NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 154
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Sonra o qəm-qüssənin ardınca (Allah) sizin üçün yüngül bir yuxu göndərdi. (Bu yuxu) sizdən bir dəstəsini bürüdü. (Bununla da sizin yorğunluğunuz və iztirabınız aradan götürüldü.) Amma işi yalnız canını qorumaq olan digər bir dəstəniz cahiliyyət dövründə olduğu kimi Allah haqqında pis düşünüb (tənə ilə) dedilər: "Bu işdə bizim üçün bir şey varmı?” De ki, həqiqətən, hamısının işi Allahın əlindədir. Onlar sənə aşkarlamadıqları bir şeyi qəlblərində gizlədirlər. Onlar deyirlər: «Əgər qərar çıxarmaq haqqımız olsaydı, burada öldürülməzdik.» (Onlara) de ki, əgər evlərinizdə də olsaydınız, ölümləri müəyyənləşənlər öz qətlgahlarına yola düşərdilər. (Ühüd hadisəsi) Onun üçündür ki, Allah sinələrinizdə olanı sınağa çəksin və qəlbinizdəkiləri pak və xalis etsin. Allah sinələrdə olanı biləndir.”
Bildirişlər
1. Allah sizi Ühüd döyüşündəki ixtilaflara görə tənbeh etdi, amma boş buraxmadı.
2. Allah acı hadisələrin şiddətli vaxtında möminlərin qəlbinə rahatlıq bəxş edər.
3. Yuxu rahatlıq səbəbi və ilahi hədiyyədir.
4. Mücahidlərin ruhiyyələri, etiqadları, inamları, təhlilləri fərqlidir.
5. İnsanın özünə bənd olması ilahi vədlərə bədgümanlıq səbəbidir.
6. Ən böhranlı şəraitlərdə və məğlubiyyət zamanı da Allaha və Onun vədlərinə qarşı bədgüman olmayın.
7. İlahi vədlərə qarşı bədgümanlıq cahiliyyət əqidələrindəndir.
8. Özünə vurğunluq və rifah istəyi insanı ilahi razılıq dairəsindən xaric edər.
9. Hətta süstlük, ixtilaf və itaətsizlik zamanı da müsəlmanların məğlub olmaması fikri cahil düşüncədir.
10. Zəif imanlı fərdlər öz məğlubiyyətini ilahi yardımın olmaması ilə izah edirlər.
11. Mücahidlərin ruhiyyəsini zəiflədən suallar vermək qadağandır.
12. Vəsvəsələr, şəkk-şübhələr yaranmasına qarşı qəti olmaq lazımdır.
13. Rifah axtaran, özünə bənd olan müsəlmanlar daim nigarançılıq içindədirlər.
14. Özünü düşünən insanlar məsləhətləşmə zamanı öz təkliflərinin qəbul olunmasını gözləyirlər.
15. Qəti müqəddəratdan qaçmağa yol yoxdur.
16. Allahın qəti müqəddəratına etiqad insana rahatlıq verir.
17. Cəbhədəki çətinliklər və məğlubiyyətlər insanların iman dərəcəsini müəyyənləşdirmə yollarındandır.
18. Acı və şirin hadisələr sizin ruh və düşüncənizin təcəllası üçün bir səhnədir. Allah isə əvvəlcədən bütün ruhiyyə və düşüncələrdən xəbərdardır.