NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 48
MÖHSÜN QƏRAƏTİ
16.12.2025
"Orada onlara heç bir əziyyət verilməz, oradan çıxarılası deyillər.”
Nöqtələr
"Ğill” dedikdə məxfi surətdə olan nüfuz nəzərdə tutulur. Demək, pis sifət insanda məxfi şəkildə kök atır. "Sərir” sözü taxt mənasını bildirir. Bu söz "sürur”, "şadlıq” sözündəndir. Məlum olur ki, taxta söykənmək şadlıq səbəbindəndir.
Bu ayələrdə behişt əhli üçün 8 mükafat qeyd olunur: Bağlar, çeşmələr, salamatlıq, əmin-amanlıq, kin-küdurətin aradan götürülməsi, qardaşlıq, üzbəüz taxtlar, istənilən bir əziyyət və cadudan uzaqlıq.
Əvvəlki ayədə oxuduq ki, Allahın seçilmişlərindən savay bütün xalq şeytan vəsvəsələrinin hücumuna məruz qalır. Bu ayədə buyurulur ki, əgər insan təqva mərhələsinə qədəm qoyub müxlis, (ixlaslı, xalis) mərhələsinə çatmasa, yenə bir sıra ilahi nemətlərə yetişər.
Mühüm məsələ bütün nemətlərin bir yerdə toplanmasıdır. Dünyada bağ olan yerdə çeşmə, çeşmə olan yerdə bağ olmur. Bəzən həm çeşmə, həm də bağ olan yerdə salamatlıq və ya əmin-amanlıq olmur. Bəzən də səmimiyyətdən savay bütün nemətlər bir yerə toplanır. Belə də olur ki, bütün nemətlərlə yanaşı bir sıra çətinliklərlə rastlaşırıq. Qiyamətdə isə belə deyil. Qiyamətdə maddi, mənəvi, ictimai, psixoloji baxımdan bütün nemətlər əbədi olaraq bir yerə toplanmışdır.
Bildirişlər
1. Müjdə ilə yanaşı xəbərdarlıq edilməsi tərbiyədə zəruri prinsiplərdəndir.
2. Bir neçə günlük dünyada günahdan uzaqlıq əbədi xoşbəxtliklə nəticələnir.
3. Behişt nemətləri çeşidli və çoxsaylıdır.
4. Behişt nemətlərində nöqsan yoxdur. Çeşməli bağ, əmin-amanlıqla birlikdə salamatlıq, səmimi qardaşlıq, davamlı rahatlıq behişt səciyyələrindəndir.
5. Behişt nemətləri əhatəlidir. Bu nemətlər həm bağ və çeşmə kimi maddi, həm də əmin-amanlıq və səmimiyyət kimi mənəvidir. Ən əsası isə bu nemətlərdə Allahın razılığı, təbriki və salamı var.
6. Kin-küdurət qardaşlıqla bir araya sığmır. Öncə kin aradan götürülməli, sonra qardaşlıq gerçəkləşməlidir
7. Küskünlük və narazılıq, dözümsüzlük bir tərəfin haqq, o biri tərəfin batil olmasını göstərmir. (Bəzən hər ikisi behişt əhli olan və eyni bir müqəddəs hədəfə doğru hərəkət edən iki şəxs məsələyə müxtəlif prizmalardan yanaşır. Onlardan biri o birinin işini batil sayır, qarşı tərəfə dözümsüzlük göstərir. Qiyamətdə Allahın iradəsi ilə bu sayaq kin-küdurətlər aradan qaldırılar.)
8. Kin-küdurəti aradan qaldırmaq üçün Allahdan yardım almaq lazımdır.
9. Pis sifət buxov və zəncir kimi insanı əsir edir.
10. Behişt əhli üçün müxtəlif dərəcələrdən olmaq problem yaratmır.