NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 3
MÖHSÜN QƏRAƏTİ
15.12.2025
"Onları rahat burax ki, yeyib-içsinlər, bəhrələnsinlər, arzuları başlarını qatsın. Tezliklə (biganəliklərinin nəticəsini) anlayacaqlar.”
Nöqtələr
"Zərhum” cümləsi ilə kafirlərin öz başlarına buraxılması məsələsi bəyan olunur. Bunun səbəbi onların azğınlığıdır. Yoxsa Allah-təala öncədən bütün insanların hidayəti üçün peyğəmbərlər göndərmiş, heç kimi özbaşına buraxmamışdır. Bu məsələyə Quranda dəfələrlə toxunulur: "Onları öz başlarına buraxırıq ki, azğınlıqlarına başları qatılsın.”; "Onlara azğınlıqlarında möhlət verərik.”
İnsanı yaşadan arzusudur. Əgər onun arzuları əlindən alınsa, fəaliyyətindən düşər. İslamda bəzi arzular tənqid olunmuşdur: uzun-uzadı arzu, əməldən çox olan arzu, əməlsiz arzu, insanın başını qatan arzu, pis iş və ya pis insanlardan xeyir əldə etmək arzusu.
Həzrət Peyğəmbər (s) buyurur: "Mən sizin üçün iki şeydən qorxuram: biri sizi haqdan uzaqlaşdıracaq nəfs istəklərinə itaət, digəri axirəti yadınızdan çıxaracaq uzun-uzadı arzular.” "Kumeyl” duasında oxuyuruq: "Uzun-uzadı arzular insanı xeyir əldə etməkdən məhrum qoyur.”
Bildirişlər
1. Təbliğ və tərbiyədə vaxtınızı ləyaqətsiz insanlara sərf etməyin.
2. İnsan bəzən küfrdə elə qərq olur ki, peyğəmbərlərin dəlil və xəbərdarlıqları da onu oyatmır.
3. İnsanı qəflətdə saxlayan, onun başını qatan arzular yersizdir. Amma insanı işə təşviq edən arzular yaxşıdır.
4. Allahın verdiyi möhləti Onun lütf və mərhəmət nişanəsi saymayaq. (Bəzən həkim xəstənin adamlarına deyir: "Bu xəstəni rahat buraxın, istədiyini yesin. Çünki iş-işdən keçib.)