Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 153-cü Ayə

Surə 2
Ayə 153

Azərbaycan dilində tərcümə

Ey iman gətirənlər, səbr və namazdan kömək diləyin ki, həqiqətən Allah səbr edənlərlədir.
Əl-Bəqərə surəsi , 153-cü ayə
Əl-Bəqərə surəsi 153-cü ayə
Tam Surə

Əl-Bəqərə surəsi 153-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 153

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Ey iman gətirənlər! (Həyatın çətin hadisələri qarşısında) səbir və namazdan kömək alın. Həqiqətən, Allah səbirlilərlədir.
Nöqtələr
Bu ilahi kəlamın oxşarını bu surənin qırx beşinci ayəsində oxuduq. Allah Bəni-İsrailə buyurdu: "Çətinliklər qarşısında səbr və namazdan kömək alın.” Bu ayədə isə müsəlmanlara göstəriş verilir ki, həyatın çətinlikləri qarşısında səbir və namazdan kömək alın. Bəli, eyni dərdlərin dərmanı da eynidir.
Ümumiyyətlə, məhdud insan saysız problemlərin ağuşunda qeyri-məhdud ilahi qüvvədən yardım almasa, məhv olub gedir. Allaha bağlı insan keşməkeşlər qoynunda özünü itirmir. Çətinliklər ona böyük görünmür. Namazı qəlbin iştirakı və diqqətlə qılan kəs meraca gedir. Mənəvi pərvaz yüksək olduqca dünya çətinlikləri, eləcə də dünya ləzzətləri kiçik görünür.
İnsan nemətə qərq olduqda və çətinliyə düşdükdə uyğun ayənin göstərişlərinə əməl etməlidir.
Allah buyurmur ki, O, namaz qılanlarladır. Buyurur ki, O, səbirlilərlədir. Ona görə də elə namazın özü səbir və sabitliyə ehtiyaclıdır.("Təfsiri-Ətyabul-bəyan”, c. 2, s. 258. )
Rəvayətdə oxuyuruq ki, Həzrət Əlinin (ə) qarşısına çətinlik çıxdıqda, o, iki rəkət namaz qılardı.("Təfsiri-Rahnüma”.) Bu üsula Əbu Əli Sina da əməl etmişdir.
Səbir bütün kamilliklərin anasıdır. Döyüşdə şücaət mayası səbirdir. Günah qarşısında səbir təqva vasitəsidir. Dünya qarşısında səbir zöhd nişanəsidir. Şəhvət zamanı səbir iffət səbəbidir. İbadətdəki səbir itaət, şübhələr zamanı səbir təqva mayasıdır.("Hədid”, 4. )
Bildirişlər
1. İman əməl, təvəkkül, səbir və ibadətlə müşayiət olunarsa, faydası daha artıq olar. ("Təfsiri-bəyan”. )
2. Namaz lingdir, yük deyildir.
3. Səbir və namaz ilahi himayələrin cazibə vasitəsidir.
4. Allah hər yerdə, hər kəslə olsa da,("Nəhcül-bəlağə”, xütbə. 143. ) Onun səbirlilərlə yaxınlığının xüsusi mənası var. Bu yaxınlıq Allahın səbirlilərə məhəbbət və yardım lütfüdür.