Əsas məzmuna keç

Ali-İmran surəsi - 153-cü Ayə

Surə 3
Ayə 153

Azərbaycan dilində tərcümə

O zaman uzaqlara qaçırdınız, heç kəsə baxmırdınız və Allahın Peyğəmbəri qoşununuzun arxasında sizi çağırırdı. Beləliklə (Allah) sizi qəminizin üstünə qəm qoymaqla (əmrdən boyun qaçırmaq və müharibədə məğlubiyyət qəmi ilə) cəzalandırdı ki, (imanınız möhkəmlənsin və) heç vaxt əlinizdən çıxana və düçar olduğunuz şeyə (müsibət və zərər-ziyanlara görə) kədərlənməyəsiniz. Allah etdiklərinizdən xəbərdardır.
Ali-İmran surəsi , 153-cü ayə
Ali-İmran surəsi 153-cü ayə
Tam Surə

Ali-İmran surəsi 153-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 153

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Xatırlayın,) o zaman ki, (Ühüd döyüşündə qaçan zaman) yuxarı qalxır və kimsəyə diqqət yetirmirdiniz. (Halbuki) Peyğəmbər sizi arxadan səsləyirdi. Bunun cəzası olaraq Allah qəminizə qəm artırdı. Bir daha əlinizdən çıxanlara və ya başınıza gələnlərə görə qəm çəkməyin. Bilin ki, Allah etdiyiniz işlərdən agahdır.”
Nöqtələr
"Qəminizə qəm artırdı” cümləsi haqqında müxtəlif təfsirlər bəyan olunmuşdu. O cümlədən:
1. Allah Öz lütfünə xatir qənimətlərin əldən çıxması ilə bağlı bəyənilməmiş bir qəmi kafirlərin qələbəsi kimi bəyənilmiş bir qəmlə əvəz etdi.
2. Onlar Peyğəmbəri (s) qəmləndirdikləri üçün ağır bir qüssəyə düçar edildilər.
3. Allah döyüşdən qaçmağın, peyğəmbərə itaətsizliyin cəzası olaraq onlara bir-birinin ardınca qəm-qüssə göndərdi.
Rəvayətlərə əsasən, Xalid ibn Vəlidin müsəlmanlara qələbə çalması onların Ühüd məğlubiyyətindən yaranan qəmlərini artırdı.("Təfsire-bürhan”; "Təfsire-rahnüma”. )
Bildirişlər
1. Süstlüyün, ixtilafın və komandana itaətsizliyin nəticəsi döyüş meydanından qaçmaq və qəm –qüssədir.
2. Zəif nöqtələrin xatırlanması təcrübələrdən faydalanmaq səbəbidir.
3. Təhlükə zamanı adi insanlar yalnız özünü düşünür.
4. Rəhbərin fəryadı qorxaq və zəif imanlı insanlara təsir göstərmir.
5. Əmin-amanlıq zamanı məhəbbət bildirmək mühüm deyil. Çətin günlərdə həmdərdlik dostluq nişanəsidir.
6. Hamı qaçdığı zaman da rəhbər meydanda qalıb qaçanları geri çağırmalıdır.
7. Vəzifəni yerinə yetirərkən bir an diqqətsizlik və məsuliyyətsizlik bir çox çətinliklərin ardıcıl şəkildə hücum çəkməsinə səbəb olur.
8. Keçmişin çətinliklərindən dərs götürün. Dünya malını itirdiyiniz üçün və ya çətinliklərə düşdüyünüz üçün qəm yeməyin.