NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 36
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Bilmədiyin işin ardınca getmə. Çünki qulaq, göz və qəlb hər biri sorğuya çəkiləcək.”
Nöqtələr
Ayədə göz, qulaq və qəlbə nümunə olaraq işarə edilə bilər. Çünki qiyamətdə insanın əl-ayağı, bədən üzvləri də sorğuya çəkilər.(Bax: "Loğman”, 61) Bədən üzvləri dilə gəlib günahları etiraf edər. Ola bilsin ki, məhz bu səbəbdən göz, qulaq və qəlb başqalarına itaət vasitəsi sayılır.
Kor-koranə təqlid, puç adət və təxəyyüllərə ardıcıllıq, ata-babalara itaət, öncəgörmələrə, yuxulara, ehtimallara, gümanlara və elmi əsassız mühakimələrə inam, dəlilsiz şahidlik, elmi əsası olmayan sitayiş və ya tənqid, rəy əsasında təfsir və təhlil, şayiələri nəql etmək, elmi əsası olmayan xüsusiyyətləri Allaha və dinə aid etmək, həyəcanlı və böhranlı şəraitdə qərar çıxarmaq, yalan and və göz yaşlarına istinad "la təqfu ma ləysə ləkə bihi ilmun” ("bilmədiyinə itaət etmə”) nümunələrindəndir və qadağandır.
Mütəvatir və mötəbər rəvayətlərə əsasən, müctəhidin fətvası, yəqinə yaxın əminlik sayılan elm kimi şəri əsaslara itaət, əslində elmə ardıcıllıqdır. İnsanlar peşəkar həkimin nüsxəsi əsasında əminlik əldə etdikləri kimi, mötəbər və təqvalı müctəhidin fətvası əsasında Allahın hökmünə əmin olurlar. Elmin "elmul-yəqin”, "həqqul-yəqin”, "eynul-yəqin” kimi mərhələləri olsa da, yuxarıda zikr olunan mərhələ yetərlidir.
Məsum imamlar öz səhabələrini hər sözü dinləyib danışmaqdan çəkindirmişlər. Onlar tövsiyə edirlər ki, insan öz qəlb və qulağının keşikçisi olmalıdır. Onlar öz münasibətlərində hazırkı ayəyə istinad etmişlər.
Bir şəxs ayaq yoluna gedərkən qonşudakı musiqi səsini dinləmək üçün orada yubanardı. İmam (ə) bu şəxsi məzəmmət edərək hazırkı ayəni tilavət etdi və buyurdu: "Qulaq eşitdiklərinə, göz gördüklərinə, qəlb öz xatirələrinə görə sorğuya çəkilər.” İmam Səccad (ə) isə belə buyurur: "İnsanın haqqı yoxdur ki, hər nə istəsə danışsın.”(Bax: "Furqan”, 63 )
Bildirişlər
1. İnsan həqiqi elm və düzgün məlumat, məntiq və bəsirət əsasında yaşamalıdır.
2. Şayiə bazarını qızışdırmayaq, eşitdiyimiz əsassız sözləri ona-buna nəql etməklə insanların şəxsiyyətini alçaldıb, hüquqlarını ayaq altına salmayaq.
3. Quran sadə xalqı öz ətrafına toplayan sehrbazları, kahinləri, falçıları tənqid atəşinə tutur.
4. İnsan təkcə hiss üzvləri ilə məlumat toplamır, qəlb də ətrafla tanışlıq vasitələrindəndir.
5. Qiyamətdə insanın qəlbindən ötənlər və niyyətləri də sorğuya çəkilər.
6. Qiyamət və Allah sorğusuna iman təqva amilidir.
7. İnsanın öz fiziki və digər imkanlarından düzgün faydalanmamasının cəzası var.