NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 35
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Peymanə (xüsusi ölçü qabı) ilə alış-veriş etdikdə peymanəni doldurun. Tərəzi ilə düzgün çəkin. Bu, daha yaxşıdır və sonu xoşdur.”
Nöqtələr
"Qistas” sözü ədalət mənasını bildirən "qist” və tərəzi gözünü bildirən "tas” sözlərindən düzəlmişdir.(Bax: "Bəqərə”, 282 )Hədisdə deyilir: "Məsum imam İslam cəmiyyətində "qistasil-müstəqim” nümunəsidir.("Şüəra”, 181-183 )
Alış-veriş və müamilədə xalqın hüquqlarının qorunması o qədər mühüm məsələdir ki, Quran bu məsələ üzərində təkrar-təkrar dayanır. Quranın ən böyük ayəsi(Bax: "Nur”, 24; "Yasin”, 65; "Fussilət”, 20 ) bu mövzuya həsr olunmuşdur və "Mutəffifin” surəsi bu münasibətlə adlandırılmışdır. Bəzi peyğəmbərlərin, eləcə də, həzrət Şüeybin ilkin dəvəti əskik satmamaq, düzgün alış-verişlə bağlıdır.("Təfsiri-Nurus-Səqələyn” )
Bildirişlər
1. Müsəlman bazarında saxtakarlığa və əskik satışa yol verilməməlidir. Bu bazarın satıcısı etibarlı, düzgün və hesab-kitablı olmalıdır.
2. Düzgün çəki və ölçü ötən ayədə qeyd olunduğu kimi əhdə vəfa nümunəsidir. Müamilə də bir növ öhdəçilikdir.
3. Tərəzi, ölçü vasitələri, alış-veriş hesabatları sağlam və dəqiq olmalıdır.
4. Tərəzi, ölçüyə və hesaba diqqət xeyir-bərəkət amilidir. Əskik satmaq insanı xeyir-bərəkətdən məhrum edir.
5. İlahi göstərişlərin məqsədi insanın öz xeyrinədir.
6. İqtisadi məsələlərdə düzlük əskik satmaqla əldə olunan var-dövlətdən üstündür. Düzgün alış-verişin, xalqın hüquqlarına riayət etməyin faydası insanın özünə aiddir. Əgər düzlük insana qarşı etimad yaradırsa, əskik satmaq, ölçüdə aldatmaq etimadı aradan götürür. Demək, yaxşı sonluq düzlükdən asılıdır.
7. Düzgün alış-veriş xoşbəxtlik səbəbidir.
Əskik satmaq müvəqqəti fayda versə də, insan dünyəvi etibarını itirib axirət əzabı qazanmaqla özünü bədbəxt edir.