NUR TƏFSİRİ: Hud surəsi / ayə 40
“Qəhr-qəzəbiniz gəlincə, təndir qaynayınca (onların küfr və istehzası
davam etdi). Biz (Nuha) dedik ki, hər zövcdən bir cütünü və (əzab) və`d
olunmuşlar istisna olmaqla öz ailəni, iman gətirən kəsləri (gəmiyə) mindir.
Kiçik bir dəstədən savay onunla birlikdə iman gətirən olmamışdır.”
Nöqtələr
◘“Tənnur” dedikdə bizim dilimizdəki təndir mə`nası başa düşülür. Təndirin
qaynaması tə`biri iki cür anlaşıla bilər: ilahi qəhr-qəzəb o qədər şiddətlənmişdir
ki, hətta təndirdən, alovun içindən su qaynayıb çıxır; təndirdən suyun qaynaması
ilahi əzabın başlamasına işarə ola bilər.
◘Bə`zi rəvayətlərə əsasən, həzrət Nuh gəmiyə heyvanlarla yanaşı müxtəlif
ağaclar da götürmüşdü.
Belə anlaşılır ki, cütlük (erkək-dişilik) təkcə heyvanlara
aid deyil. “Hər zövcdən bir cüt” tə`biri bütün mövcudlara aid ola bilər.
Rəvayətlərdə belə bir açıqlama verilir ki, “hər zövcdən bir cüt” dedikdə hər
növdən bir cüt əhliləşmiş, bir cüt vəhşi zövcün gəmiyə mindirilməsi nəzərdə
tutulur.
◘“Ruhul-Məani” təfsirində bildirilir ki, həzrət Nuhun dörd oğlu vardı: Tufanda
həlak olmuş Kən`an, ərəb atası Sam, Sudan atası Ham, türk atası Yafis.
Rəvayətlərdə bildirilir ki, Nuhun özü ilə gəmiyə götürdüyü mö`min bir qızı vardı.
◘Hədisdə bildirilir ki, Allah-təala Nuh qövmünə əzab nazil etmək istədikdə 40
il müddətinə onların qadınlarını sonsuz saxladı.
Bildirişlər
1. Kafirlər ilahi qəzəbə düçar olanadək məsxərə etdilər.
2. Həzrət Nuhun əhvalatı böyük əhəmiyyətə malikdir.
3. Suyun istənilən şəkildə qaynaması Allahın əmrinə tabedir.
4. Yaranışın da, məhvin də səbəbi Allahdandır. O, od dolu təndirdən su
qaynadır, atəşi İbrahimə gülüstan edir, həyat qaynağı olan su bir nəslin məhvinə
səbəb olur.
5. Heyvan və canlı varlıqların nəsli qorunmalıdır.
6. Əqidə bağlılıqları ailə bağlılıqlarından üstündür. Nuhun zövcəsi və oğlu
gəmiyə götürülmədi.
7. Haqq tərəfdarları tarix boyu az olmuşdur.
Rəvayətlərdə ayədəki “az” sözünün Nuha iman gətirmiş 80 nəfərə işarə olduğu
bildirilir.