"Yəhudilər" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Yəhudilər" üzrə 42 ayə tapıldı.
Şübhəsiz, (İslama) iman gətirənlər, yəhudilər, xaçpərəstlər və sabiilər (Nuhun və ya Yəhyanın ardıcılları), (bu dəstələrdən) hər kim (öz peyğəmbərlərinin əsrində) Allaha və axirət gününə iman gətirsə və yaxşı işlər görsə, onlar üçün Rəbbi yanında hallarına münasib sabit mükafat vardır. Onlara (Qiyamət günü) nə bir qorxu var, nə də qəmgin olarlar.
(Siz müsəlmanlar) onların (yəhudilərin) sizə (sizin dininizə) iman gətirmələrinə göz dikirsiniz, halbuki, onların bir dəstəsi (onların alimlərinin bəziləri, tarix boyu) Allahın kəlamını eşidir, lakin barəsində düşünüb başa düşdükdən sonra (öz dünyəvi məqsədlərinə görə) onu bilərəkdən (işlərinin çirkinliyini bilə-bilə) təhrif edirdilər.
(«Cəbrailə düşmənik və buna görə də səni qəbul etmirik» – deyən yəhudilərin cavabında) de: «Cəbrailə düşmən olan kəs (əslində Allahın düşmənidir, çünki) o, Qur’anı sənin qəlbinə Allahın əmri (və ya əzəli iradəsi) ilə ondan qabaq olan (səmavi kitab)ların təsdiq edicisi və möminlər üçün hidayət və müjdə olaraq nazil edib.»
(Yəhudilər) Süleymanın zamanında şeytanların (özlərinin tərtib etdikləri cadu kitabından) oxuduqlarına tabe oldular. Süleyman kafir olmadı (həmin dövrdə küfrə səbəb olan və ya küfr hesab olunan sehr günahına batmadı), lakin şeytanlar camaata sehr öyrətməklə və həmçinin Babil diyarına nazil olmuş iki mələyə - Harut və Maruta nazil olanla (onlara tabe olmaqla) kafir oldular. Halbuki o ikisi «biz yalnız imtahan vasitəsiyik (və sehri sənə yalnız sehrbazlarla mübarizə və onların sehrini batil etmək üçün öyrədirik)» deməkdən başqa heç kəsə (bir şey) öyrətmirdilər. Odur ki, amandır, küfr etmə (və sehri qadağan olunmuş yerlərdə istifadə etmə)!» Lakin onlar o iki mələkdən vasitəsilə ərlə arvad arasında ayrılıq saldıqları şey öyrənirdilər, halbuki Allahın (əzəli) izni olmadan kiməsə zərər vurmaq qüdrətinə malik deyildilər. Və onlar daim özlərinə zərər vuran və faydası olmayan şeylər öyrənirdilər. Həqiqətən, (yəhudi tayfası) belə bir əməli satın alanın axirətdə bir nəsibinin olmayacağının qətiliyini bilirdilər. Özlərini satdıqları şey olduqca pisdir, əgər bilsəydilər!
Ey iman gətirənlər! (Peyğəmbərə xitab edərkən) «raina» (bizi riayət elə) deməyin, «unzurna» (bizə nəzər sal) deyin (-çünki, birinci ifadə yəhudilərin yanında nifrin mənasınadır-) və (Allahın əmrini) eşidin! Kafirlər üçün ağrılı bir əzab vardır.
Yəhudilər dedilər: «Xristianlar haqq dində deyildirlər.» Və xristianlar dedilər: «Yəhudilər doğru dində deyildirlər.» Halbuki, onların hamısı (səma) kitab(ı) oxuyurlar. (Deməli iddiaların hər ikisi səhvdir və hər iki şəriət yalnız öz zamanlarında haqdır.) (Müşriklər kimi) nadanlar da onların sözləri kimi (sözlər) dedilər (ki, müsəlmanlar haqq deyildirlər). Odur ki, barəsində ixtilafa düşdükləri şey barəsində onların aralarında Qiyamət günü Allah hökm edəcəkdir.
Hər bir dəstənin bir qibləsi vardır ki, (üzlərini) ona tərəf döndərirlər (yəhudilər Beytül-Müqəddəsə, xristianlar şərqə, müsəlmanlar Kə’bəyə). Odur ki, (bu barədə mübahisə etməyin və) xeyir işlər istiqamətində bir-birinizi ötməyə çalışın. Harada olsanız, Allah (əməllərin əvəzini vermək üçün) sizin hamınızı (Məhşər səhnəsinə) gətirəcəkdir. Həqiqətən Allah hər şeyə qadirdir.
