Əsas məzmuna keç

Əl-İsra surəsi - 33-cü Ayə

Surə 17
Ayə 33

Azərbaycan dilində tərcümə

Və Allahın (bütün şəriətlərdə toxunulmazlıq hüququ verdiyi və öldürülməsini) haram buyurduğu canı, (qisas, dindən dönmə və şər’i hədlər kimi) haqq (əsaslar) istisna olmaqla öldürməyin. Biz məzlumcasına (haqsız yerə) öldürülmüş şəxsin qəyyumuna hökmranlıq (qisas almaq, qanbahası almaq və yaxud bağışlamaq ixtiyarı) vermişik. Beləliklə, o, öldürmək zamanı həddi aşmamalıdır (işkəncə verməməli, öldürdüyü şəxsin bədən üzvlərini kəsib-doğramamalı, yaxud bir nəfərdən artıq öldürməməlidir). Çünki ona (bu hökmün çıxarılması ilə) kömək olunmuşdur (və qisas alınan şəxs də, məhkumiyyətindən artıq cəzalandırılmamaq barəsində Bizim köməyimiz altındadır).
Tam Surə

Əl-İsra surəsi 33-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 33

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Allah tərəfindən (qətli) haram edilmişi haqsız yerə öldürməyin. Şübhəsiz, zülmə məruz qalaraq öldürülənin sahibinə (qisas üçün) ixtiyar verdik. O da öldürməkdə (qisasda) ifrata varmamalıdır. Çünki ona (ədalət əsasında) himayə göstərilmişdir.
Nöqtələr
"Fəla yusrif fil-qətl”, yəni qisasda həddi aşmayın, cahiliyyət dövründə olduğu kimi, əl-ayağı kəsməyin.
İnsan həyatına son qoymaq kəbirə günahdır. Qisas və fəsad istisna olmaqla, fəsad törətməmiş şəxsi öldürmək bütün xalqı öldürmək kimidir.("Maidə”, 33 ) Belə bir qətlin cəzası əbədi cəhənnəmdir.(Təfsiri-Nurus-Səqəleyn” ) Silah çıxaran, ölümlə hədələyən hər bir kəs üçün də fəsad və hücum ünvanı ilə eyni cəza nəzərdə tutulmuşdur.(Bax: "Nisa”, 10 )
Ayədəki "vəliyy”, yəni "sahib” sözü həm də həzrət Mehdiyə (ə) aid edilmişdir. Həzrət Mehdi (ə) əziz babası imam Hüseynin (ə) qanını alasıdır.(Bax: "Bəqərə”, 220 )
Allahın məzlumu himayə etməsi, haqsız olaraq qətlə yetirilənin sahibinə qisas haqqı verilməsi nahaq qətllərin, eləcə də, qisasda ifratın qarşısını alan amildir.
Bildirişlər
1. Hər bir insanın yaşamaq haqqı var. Hətta müsəlmanla savaşda olmayan qeyri-müsəlmanların toxunulmazlıq haqqı var.
2. İlahi qanunlar əmr və qadağaların mehvəridir.
3. İntihar (insanın özünü öldürməsi) haramdır.
4. İslam baxımından qisas, müdafiə, mürtədlik, livat (həmcinsbazlıq), nigahda olanla zina ilə bağlı qətl hökmü verilə bilər.
5. Məzlum kimliyindən asılı olmayaraq himayə edilməlidir.
6. Qisas hökmü məzlumların himayəsi üçün nəzərdə tutulmuşdur.
7. Qətlə yetirilənin sahibi qisas haqqına malikdir.
8. Qisas zamanı insan öz qəzəbini cilovlamalı və ədaləti gözləməlidir. İslam hətta təcavüzkarlara qarşı ədalətsiz rəftara yol vermir. Qətlə yetirilənin sahibi qisas haqqından istifadə edib bir nəfərin əvəzinə bir neçəsini öldürə bilməz.
9. Qisasda qatilin əl-ayağını kəsməyin, namərdliyə yol verməyin.
10. Məzlumun himayəsi ilahi sünnələrdəndir.