Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 203-cü Ayə

Surə 2
Ayə 203

Azərbaycan dilində tərcümə

Sayı müəyyən olan gün (və gecə)lərdə (Zilhiccə ayının hacıların Minada olmalı olduqları on bir, on iki və on üçüncü günlərində zikr etmək, namaz qılmaq və «cəmərə»lərə daş vurmaqla) Allahı yada salın. Beləliklə (əməlləri) iki gün içərisində (yerinə yetirdikdən sonra) köç etməyə tələsən kəsə heç bir günah yoxdur. Həmçinin (üçüncü günə qədər) gecikdirənə heç bir günah yoxdur. (Bu ixtiyar ehram halında ov ovlamaqdan və qadınla yaxınlıq etməkdən) çəkinmiş kəs üçündür. Allahdan qorxun və bilin ki, sizin hamınız (axirətdə) mütləq Onun hüzuruna toplanacaqsınız.
Əl-Bəqərə surəsi , 203-cü ayə
Əl-Bəqərə surəsi 203-cü ayə
Tam Surə

Əl-Bəqərə surəsi 203-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 203

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Allahı müəyyənləşdirilmiş günlərdə (zilhiccə ayının on birinci, on ikinci və on üçüncü günlərində) yad edin. Hər kəs tələsib (Mina əməllərini) iki gündə yerinə yetirsə, onun üçün günah yoxdur və hər bir təqvalı şəxs təxirə salsa (əməlləri üç günə yerinə yetirsə) onun üçün günah yazılmır. Allahdan qorxun və bilin ki, siz Ona doğru məhşur olacaqsınız.”
Nöqtələr
"Nurus-səqəleyn” təfsirində nəql olunmuş hədisdə tövsiyə olunmuşdur: Əvvəli bayram gününün günorta namazı, sonu on üçüncü günün sübh namazı olan on beş namazın ardınca bu dua oxunur: "Allah böyükdür, Allah böyükdür, Ondan başqa məbud yoxdur. Allah böyükdür, həmd-səna Ona məxsusdur. Allah böyükdür. O səbəbdən ki, bizi hidayət etdi. Allah böyükdür, o səbəbdən ki, dördayaqlıların ətindən bizə ruzi verdi.”
Ayədə buyurulur: "Hər kəs Mina torpağından çıxmağa tələssə və on ikinci gün günortadan sonra çıxıb Məkkəyə getsə, onun üçün günah yoxdur. Eləcə də, on üçüncü gün Minada qalan üçün günah yazılmaz.
Bildirişlər
1. Duaya zamanın təsiri var.
2. Allah öz lütfü sayəsində xalq üçün yolu daraltmaz.
3. İşin əsası təqvadır. Rəvayətlərin bildirdiyinə görə burada "təqva” deyilərkən ehram halında haramlardan uzaqlaşmaq nəzərdə tutulur.
4. İstər zilhiccənin on ikinci günü tələsib Minadan çıxmaq, istərsə də təxirə salıb on üçüncü günədək orada qalmaq təqva ilə müşayiət olunmalıdır.
Tələsmək zirəkliyi göstərmək və ya başqa puç məqsədlə olsa, eləcə də, həmin yerdə artıq qalmaq özünü göstərmək və şöhrət məqsədi ilə bağlı baş versə, əməl puça çıxar.
5. Müqəddəs iş və müqəddəs məkan təklikdə kafi deyil. İnsan özü də müqəddəs və təqvalı olmalıdır. Allah evinin ziyarətçilərinə münasibətdə iki dəfə təqva sözü yanaşı işlədilmişdir. Bu, şeytanın bütün yerlərdəki nüfuzunun nişanəsidir.
6. Məada iman təqvanın ən mühüm amilidir.