NUR TƏFSİRİ: İbrahim surəsi / ayə 36
MÖHSÜN QƏRAƏTİ
03.12.2025
"Pərvərdigara! Həqiqətən, bütlər insanların çoxunu azdırmışdır. Mənə itaət edən, şübhəsiz, məndəndir. Mənə müxalif olan (bilsin ki, tövbə etsə) həqiqətən, Sən bağışlayan və mehribansan.”
Nöqtələr
Sual: Necə ola bilər ki, daşdan və ağacdan düzəldilmiş bütlər insanı azdırsın?
Cavab: Əvvəla, büt təkcə cansız cisimlər deyil. Bəzən insanlar və zalım hakimlər də büt olur. İkincisi, sənət və bər-bəzək əşyalarının da cazibəsi var. Üçüncüsü, bəzən insan cəhalət səbəbindən daş və ağacı da qiymətli sayır.
Əgər bu ayəni əvvəlki ayə ilə birlikdə mənalandırsaq müsbət nəticə əldə edərik. Ötən ayədə İbrahim dedi: "Pərvərdigara, övladlarımı bütpərəstlikdən uzaq et.” Bu ayədə isə deyilir: "Müvəhhid və mənə tabe olan kəs məndəndir.” Bu baxımdan, bütün müvəhhidlər (təkallahçılar) İbrahim məktəbinin övladları sayılır. Həzrət Peyğəmbər (s) buyurur: "Mən və Əli bu ümmətin məktəb atalarıyıq.” Müşrik isə peyğəmbər övladı olmasına baxmayaraq rədd olunur.
Həzrət Əli (ə) buyurur: "Həqiqətən, Allaha itaət edən kəs Muhəmmədə (s) qohum olmasa da, onun dostudur. Allaha itaətsizlik göstərən kəs Peyğəmbərin (s) qohumu olsa da, onun düşmənidir.”
Bildirişlər
1. Büt yonma kimi sənət işi azğınlıq səbəbi ola bilər, çünki bütlər bir çoxlarını azdırır.
2. Dindarlıq şüarla ölçülmür. Əsl dindarlıq üçün saleh əməl və göstərişlərə itaət şərtdir.
3. Səmavi rəhbərlər və mömin xalq arasında məktəb bağlılığı mövcuddur.
4. Peyğəmbərlər hətta öz müxaliflərinə də qayğı göstərmiş, onları məyus etməmişlər.
5. Peyğəmbərin göstərişinə qarşı müxaliflik Allahla müxaliflikdir.