NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 44
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Yeddi qat göy və yer, eləcə də, onlarda olanlar Allaha təsbih deyir. Hər şey ona sitayişdədir, Onun pak olduğunu bildirir, amma siz onların təsbihini anlamırsınız. Həqiqətən, O, həlim və bağışlayandır.”
Nöqtələr
Ayədə deyilir: Bütün varlıq aləmi Allaha təsbih edir, səcdə qılır, qunut tutur. Bəzi təfsirçilər bu təsbihi təkvini (fitrətdən gələn, təbii) təsbih sayırlar. Yəni aləmdəki hər bir zərrənin quruluşu Allahın iradə, hikmət, elm və ədalətini göstərir.
Bəziləri bu əqidədədir ki, varlıq aləminin şüur və biliyi var. Hər bir varlıq Allaha təsbih deyir, sadəcə, biz bu səsi eşitmirik. Belə bir baxış ayənin zahirinə müvafiqdir. Əşyanın nitqi ola bilər, çünki qiyamətdə hər bir varlığın dilə gələcəyi təsdiqlənir.("Təfsiri-Nurus-Səqəleyn” )Hətta daşın da elmi və qorxusu var. Daş Allah qorxusundan dağdan yuvarlanır.("Təfsiri-Nurus-Səqəleyn” ) Həzrət Süleyman qarışqa dilini bilirdi, quşların nitqini anlayırdı. Xalqın yolunu azmasından xəbər tutan hüd-hüd quşu (şanapipik) bu barədə Süleymanı məlumatlandırdı. Allah dağlara müraciət edir: "Ey dağlar! Davudla birlikdə yalvarın.”("Təfsiri-Nurus-Səqəleyn” ) Quranda başqa mövcudların da Allaha təsbih deməsindən danışılır.
Aləmdə hər zərrə, içində hər an
Səninlə danışır gündüz və axşam.
Deyirlər dinləyib görürük, amma
Qalmış təsbihimiz, gizli insana.
Heyvanların və sair mövcudların Allaha təsbih deməsi rəvayətlərdə də təsdiqlənir. O cümlədən:
a) Heyvanların üzünə sillə vurmayın. Onlar Allaha təsbih deyir.(Təfsiri-Ruhul-Cinan” )
b) Allaha təsbih deməyən heyvan ovçuya şikar olar.(Təfsiri-Əl-Mizan”)
c) Yalnız Allaha təsbihi tərk edən ağac kəsilir.("Bihar”, c. 95, s. 372 )
d) Peyğəmbərin (s) əlindəki çınqıl onun peyğəmbərliyinə şəhadət verdi.(Bax: "Bəqərə”, 2 )
e) Bal arısı Allaha təsbih deyir.(Bax: "Bəqərə”, 6 )
Bütün bu rəvayətlər gerçək təsbihdən danışır.
Bildirişlər
1. Bütün varlıq aləmi Allaha təsbih deyirsə, nə üçün insan bu karvandan geri qalmalıdır?!
2. Səmalarda da diri və şüurlu varlıqlar mövcuddur.
3. Varlığın təsbihi həmd və sitayişlə müşayiət olunur.
4. Biz təsbih olduğunu anlamadığımız səslər eşidirik.
5. Bütün varlıq aləmi şüurludur, sadəcə, insanın varlıq aləmi haqqında məlumatı naqisdir.
6. Həqiqət yalnız haqq əhlinə açıqlanır.
7. Allah elm və mərhəmətinə xatir xurafi əqidələrə, rəva olmayan sözlərə dözür. Əgər tövbə edib haqq yola qayıtsaq, şübhəsiz, bağışlanarıq.