Sad surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Sad surəsi" üzrə 88 ayə tapıldı.
Sad. (Bu, Allahla Onun Peyğəmbəri arasında olan rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.) And olsun şərəfli və (tovhidi, peyğəmbərləri və haqq maarifini) yada salan Qur’ana (ki, sən peyğəmbərsən və sözlərin doğrudur)!
(Onların deyilənləri qəbul etməmələrinin səbəbi sənin təbliğinin qüsurlu olması deyil.) Əksinə, küfr edənlər təkəbbür və qürur, müxalifət və düşmənçilik içərisindədirlər.
Onlardan qabaq bir çox insan cəmiyyətlərini məhv etdik. (Onlar əzab nazil olan zaman tövbə edib kömək diləyərək) fəryad qopardılar, amma həmin vaxt möhlət və fəryad vaxtı deyildi.
Onlar özlərinə (mələk və cinlərdən deyil) öz (cins)lərindən qorxudan gəlməsindən təəccüb etdilər. Və kafirlər dedilər: «Bu, yalançı bir cadugərdir!
O, məbudların hamısını bir məbud edib? Doğrudan da bu, çox təəccüblü bir şeydir!»
Onların böyükləri və başçıları (Qüreyş və müşriklər Peyğəmbərə qarşı yönəldilmiş toplantılarından) çıxdılar (və bir-birlərinə dedilər): «Gedin öz məbudlarınız üzərində möhkəm dayanın. Həqiqətən bu (iddia), planlaşdırılmış (Muhəmmədin istədiyi) bir şeydir (başçılıq arzusudur).
Biz bunu (bu mətləbi, yəni gözəgörünməz bir məbuda ibadət edilməsini) son dində (atalarımızın dinində) eşitməmişik. Bu (iddia), uydurma yalandan başqa bir şey deyildir.
Bu yada salan (Qur’an) bizim aramızdan ona (mal və məqam sahibi olmayan o kişiyə) nazil edilmişdir?!» (Onların bu kitabı qəbul etməmələrinin səbəbi, onun naqis olması deyil,) bəlkə, onlar (dünyaya ifrat dərəcədə bağlandıqları üçün) Mənim yada salan (Qur’an)ım barəsində şübhə içərisindədirlər. Bəlkə (hətta əgər şübhə içərisində olmasaydılar, yenə də qəbul etməzdilər. Çünki) hələ Mənim əzabımı dadmayıblar.
Yoxsa sənin qüdrətli və çox əta edən (və ətalarının nümunələrindən biri nübüvvət və səma kitabı olan) Rəbbinin mərhəmət xəzinələri onların yanındadır (ki, istədikləri kəsə bağışlasınlar)?
Yoxsa göylərin, yerin və bu ikisinin arasında olanların mülkiyyət və hakimiyyəti onlara məxsusdur?! (Əgər elədirsə) onda, (Peyğəmbərə kitabın nazil olmasının qarşısını almaq üçün) istənilən vasitə ilə yuxarı qalxsınlar.
Onlar öz yerlərində (qədim peyğəmbərlərlə vuruşan) keçmiş dəstələrin qalıqlarından ibarət azacıq və məğlubiyyətə uğramış bir qoşundurlar.
Onlardan qabaq Nuhun qövmü, (Hudun qövmü) Ad, saray və ordu (yaxud oyun və işkəncə mismarları) sahibi Firon da (Bizim peyğəmbərlərimizi) təkzib etdi.
Həmçinin (Saleh peyğəmbərin qövmü) Səmud, Lutun qövmü və Əykə əhli (Şüeybin qarğı sahibləri olan qövmü təkzib etdi). (Bizimlə və Bizim peyğəmbərimizlə vuruşan) həmin dəstələr onlar idi.
Onların hamısı Bizim peyğəmbərlərimizi təkzib etdilər. Beləliklə (onlar barəsində) Mənim cəzam gerçəkləşdi.
Bunlar (Məkkə kafirləri), yalnız, barəsində heç bir möhlət və təxir olmayan bir bağırtını gözləyirlər.
Və onlar (istehza ilə) dedilər: «Ey Rəbbimiz! Bizim (vəd etdiyin əzablardan olan) payımızı hesab günündən qabaq, tez ver.»
Onların dediklərinə səbr et və Davudu – Bizim (elm, cism və səltənət baxımından) güc və qüdrət sahibi olan bəndəmizi yadına sal. Çünki o, (Bizə tərəf) çox qayıdan idi.
Biz dağları ram etdik. Onlar hər səhər-axşam onunla birlikdə (Allahı) pak sifətlərlə mədh edirdilər.
Və quşları onun ətrafına toplayıb (ona təslim etdik). (Dağ və quşların) hər biri (onun zikr avazı ilə) Allaha tərəf çox qayıdırdılar.
Və onun hökmranlığını (say və gücünün çoxluğu ilə) qüvvətləndirdik və ona hikmət (əqli və ictimai elmlər, dini şəriətlər) və (haqq ilə batili bir-birindən) ayıran kəlamlar əta etdik.
88 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
5 Səhifə