Bu onların «(axirətdə Cəhənnəm) od(u) bizə bir neçə gündən artıq əsla dəyməz» demələrinə görədir. (Onların yəhudilərin cəhənnəmdə babalarının buzova sitayiş etdikləri günlərin sayı qədər qalacağı barəsində) uydurduqları iftira onları dinlərində aldatmışdır.
(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey İsa, həqiqətən, Mən səni (camaatın arasından) götürəcək, Özümə tərəf qaldıracaq, küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərindən) paklaşdıracaq və Qiyamətə kimi sənə tabe olanları (son ilahi islahatçının zühurunadək xristianları, ondan sonra isə müsəlmanları) kafirlərdən (yəhudilərdən) üstün edəcəyəm. Sonra isə sizin qayıdışınız (axirətdə) Mənə tərəfdir. Beləliklə, sizin aranızda haqqında ixtilafda olduğunuz şey barəsində hökm çıxaracağam.»
Budur, siz ki, (hələ) elminiz olan şey barəsində bir-birinizlə mübahisə edirdiniz (məsələn yəhudilər xristianlarla İsanın Allah olmaması və «üç üqnuma» nəzəriyyəsinin puç olması barəsində, həmçinin xristianların yəhudilərlə İsanın peyğəmbərliyə göndərilməsi və peyğəmbərliyi barəsində mübahisə edirdilər), bəs nə üçün bir-birinizlə (İbrahimin yəhudi, yaxud xristian olması kimi) elminiz olmayan şey barəsində mübahisə edirsiniz?! Allah bilir, siz isə bilmirsiniz.
Və əlbəttə, onlardan (yəhudilərdən) elə bir dəstə vardır ki, kitabı (təhrif olunmuş Tövratı) oxuyarkən sizin onun səmavi kitabdan olmasını güman etməyiniz üçün öz dillərini (məharətlə) bükürlər, halbuki o, səmavi kitabdan deyildir. Və o, Allah tərəfindən olmadığı halda deyirlər: «O, Allah tərəfindəndir». Bilərəkdən Allaha yalan nisbət verirlər.
Onlar (yəhudilər və xristianlar) sizə azacıq əziyyətdən savayı əsla ziyan vura bilməzlər. Əgər sizinlə döyüşsələr, sizə arxa çevirərlər (dönüb qaçarlar), sonra kömək olunmazlar.
Yəhudilərdən bəziləri (Tövratın) kəlmələrin(in) yerini (dəyişib) təhrif edir və dillərini (ərəb ləhcəsində olduğu kimi) əyməklə və dinə tənə vurmaq məqsədilə deyirlər: «Eşitdik və (batində deyirlər) itaətsizlik etdik və eşit ki, eşitməyəsən». (Onların bu sözlərinin zahiri mənası budur ki, pis eşitməyəsən. Lakin onu deməkdən məqsədləri budur ki, kar olasan yaxud yaxşı söz eşitməyəsən.) Həmçinin «raina» deyirlər (ki, onun mənası ərəb dilində «bizi riayət et», ibrani dilində isə «ey bizim çobanımız» deməkdir)! Əgər onlar «eşitdik və itaət etdik və eşit və bizə nəzər sal» desəydilər, şübhəsiz (bu) onlar üçün daha yaxşı və düzgün olardı. Lakin Allah onları küfrləri vasitəsilə lənətləmiş və (rəhmətindən) uzaqlaşdırmışdır. Buna görə də onların yalnız az bir hissəsi iman gətirər (və ya onlar həqiqətlərin yalnız az bir qisminə iman gətirərlər).
Bəli, yəhudilərdən baş vermiş (bütün bu) zülmün və həmçinin insanların çoxunu Allahın yolundan saxlamalarının cəzası olaraq, onlara halal edilmiş (dəvə südü və əti, balıq ovu və heyvanın piyi kimi) pak şeyləri onlara haram etdik.
