Əsas məzmuna keç

Əl-İsra surəsi - 67-ci Ayə

Surə 17
Ayə 67

Azərbaycan dilində tərcümə

Dənizdə sizə (suda batmaq qorxusunun yaranmasına səbəb olan) bir çətinlik və müsibət üz verən zaman, Ondan başqa, (ibadət üçün) çağırdıqlarınızın hamısı (fikrinizdən) itər (diqqətiniz yalnız Ona yönələr). Sizə nicat verib quruya çıxaranda isə (Ondan) üz döndərərsiniz. İnsan həmişə çox nankordur.
Əl-İsra surəsi , 67-ci ayə
Əl-İsra surəsi 67-ci ayə
Tam Surə

Əl-İsra surəsi 67-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 67

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Əgər dənizdə bir çətinliyə düçar olsanız, Allahdan qeyri çağırdıqlarınız məhv olub itər. Elə ki, (Allah) sizə nicat verib quruya çatdırdı, Ondan üz döndərərsiniz. İnsan çox nankordur.”
Nöqtələr
Tövhidin fitri olma dəlillərindən biri budur ki, insan çətinliyə düşüb hər şeydən əlini üzdüyü vaxt qeybi bir nöqtəyə üz tutur, ondan kömək gözləyir.
Kafir bir şəxs imam Sadiqdən (ə) Allahın varlığına dəlil istədi. Həzrət soruşdu: "Bu vaxtadək hadisə ilə üzləşmiş bir gəmiyə süvar olmusanmı?” Həmin şəxs dedi: "Bəli, bir dəfə dəniz səfərində gəmimiz zədələnib batdı və mən bir taxta parçasından yapışdım.” İmam buyurdu: "Həmin vaxt qəlbində səni xilas edəsi qeybi bir güc haqqında düşünürdünmü?” Dedi: "Bəli.” İmam buyurdu: "Həmin qeybi qüdrət Allahdır.”
Bildirişlər
1. Mövsümi, müvəqqəti iman və tövbə dəyərsizdir.
2. Təhlükə girdabında insan təkallahçı olur, zahiri və xəyali vasitələrin yetərsizliyi üzə çıxır.
3. Maddi vasitələrdən uzaqlıq həqiqətlərin ən üstün dərk amilidir.
4. Allahdan savay bütün məbudlar puç olasıdır.
5. Xalisanə (ixlaslı, səmimi) dua qəbuldur.
6. Asayiş, əmin-amanlıq qəflət amilidir.
7. Dünya cazibələri o qədər aldadıcıdır ki, insan təhlükədən qurtardıqdan bir saat sonra hər şeyi unudur.
8. Qurtuluşdan sonra Allahı unutmaq kafirlərin aşkar sifətlərindəndir.