Əsas məzmuna keç

Əl-İsra surəsi - 23-cü Ayə

Surə 17
Ayə 23

Azərbaycan dilində tərcümə

Və Rəbbin Ondan başqasına ibadət etməməyinizi və ata-anaya (öz valideyinlərinizə) yaxşılıq etməyinizi qəti hökm etdi. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağlarına yetişsələr (onların zəhmət yaxud sərt davranışları müqabilində narahatlığını büruzə vermə, hətta) onlara «uf» demə, üstlərinə qışqırma, kobud söz demə və onlara xoş söz de.»
Əl-İsra surəsi , 23-cü ayə
Əl-İsra surəsi 23-cü ayə
Tam Surə

Əl-İsra surəsi 23-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 23

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Rəbbin qərar vermişdir ki, Ondan qeyrisinə tabe olmayasınız, ata-anaya yaxşılıq edəsiniz. Əgər onlardan biri və ya hər ikisi sənin yanında bir həddə çatsa, onlara (hörmətsizliklə) "uf” demə, onları yanından qovma, onlarla ölçülü və xoş danış.”
Nöqtələr
Hədislərdə valideynə ehsanla bağlı xeyli tapşırıqlar var. Eləcə də, valideyni incitmək məzəmmət olunmuşdur:
Valideynə mərhəmətli bir baxışın mükafatı qəbul olunmuş həccin mükafatıdır. Ata-ananın razılığı Allahın razılığı, onların qəzəbi Allahın qəzəbidir. Ata-anaya ehsan ömrü uzadır, övladların da öz növbəsində bizə ehsan etməsinə səbəb olur. Hədislərdə deyilir: Valideyn səni vursa belə "uf” demə, çəpəki baxma, əl qaldırma, yolda onlardan qabağa keçmə, onları adları ilə çağırma, xalqın valideyni qınamasına səbəb olası iş görmə, onlardan qabaq oturma, səndən kömək istəməmiş onlara əl tut.”("Təfsiri-Məcməul-Bəyan” )
Bir şəxs anasını çiyninə alıb Kəbə evini təvaf edirdi. Bu şəxs Peyğəmbəri (s) görüb soruşdu: "Anamın haqqını ödəmişəmmi?” Həzrət buyurdu: "Hətta onun doğuş vaxtı çəkdiyi bir nalənin əvəzini ödəməmisən.”("Təfsiri-Furqan” )
Həzrət Peyğəmbərdən (s) soruşdular: "Ölümündən sonra da valideynə ehsan lazımdırmı?” Həzrət buyurdu: "Bəli, onlar üçün namaz qılmaq, bağışlanmalarını diləmək, əhdlərinə vəfa qılmaq, borclarını ödəmək, dostlarına ehtiram göstərməklə (ehsan edin).”("Kafi”, c. 2, s. 157 )
Bir şəxs öz atasından Peyğəmbərə (s) şikayətləndi. Həzrət onun atasını çağırıb, bu işin səbəbini soruşdu. Qoca ata dedi: "Bir zaman mən güclü və pullu idim. Övladıma kömək edirdim. Bu gün o pulludur, mənə əl tutmur.” Həzrət Peyğəmbər (s) ağladı və buyurdu: "Bu əhvalatı eşidib ağlamayan daş yoxdur!” Sonra övlada üz tutub buyurdu: "Sən də, sənin var-dövlətin də atana məxsussunuz.”(Bax: "Məryəm”, 39; "Məryəm”, 14 )
Hədisdə deyilir: Valideyn övladı vursa belə övlad "Allah sizi bağışlasın” desin. Bu, ayədəki "qovlən kərima” ifadəsinin bir nümunəsidir("Bihar”, c. 16, s. 95 )
Valideynə ehsan peyğəmbər sifətlərindəndir. Həzrət İsa (ə) və həzrət Yəhya (ə) valideynə ehsanına görə mədh olunur(Təfsiri-Nurus-Səqəleyn”, "Həcc”, 78 )
Valideyn dedikdə təkcə doğma ata-ana nəzərdə tutulmur. Bəzi rəvayətlərə əsasən həzrət Peyğəmbər (s), Əmirəl-möminin (ə) ümmətin atası sayılır("Bihar”, c. 75, s. 302 ). Eləcə də, həzrət İbrahim (ə) ərəblərin atası sayılmışdır("Təfsiri-Nurus-Səqəleyn” )
Valideynlər ilahi tapşırıqlar sırasında adlarının tövhiddən sonra gəldiyini bilsələr, övladlarını tövhidə daha həvəslə dəvət edərlər.
Bildirişlər
1. Tövhid ilahi tapşırıqlar sırasında birinci yerdə dayanır.
2. Ata-anaya xidmət və ehsan həqiqi müvəhhidə (təkallahçıya) xas xüsusiyyətlərdəndir.
3. Tövhidə əmr kimi, valideynə yaxşılıq əmri də qəti və dəyişməzdir.
4. Valideynə ehsan əmrinin tövhid və Allaha itaət əmri ilə yanaşı gəlməsi bu işin əqli və insani vəzifə baxımından, eləcə də, şəri baxımdan vacibliyini göstərir.
5. Yeni nəsil iman sayəsində ötən nəslə möhkəm bağlanmalıdır.
6. Valideynə ehsan üçün onların müsəlman olması şərt deyil.
7. Valideynə ehsan edərkən ata və ana arasında fərq qoyulmur.
8. Ata-anaya vasitəsiz, öz əlinizlə yaxşılıq edin.
9. Ehsan infaqdan üstündür. Məhəbbət, ədəb, təhsil, məşvərət, itaət, təşəkkür, qayğı və bu kimi başqa işlər ehsandır.
10. Valideynə ehsanın həddi-hüdudu yoxdur. (Ehsan doyanadək davam edən fəqirlik, fitnə aradan qalxanadək aparılan cihad, gün batanadək uzanan orucluq kimi deyil).
11. Qurandakı ehsan göstərişi valideynə yox, övladlara ünvanlanıb. Çünki valideynin tapşırığa ehtiyacı yoxdur, o təbii şəkildə öz övladına ehsan edir.
12. Valideynin fiziki və mənəvi ehtiyacı artdıqca ona ehsan etmək daha zəruri olur.
13. Qoca ata-anamızı qocalar evinə aparmayaq, öz yanımızda saxlayaq.
14. Əgər Quran adi bir yolçunu incitməyə qadağa qoyursa, məlum məsələdir ki, ata-anaya necə diqqət göstərilməlidir.
15. Həm ehsan, həm də gözəl danışıq zəruridir. (Ehsan etdikdən sonra gözəl danışmaq valideynlə ən mühüm rəftar qaydalarındandır.)
16. Valideynə ehsan və gözəl danışıq məsələsi ilə bağlı "qarşı tərəf kimi hərəkət etmək” prinsipinə yer verilməmişdir. Yəni valideyn övladla pis rəftar etsə də, övlad onunla yaxşı rəftar edib, gözəl danışmalıdır.