Ey Peyğəmbər, küfrdə (ona meyl göstərməkdə və kömək etməkdə) tələsən kəslər – istər dilləri «iman gətirdik» deyib qəlbləri iman gətirməmiş kəslər (münafiqlər), istərsə də yəhudilər səni kədərləndirməsinlər. Onlar çox yalan eşidən və sənin yanına gəlməyən dəstənin (alimlərinin) əmrlərinə çox qulaq asan (tabe olan)lardır. (Onların alimləri) o kəslər(dir) ki, (Tövratın) kəlmələri (və hökmlərini) öz yerlərində qərar tutduqdan sonra təhrif edirlər (və avamlarına) «əgər bunu (bu hökmü) sizə versələr, götürün və əgər onu verməsələr (ondan başqasını versələr) çəkinin» deyirlər. Sən Allahın əzab(a düçar) və xar olmasını istədiyi kəsdən Allah(ın əzabın)dan əsla bir şeyi dəf edə bilməzsən. Onlar Allahın qəlblərini pak etmək istəmədiyi kəslərdir. Onlar üçün dünyada xarlıq, axirətdə isə böyük bir əzab olacaqdır.
Həqiqətən Biz onda hidayət və nur olan Tövratı nazil etdik. (Musanın zamanından İsanın zamanına qədər Musanın dininə) təslim olan peyğəmbərlər onun əsasında yəhudilər üçün hökm çıxarırdılar. Həmçinin rəbbani (Allahpərəst) alimlər və (Tövratşünas) bilik sahibləri onlardan Allahın kitabının qorunması istənildiyi və onlar onun (qalması və toxunulmazlığına) şahid olduqları üçün (onun əsasında hökm çıxarırdılar). Odur ki, (ey yəhudi alimləri,) insanlardan qorxmayın, Məndən qorxun və Mənim ayələrim(i təhrif etmək) vasitəsilə az bir qazanc əldə etməyin! Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır kafirlər!
Yəhudilər dedilər: «Allahın əli bağlıdır (həm şəriət mərhələsində və həm də insanlara əta və bəxşiş etməkdə! Və elə buna görə də dinin istər Tövratda, istərsə də başqasında olan hökmləri nəsx oluna bilməz. Həmçinin əta və bəxşişdə də ona görə ki, möminlərin hamısı yoxsuldurlar və Allah insanlardan borc istəyir).» Öz əlləri bağlansın və dedikləri sözün cəzası olaraq Allahın rəhmətindən uzaq düşsünlər! Əksinə, Onun hər iki (qüdrət) əli daim açıqdır və Onun kamil qüdrəti həmişə qalmaqdadır (hökm və şəriətləri nəsx edir, dost və düşmənlərə dünyada və axirətdə) istədiyi kimi əta və bəxşiş edir. Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların bir çoxunun azğınlıq və küfrünü artıracaqdır. Biz onların (yəhudilər, xristianlar və onların firqələri) arasında Qiyamət gününə qədər düşmənçilik və kin salmışıq. Nə vaxt (müsəlmanlarla) bir müharibə alovu yandırıblarsa, Allah onu söndürüb. Onlar yer üzündə fəsad yolunu gedirlər. Allah fəsad törədənləri sevmir.
Həqiqətən, (İslama) iman gətirənlər, yəhudilər, Sabiilər (Nuhun, yaxud Yəhyanın ardıcılları) və xaçpərəstlərdən (bu dəstələrin öz peyğəmbərinin əsrində) Allaha və axirət gününə iman gətirib yaxşı işlər görən kəslər üçün (Qiyamət günü) bir qorxu yoxdur və onlar qəmgin olmazlar.
Şübhəsiz, insanların iman gətirənlərə qarşı düşmənçilikdə ən qatısının yəhudilər və müşriklər olmasını görəcəksən. Onların möminlərlə dostluqda ən yaxın olanlarının isə «biz xaçpərəstlərik» deyənlər olduğunu görərsən. Bu, ona görədir ki, onların bir qismi keşişlər və rahiblərdir və onlar təkəbbürlənmir, özlərini yuxarı tutmurlar.
Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Həmçinin onlara inək və qoyundan onların bədənlərinin piyini - bellərinə və ya bağırsaqlarına yapışmış, yaxud sümüyə qarışmış (piylər) istisna olmaqla - haram etdik. Bu (haram), onlara etdikləri zülmlərinə görə verdiyimiz cəzadır. Biz həqiqətən doğru danışanıq.
42 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
3 Səhifə