NUR TƏFSİRİ: Əl-Ənam surəsi / ayə 128
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Xatırlayın,) o gün ki, Allah onların hamısını toplayar, (sonra cinlərə xitab edərək buyurar:) Ey cin qövmü! İnsanlardan xeyli (ardıcıl) tapdınız.” Onların bəşər nəslindən olan dostları deyər: "Pərvərdigara! Biz insanlar və şeytanlar bir-birimizdən bəhrələndik. İndi də bizim üçün müəyyənləşdirdiyin aqibətə çatmışıq.” Allah buyurar: "Yeriniz atəşdir və həmişə onda qalacaqsınız. Yalnız Allah istəsə, (sizdən bir dəstəni bağışlasın,) elə olmaz. Həqiqətən, sənin Rəbbin hikmət sahibi və biləndir.”
Nöqtələr
Ötən ayələrdə şeytanların işlərinə və onların vəsvəsələrinə işarə olundu. Bu ayədə isə şeytanların vəsvəsəsini qəbul edənlərin aqibəti və cəhənnəm haqqında danışılır. Quran buyruğuna görə, şeytan cin nəslindəndir. Xalqı azdıran cin elə şeytanın özüdür.
Bildirişlər
1. Öz işimizin sonunu düşünək. (Hansı ayənin əvvəlində "yovm”, yəni gün sözü işlənirsə, məqsəd belə bir günü xatırlamaqdır.)
2. Cin də insan kimi vəzifəli və azaddır. Ona da xitab olunur, o da məzəmmət edilir, ona da mükafat və ya cəza verilir.
3. Şeytan bir dəstəni azdırmaqla kifayətlənmir. O, çoxlarını yoldan çıxarmışdır.
4. Qiyamət mühakiməsi aşkardır.
5. Azdıran cinin qiyamət məzəmməti qarşısında deməyə sözü yoxdur. Yalnız onun insanlardan olan ardıcılları danışır.
6. İnsanların və cinin bəhrələnməsi qarşılıqlıdır.
7. Qiyamətdə insanlar və cin bir yerdə toplanıb məhşur olar.
8. Şeytanın vəsvəsələrinə ardıcıllıq insanı tədricən onun hakimiyyəti altına salar.
9. Azğınların cəzaları fərqlidir. Odda qalmaq Allahın iradəsindən asılıdır.
10. İlahi məhkəmənin hökmləri elm və hikmətə əsaslanır.