacaqlar.
Onlardan qabaq (keçmiş ümmətlərə) ibrətamiz bəlaların (gəlib) keçmiş olduğu(nu bildikləri) halda, onlar səndən rəhmət (tələbin)dən qabaq, əzab(ın nazil olmasın)a tələsməyini istəyirlər. Həqiqətən sənin Rəbbin insanların zülmlərinə baxmayaraq onlara qarşı (böyük bir) bağışlama sahibidir və əlbəttə, Rəbbin (əzaba layiq olanlara) şiddətli cəza verəndir.
Və küfr edənlər «nə üçün ona Rəbbi tərəfindən (Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi) bir nişanə və möcüzə nazil olmamışdır?!» deyirlər. Əslində sən yalnız bir qorxudansan (və möcüzə sənin ixtiyarın və onların seçimi ilə deyil, Allahın əlindədir) və (bəşər cəmiyyətindən olan) hər bir dəstə üçün bir doğru yol göstərən (ya peyğəmbər, ya imam ya da rəhbər) vardır.
Allah (insan və qeyri-insan olmasından asılı olmayaraq) hər bir dişinin nə daşıdığını və onların bətnlərinin nəyi azaltdığını və nəyi çoxaltdığını (bətndəki övladların sayının bir və ya bir neçə olduğunu, hamiləlik dövrünün altı aydan bir ilə kimi nə qədər çəkəcəyini) bilir və (varlıq aləmini təşkil edən ünsürlərdən) hər bir şeyin Onun yanında (müəyyən) bir miqdarı vardır.
(Onun üçün) sizdən birinin sözünü (ürəyində) gizlətməsi (yaxud birinin qulağına pıçıldaması) ilə birinin onu aşkar etməsi, birinin gecə vaxtı gizlənməsi ilə gündüz aşkar şəkildə gəl-get etməsi eynidir.
İnsan üçün (onun əməllərini yazan Rəqib və Ətid adlı iki mələkdən başqa) onun önündə və arxasında (mələklərdən olan) nəzarətçilər vardır ki, Allahın əmri ilə daim onu qoruyurlar. Həqiqətən Allah heç bir dəstə üçün (mövcud) olanı (nemət və firavanlığı, yaxud bəla və çətinliyi) onlar özlərində olanı (iman və küfrü, yaxud itaət və fasiqliyi) dəyişdirməyincə dəyişdirmir. Allah hər hansı bir dəstə üçün pislik (və əzab) istəyəndə, onun qarşısı əsla alınmaz və onlar üçün Ondan başqa heç bir yardımçı və başçı yoxdur.
(Dolu və seldən) qorxmaq və (rəhmət və xeyirə) ümid üçün (çaxan) şimşəyi sizə göstərən və (axar sudan ibarət bir dərya olan) ağır buludları vücuda gətirən (və yuxarı qaldıran) Odur!
Göy gurultusu (yaradılış dili ilə) Ona həmd etməklə birgə Onu paklıqla öyür (ağılla diqqət etdikdə başa düşmək olur ki, göydə olan səslər Onun qüdrətinin kamilliyindən və nöqsandan pak və uzaq olmasından danışırlar) və həmçinin mələklər əzəmətinin qorxusundan (Onu paklıqla öyürlər). Və ildırımları göndərir və onları Allah barəsində çəkişdikləri halda istədiyi fərdə ya fərdlərə (cəzaya layiq kəslərə) yetirir! O, böyük qüdrət, eləcədə məkrlə mübarizədə şiddətli cəza sahibidir.
Haqqa tərəf və həqiqi dəvət (insanları ibadət və itaətə çağırmaq) yalnız Ona məxsusdur [və həmçinin haqq və həqiqi çağırışa və hacət istəməyə yalnız O layiqdir]. Müşriklərin Onun yerinə çağırdıqları kəslər, onlar üçün (ehtiyaclarından) heç bir şeyi rəva etməzlər. Onlar suyun, ağzına çatması üçün (uzaqdan) iki ovucunu suya tərəf uzadan [və ya suyun ağzına yetişməsi üçün iki əlini açaraq suya sal(ıb çölə çıxar)an,] lakin suyun onun ağzına əsla yetişməyəcəyi kəs kimidirlər (bütlərin müşriklərin istəklərini yerinə yetirmələri, susuz bir şəxsin susuzluğunun yatırılmasında uzaqdan suya əl uzatmağın təsiri kimidir). Kafirlərin duası azğınlıq və puçluqdan başqa bir şey deyildir.
