NUR TƏFSİRİ: Hud surəsi / ayə 49
“(Ey peyğəmbər,) bunlar sənə vəhy etdiyimiz qeybi xəbərlərdəndir.
Bundan öncə nə sən, nə də sənin qövmünün bundan xəbəri vardı. Səbir et ki,
həqiqətən, aqibət, (qələbə) müttəqilər üçündür.”
Nöqtələr
Qur`anda Nuhun siması;
◘Həzrət Nuhun adı Qur`anda qırx dəfə yad olunsa da onun anadan olduğu yer,
peşəsi, vəfatı və dəfn yeri haqqında mə`lumat verilmir. Çünki bəşəriyyət üçün
Nuhun həyat tarixçəsi yox, rəftarları ibrətdir.
◘Həzrət Nuhun əhvalatı Qur`anın altı surəsində zikr olunmuşdur: “Ə`raf”,
“Hud”, “Mu`minun”, “Şuəra”, “Qəmər”, “Nuh”. Bu əhvalat, “Hud” surəsində
daha ətraflı bəyan olunmuşdur.
◘Nuh ilk ülul-əzm peyğəmbərdir. Onun ümumbəşəri risaləti, kitabı və şəriəti
vardı.
Həzrət Adəmdən sonra bu ülul-əzm peyğəmbərin bes`əti şirk, bütpərəstlik və
zülmün genişlənmə dövrünə təsadüf edir. Nuhun proqramını tövhid, namaz, əmr
be mə`ruf və nəhy əz münkər, ədalət və sədaqət mövzuları təşkil edirdi.
◘Həzrət Nuhun risalət müddəti doqquz yüz əlli il olmuşdur. Sonra Allah ona
də`vətinin qəbul olunmayacağını bildirdikdə, Nuh mə`yus oldu və nifrin etdi.
Nəticədə Nuhun zövcəsi və övladı kafirlərlə birlikdə qərq oldu.
◘Həzrət Nuh bəşərin ikinci atası, Adəm, və İdris peyğəmbərdən savay bütün
peyğəmbərlərin atası seçildi. Allah ona salam göndərdi.
◘Həzrət Nuhun əhvalatı azca fərqlə Tövratda nəql olunmuşdur. Kəldanilərin,
hindilərin, çinlilərin, yunanların, farsların kitabları zalım və günahkar xalqın
Allahın qəzəbinə gəlməsini Nuhun tufanının səbəbi kimi göstərir. Zərdüştilərin
müqəddəs kitabı Avestada bütün insanları qərq edəcək tufandan danışılır.
Cəmşidə vəhy olunur ki, hündür bir divar ucalt, saleh kişiləri və qadınları, eləcə
də hər heyvandan bir cütünü orada yerləşdir.
◘Həzrət Nuhun risaləti ümumbəşəri idi. Nifrini ilə bütün kafirlərin qərq olması
onun peyğəmbərlik əhatəsini sübut edir. Əgər həzrət Nuh bir məntəqəyə
peyğəmbər göndərilsəydi, gəmiyə hər heyvandan bir cüt götürməyə ehtiyac
qalmazdı. Şübhəsiz, ki, bu iş yer üzündə heyvan nəslinin qorunması üçün idi. (Əlminar” təfsirində iddia olunur ki, həzrət Nuh bir məntəqəyə peyğəmbər
göndərilmişdir. Amma “əl-mizan” təfsiri bu iddianı qətiyyətlə rədd edir.)
◘Həzrət Nuhun əhvalatı min illik bir tarixdir. Bu tarixdə yer üzünü əhatə edən
sel, bir nəslin məhvi və yeni bir cəmiyyətin bünövrəsinin qoyulması, haqqın batilə
qələbəsi, peyğəmbər nifrinin qəbulu, əqidəyə görə ata ilə oğul arasında rabitənin
kəsilməsi, varlıq aləminin Allah göstərişinə təslim olması, heyvan nəslinin
qorunması, gəmiqayırma mövzuları özünə yer almışdır.
◘Bu əhvalat göstərir ki, insan peyğəmbər moizələrinin tə`sir etmədiyi bir
səviyyəyə alçala bilər. Bu sayaq alçalmış insan peyğəmbər ardıcıllarını əskik
sayıb, Allahın qəzəbindən dağa sığınmaq fikrinə düşür!
Bildirişlər
1. Qur`an bəşər tarixi ilə tanış olmaq üçün ən üstün mənbədir.
2. Tarixin bir çox səhnələri bəşər üçün qaranlıqdır. Bunlardan biri də həzrət
Nuhun tarixidir.
3. İslam Peyğəmbəri (s) və xalqın həzrət Nuhun tarixi ilə tanış olmaq üçün
vəhydən başqa yolu yox idi.
4. Ən dəqiq və ən faydalı mə`lumatı vəhy yolu ilə əldə etmək olar. Çünki vəhy
heç bir kənar tə`sirin dəyişmədiyi sonsuz elm çeşməsidir.
5. Peyğəmbərlər yalnız Allahın istədiyi həddə qeyb elmindən xəbərdardırlar.
6. Ötən peyğəmbərlərin tarixi və taleyi növbəti rəhbərlər üçün böyük təsəllidir.
7. Həm səbir zəruridir,həm də təqva. Səbir və təqva qələbə şərtidir.
8. Nəhayətdə haqq qalibdir, batil məğlub!