Əsas məzmuna keç

Əl-Ənbiya surəsi - 28-ci Ayə

Surə 21
Ayə 28

Azərbaycan dilində tərcümə

Allah onların keçmişlərindən (yaradılışlarının əvvəlindən etdikləri bütün əməllərdən) və gələcəklərindən (əbədiyyətə kimi edəcəklərindən) xəbərdardır. Onlar Allahın (əqidəsini) bəyəndiyi kəsdən başqa heç kəs üçün şəfaət etməzlər və onlar (həmişə) Allah qorxusundan xofdadırlar.
Tam Surə

Əl-Ənbiya surəsi 28-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 28

MÖHSÜN QƏRAƏTİ
13.05.2026

“(Allah) onların gələcəklərini və keçmişlərini bilir. Onlar (mələklər) yalnız Allahın razılıq verdiyi kəsə şəfaət edirlər və Onun (Allahın) qəzəbindən qorxurlar.”

Nöqtələr

“Xovf” dedikdə günahdan, “xəşyət” dedikdə ilahi əzəmətdən qorxu mənaları başa düşülür. “Xəşyət” qorxusu təzim və ehtiramla müşayiət olunur. Rəvayətdə bildirilir ki, “mən irtəza” dedikdə, “Onun dinindən razılıq var” mənası başa düşülür. İmanlı şəxs günaha yol versə belə, tövbə etdiyi üçün ilahi lütf və şəfaətdən bəhrələnir.

Bildirişlər

  1. Yalnız hər şeydən xəbərdar olan Allah qarşısında nə üçün-niyəsiz təslim olmaq əhəmiyyətlidir. Allahın hər şeydən xəbərdar olduğunu düşünmək “xəşyətlə” müşayiət olunur.

  2. Allah keçmişdən və gələcəkdən eyni dərəcədə xəbərdardır. İnsanlar isə yalnız keçmişdən xəbər tuta bilirlər.

  3. Allah qarşısında bəndəlik və təslimçilik şəfaət məqamının əldə olunması səbəbidir.

  4. Mələklər də şəfaət əhlidir.

  5. Şəfaət üçün ləyaqət lazımdır. Dinindən Allahın razı olduğu kəslər şəfaətə nail olurlar.

  6. Allahı daha çox tanımaq daha çox xəşyət yaratmalıdır. (İnsanın paklığı onun Allah əzəmətindən qorxmasına mane olmur.)