Göylərdə və yerdə olan hər bir kəs və hər bir şey istər-istəməz (ağıl və iman sahibləri ixtiyari itaətkarlıqla, başqaları isə qeyri-ixtiyari itaətkarlıqla) Allaha səcdə edir və həmçinin onların kölgələri (göylərdə günəşin və ya hər hansı bir başqa nurun müqabilində qərar tutan və gecə-gündüzləri olan kölgəli cisimlərin kölgəsi) səhərlər və axşamlar (Allah qarşısında səcdə edirlər).
(Müşriklərə) de: «Göylərin və yerin Rəbbi kimdir?» (Sonra özün) de: «Allah!» (Çünki bundan başqa bir cavab yoxdur və onlar inadkarlıq üzündən susurlar. Və onların etiqadlarını inkar etmək və bunun ağıl baxımından qeyri-mümkün olduğunu çatdırmaq məqsədilə) de: «Belə isə, hətta özləri üçün (heç) bir xeyir və ziyan qüdrətinə malik olmayan, Ondan qeyrisini yardımçı və başçı götürmüsünüz?! De: «Məgər korla görən birdir? Yaxud zülmətlərlə nur bərabərdir?» Yoxsa Allaha Onun yaratdıqları kimi (bəzi şeylər) yaradan şəriklər qoşublar və (nəticədə bu) iki cür yaradılış, ya yaradılmışlar, ya yaradanlar (arasındakı oxşarlıq) onları çaş-baş salıb (və buna görə də şərikləri də ibadətə layiq biliblər)? De: «(Şübhəsiz) hər bir şeyin yaradanı Allahdır və Odur tək, (varlıq aləminin bütün hissəciklərinə) qalib və mütləq hakim!
(Allah) göydən (yağış, qar və dolu şəklində) su nazil etdi. Beləliklə çaylar(ın hər biri) öz tutumu miqdarında (su götürərək) axdı və sel öz üzərində köpük apardı. Həmçinin (ocaqlarda) zinət və bəzək əşyaları və ya yaşayış vasitələri əldə etmək məqsədilə üzərində od yandırılan şeydə də (mədənlərin qarışıq torpağında da) selin köpüyü kimi köpük vardır. Allah haqq ilə batili belə misal çəkir (həqiqətlər su və filizlər, batillər isə onların köpükləridir). Amma o köpük bir kənara gedərək məhv olur, (sular və ərimiş filizlər kimi) insanlara fayda verən şey isə yerdə qalır. Allah misalları belə çəkir.
Özlərinin Rəbbinə (Onun çağırışına müsbət) cavab verənlər üçün gözəl aqibət və gözəl mükafat vardır. Ona (Onun çağırışına müsbət) cavab verməyən kəslər (isə), əgər (axirət günü) yer üzündə olan şeylərin hamısı və həmçinin onun (digər bir) misli onların olsa, hamısını özlərinin nicat tapmaları üçün fəda etməyə razı olarlar. Hesabatları pis olacaq kəslər onlardır (onların heç bir xeyir əməlləri qəbul deyil və heç bir günahları da bağışlanmayacaqdır). Onların yerləri Cəhənnəmdir və ora çox pis bir qalacaq yeridir!
Beləliklə məgər Rəbbin tərəfindən sənə nazil edilənin haqq olduğunu bilən kəs, (batini gözü) kor olan kəs kimidir? Əslində yalnız ağıl sahibləri ibrət götürərlər.
Həmin o kəslər ki, Allahın əhdinə vəfa edir və (Onun tovhidinin əqli və nəqli) peymanı(nı) sındırmırlar.
43 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
3 Səhifə